Şuşada tarixi görüş: Türk dövlətləri dini əməkdaşlığı gücləndirir
Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü keçirilib. Türk dünyasında dini əməkdaşlığın inkişafı baxımından mühüm hadisə hesab olunan bu toplantı ortaq mənəvi dəyərlərin qorunması, dini sahədə əməkdaşlığın gücləndirilməsi, məzhəblərarası dialoqun təşviqi və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Eyni zamanda, görüşün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi həm siyasi, həm də mənəvi baxımdan xüsusi rəmzi məna daşıyır. Bu, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq əhəmiyyətli tədbirlərin davamlı şəkildə təşkil olunduğunu və Şuşanın Türk dünyasının ortaq dəyərlərini bir araya gətirən mühüm platformaya çevrildiyini göstərir. Bəs bu görüş Türk dünyasının gələcək əməkdaşlığı baxımından hansı əhəmiyyəti daşıyır?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama
veriblər.
Milli Məclisin deputatı Azər Allahverənov
açıqlamasında qeyd edib ki. bir neçə gün əvvəl Naxçıvan şəhərində Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin QHT platforması çərçivəsində Türk dünyasının
qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın perspektivlərinə həsr olunmuş
genişmiqyaslı tədbir keçirilmişdi. Həmin tədbirdə çoxsaylı təkliflər irəli
sürüldü. Bu təkliflər sırasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müxtəlif
dini qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi məsələsi də
yer alırdı. Bu təklif səsləndirilərkən mən də həmin təşəbbüsə müsbət münasibətimi
ifadə etməklə yanaşı, dini qurumlar arasında əməkdaşlıq platformasının
yaradılmasının və inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirlərimi
bölüşdüm. Bu yanaşma tədbir iştirakçıları tərəfindən açıq şəkildə dəstəkləndi və
yüksək qiymətləndirildi. İndi isə Şuşadan çox sevindirici bir xəbər gəlir. Məlum
olduğu kimi, burada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər
üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşünün keçirilməsi nəzərdə tutulur.
Hesab edirəm ki, bu görüş gələcəkdə dini qurumlar arasında əməkdaşlığın daha
geniş şəkildə qurulmasına və bütün iştirakçıların ortaq narahatlıq doğuran məsələlərə
vahid mövqedən yanaşmasına mühüm töhfə verəcək. Bu baxımdan dini məsələlər üzrə
dövlət qurumları rəhbərlərinin ilk görüşünü yüksək qiymətləndirirəm və düşünürəm
ki, bu təşəbbüs bir neçə aspektdən xüsusi əhəmiyyət daşıyır. Əvvəla, bu, siyasi
baxımdan mühüm hadisədir. Çünki söhbət bu gün dünyada ən həssas sahələrdən biri
hesab olunan dini məsələlər üzrə məsul dövlət qurumlarının rəhbərlərinin ilk dəfə
bir platformada bir araya gəlməsindən gedir. Digər tərəfdən, bu görüş mənəvi
baxımdan da böyük əhəmiyyət kəsb edir. İlk növbədə onu göstərir ki, Türk dövlətləri
arasında əməkdaşlıq artıq təkcə siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələri
əhatə etmir, həm də dini müstəvidə inkişaf etdirilməsi istiqamətində konseptual
yanaşma formalaşır. Gələcəkdə qəbul olunacaq müxtəlif sənədlərdə də bu istiqamətin
bu və ya digər formada öz əksini tapacağını istisna etmək olmaz.

Deputat əlavə etdi ki, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər əsasında əməkdaşlığın institusional xarakter almasını nümayiş etdirən bu hadisə Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni əməkdaşlıq istiqamətinin formalaşdığını göstərir: “Xüsusilə bu tədbirin Şuşada keçirilməsi də olduqca simvolik və əhəmiyyətlidir. Çünki Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və burada dini-mədəni irsin qorunması istiqamətində dövlət tərəfindən ardıcıl siyasət həyata keçirilir. Məscidlərin bərpası, dağıdılmış dini abidələrin yenidən qurulması, eləcə də digər tarixi-mədəni irs nümunələrinin bərpası istiqamətində genişmiqyaslı işlər görülür. Belə bir şəhərdə dini-mədəni irsin qorunmasına həsr olunmuş əməkdaşlıq platformasının ilk görüşünün keçirilməsi xüsusi əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Eyni zamanda unutmaq olmaz ki, Azərbaycan multikulturalizm, dini tolerantlıq və mədəni irsin qorunması sahəsində uğurlu dövlət siyasəti həyata keçirən ölkələrdən biridir. Bu siyasət beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycan artıq dinlərarası, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviq olunduğu mühüm beynəlxalq platformalardan biri kimi özünü təsdiqləyib. Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini qurumları rəhbərlərinin iştirakı ilə keçirilən bu görüş həm də dövlətin xarici siyasətinə mühüm töhfə verəcək istiqamətlərdən biridir. Tədbir dini qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, radikalizm, dini ekstremizm, islamofobiya və dezinformasiyaya qarşı ortaq yanaşmaların formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır. Bu, xüsusilə ona görə əhəmiyyətlidir ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, süni intellektin artıq həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə qeyd olunan aktual məsələlər üzrə əlaqələndirilmiş mübarizə mexanizmlərinin yaradılmasına ciddi ehtiyac var. Hesab edirəm ki, məhz bu məsələlər ətrafında da geniş müzakirələr aparılması mümkündür. Müasir dövrdə dini dəyərlərin siyasi məqsədlər üçün manipulyasiya edilməsinin qarşısının alınmasında dini qurumlar arasında koordinasiyanın və əməkdaşlığın xüsusi rolu ola bilər. Bu əməkdaşlıq nəticə etibarilə tərəfdaşlığın daha da güclənməsinə, xüsusilə təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək”.
A.Allahverənov həmçinin qeyd edib ki, islam həmrəyliyi baxımından isə bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, belə bir platforma İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük əksəriyyəti müsəlman dövlətləridir və onların dini qurumları arasında əlaqələrin dərinləşdirilməsi nəticə etibarilə İslamın sülh, qarşılıqlı hörmət və həmrəylik prinsiplərinin daha effektiv şəkildə təşviqinə imkan yaradacaq. Eyni zamanda bu əməkdaşlıq göstərir ki, müsəlman ölkələri yalnız problemlər ətrafında deyil, ortaq dəyərlər və gələcək inkişaf məqsədləri ətrafında da birləşə bilirlər. Xüsusilə dini qurumların təmsil olunacağı belə bir platforma bu məqsədlərə nail olunmasına xidmət edən strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından da mühüm rol oynayacaq. Böyük ehtimalla, gələcək fəaliyyəti də məhz bu prioritetlər üzərində qurulacaq ki, nəticədə İslam həmrəyliyinin daha da dərinləşməsinə töhfə verilmiş olacaq. Dini liderlər və qurumlar arasında müntəzəm dialoq radikal ideologiyaların qarşısının alınmasına, gənclərin düzgün dini maarifləndirilməsinə, eləcə də İslamın humanist mahiyyətinin beynəlxalq səviyyədə daha dolğun təqdim edilməsinə ciddi töhfə verir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının Avrasiya məkanında rolunun artdığı indiki mərhələdə təşkilatın bu istiqamətdə də uğurlu siyasət həyata keçirmək üçün kifayət qədər potensiala malik olduğunu düşünürəm. Nəticə etibarilə, Şuşada keçirilən bu ilk görüş Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni əməkdaşlıq mexanizminin əsasını qoyur. Eyni zamanda Türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsinə və İslam həmrəyliyinin praktik müstəvidə gücləndirilməsinə xidmət edəcək mühüm təşəbbüslərin irəli sürülməsinə şərait yaradır. Gələcək görüşlər zamanı məhz bu ilk toplantıda əsası qoyulan əməkdaşlıq istiqamətləri praktik layihələr və konkret təşəbbüslər şəklində daha geniş inkişaf edəcək. Sonda xüsusi olaraq qeyd etmək istərdim ki, çox sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platforması çərçivəsində Naxçıvanda keçirilən və Türk dünyasında qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişafına həsr olunan forumda irəli sürülən təşəbbüslər artıq öz real nəticələrini verməyə başlayır. Naxçıvan forumunda səsləndirilən təkliflərdən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini qurumları arasında əməkdaşlıq platformasının yaradılması idi. Bu gün Şuşada təşkil olunan dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşü həmin təşəbbüsün praktik müstəvidə həyata keçirilməsinin bariz nümunəsidir. Bu fakt bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin və ictimai platformaların irəli sürdüyü təşəbbüslər diqqətlə qiymətləndirilir və sonrakı mərhələlərdə konkret mexanizmlər vasitəsilə reallaşdırılır”.
Deputat bildirib ki, dini qurumlar arasında yaradılan bu əməkdaşlıq platforması gələcəkdə ortaq fəaliyyət proqramlarının hazırlanmasına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinin genişləndirilməsinə və Türk dünyasının mənəvi birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək: “Eyni zamanda bu platforma Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın yalnız siyasi, iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmadığını, həm də mənəvi və dini dəyərlər üzərində yeni əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirir. Nəticə etibarilə, Şuşada keçirilən bu ilk görüş gələcək əməkdaşlıq üçün möhkəm institusional əsas yaradır. Hesab edirəm ki, növbəti illərdə bu platforma çərçivəsində daha genişmiqyaslı layihələr həyata keçiriləcək, ortaq qərarlar qəbul olunacaq və Türk dünyasının həmrəyliyinin gücləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürüləcək. Bütövlükdə, bu proses Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, İslam həmrəyliyinin praktik müstəvidə güclənməsinə, ortaq mənəvi dəyərlərin qorunmasına və Türk dünyasının strateji əməkdaşlıq modelinin daha da inkişaf etdirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilməlidir”.
İlahiyyatçı Ağa Hacıbəyli isə qeyd edib ki, Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin
birinci görüşü keçirilməsinin əhəmiyyəti və İslam dünyası üçün mahiyyəti ilə
bağlı bir neçə məqamı qeyd etmək olar: “Əvvəla, onu qeyd edək ki, Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin belə bir toplantısının ölkəmizdə, xüsusilə də mədəniyyət
paytaxtımız olan Şuşada keçirilməsi məkan baxımından böyük strateji əhəmiyyət
daşıyır. Şuşa işğaldan azad edildikdən sonra dəfələrlə həm Azərbaycan, həm də
beynəlxalq səviyyəli mühüm tədbirlərə ev sahibliyi edib. Bu görüşün də məhz
Şuşada keçirilməsi kifayət qədər simvolik və mühüm mesajlar daşıyır. Əsas məqamlardan
biri Türk dünyasının mənəvi körpülərinin qurulmasıdır. Yaşadığımız dövrdə dünya
mürəkkəb geosiyasi proseslərdən, qarşıdurmalardan və müxtəlif gərginliklərdən
keçir. Belə bir zamanda eyni milli kökə, ortaq tarixə və mədəniyyətə bağlı
xalqların, xüsusilə Türk dünyasının mənəvi bağlarının daha da möhkəmləndirilməsi,
könül körpülərinin yenidən qurulması olduqca vacibdir. İnanırıq ki, bu
toplantılar bununla yekunlaşmayacaq, ikinci, üçüncü və növbəti görüşlər də
keçiriləcək. Hər bir görüşdə qəbul edilən qərarların yalnız sənəd üzərində
qalmaması, praktik nəticələr verməsi böyük əhəmiyyət daşıyır. Çünki artıq Türk
dünyasının daha sıx birləşməsi zamanın tələbidir. Qardaşlıq ruhunun gücləndirilməsi
və ortaq dəyərlərin qorunması bugünkü şəraitdə xüsusi önəm kəsb edir. Məsələnin
digər tərəfi isə İslam dünyası ilə bağlıdır. Bu gün islamofobiya, radikalizm və
İslam dəyərlərinə qarşı müxtəlif təzyiqlərin müşahidə olunduğu bir dövrdə Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin bir araya gəlməsi, birlik və həmrəyliyi
gücləndirməyə çalışması olduqca vacib addımdır”.

İlahiyyatçı qeyd edib ki, islam aləmi baxımından bu
görüşün daha bir mühüm tərəfi də ondan ibarətdir ki, təşkilata üzv ölkələrin hər
birində müxtəlif məzhəblər və dini məktəblər mövcuddur: “Belə platformalar həmin
məktəblər arasında dialoqun inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və
sülh şəraitində birgə yaşama mədəniyyətinin təşviqinə xidmət edir. Bu baxımdan
belə görüşlərin İslam dünyasında da xüsusi əhəmiyyəti var. Çünki İslam dini
birlik və vəhdət dinidir. Harada birlik, bərabərlik və həmrəylik möhkəmlənirsə,
bu, əslində İslamın mövqeyini daha da gücləndirir və müsəlmanların yaşadığı
coğrafiyalarda sabitliyə, əmin-amanlığa töhfə verir. Məsələnin digər mühüm tərəfi
isə bu görüşün Azərbaycanda, xüsusilə də Şuşada keçirilməsidir. Uzun illər
Qarabağ işğal altında olduğu dövrdə düşmən məscidlərimizə, dini və mənəvi
irsimizə qarşı təhqir və vandalizm aktları törədib. Bu gün isə həmin torpaqlardan
birlik, həmrəylik və qardaşlıq mesajlarının verilməsi olduqca böyük mənəvi və
siyasi əhəmiyyət daşıyır. Vaxtilə işğal altında olmuş bir bölgədən bu gün Türk
dünyasının və İslam aləminin birlik çağırışlarının səslənməsi Azərbaycanın
artan nüfuzunun göstəricisidir. Bu cür platformalar Türk dünyasının daha sıx həmrəy
olmasına, İslam aləminin isə ortaq mövqedən çıxış etməsinə xidmət edə bilər. Ümid
edirik ki, belə görüşlərin sayı daha da artacaq, qəbul olunan sənədlər real nəticələr
verəcək və Türk dünyasının birliyinə, həmrəyliyinə və ortaq dəyərlərinin
qorunmasına xidmət edəcək. Biz də bu istiqamətdə atılan bütün addımların uğurlu
olmasını arzulayırıq”.
Ayhan
10:50 03.07.2026
Oxunuş sayı: 66