Sabir Rüstəmxanlı: Rus bölməsinin daha üstün olduğunu düşünən valideynlər özlərini aldadırlar
Elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib ki, rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir. Azərbaycan cəmiyyətində uzun illərdir kök salmış və bəzi valideynlər tərəfindən hələ də sorğulanmadan qəbul edilən "rus bölməsində təhsil daha üstündür" yanaşması, müasir təhsil reallıqları və milli maraqlar kontekstində ciddi şəkildə tənqidə möhtacdır. Bu stereotip, müstəqilliyimizin ilk illərindəki resurs qıtlığı fonunda formalaşsa da, bu gün Azərbaycan bölməsində dərsliklərin keyfiyyətinin yüksəlməsi, qabaqcıl təhsil metodologiyalarının tətbiqi və gənc nəslin dövlət dilində mükəmməl ifadə qabiliyyətinə malik olması bu yanaşmanın əsassızlığını sübut edir. Övladının gələcəyini sadəcə xarici dil faktoruna bağlayaraq milli mühitdən və doğma dilin zənginliyindən uzaqlaşdıran valideynlər, əslində təhsilin keyfiyyətini deyil, keçmişdən qalan psixoloji asılılığı əks etdirirlər. Dünyanın ən uğurlu təhsil modelləri sübut edir ki, fundamental biliklər ilk növbədə ana dilində mənimsənilməli və xarici dillər bu bünövrənin üzərində bir alət kimi inkişaf etdirilməlidir; əks halda, süni üstünlük axtarışı gənclərin milli kimlik və inteqrasiya prosesində ciddi boşluqlar yaradır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı məsələnin mahiyyəti ilə əlaqədar Crossmedia.az-a danışıb:

"Azərbaycan dilində təhsilin zəif olduğunu demək cahillikdir! Bunu demək üçün təhsildən xəbərsiz olmaq gərəkdir. Əvvəla bunu qeyd etmək lazımdır ki, dövlət başçımızın yeritdiyi siyasətin əsasi dövlət dilinin əsaslarının möhkəmləndirilməsidir və bu istiqamətdə əhəmiyyətli dərəcədə işlər görülür.
Bəli, Sovet dövründə əsas elmi baza rus dilində olduğundan, dövlət rus məktəblərinə, rusdilli təhsilə önəm verdiyindən həmin illərdə bu belə ola bilərdi. Lakin bu gün Azərbaycan dilində tədris kifayət qədər yüksək səviyyədədir. Bunu da deməliyəm ki, hələ də rus bölməsinin daha üstün olduğunu düşünən valideynlər hesab edirəm ki, özlərini aldadırlar. Azərbaycan dili dövlət dilidir, Azərbaycan dilində tədris yüksək səviyyədədir".
Turqut Ansari
16:40 02.07.2026
Oxunuş sayı: 61