Azərbaycanda sosial şəbəkələrin "qapılarını yeniyetmələrin üzünə bağlaması" nə qədər realdır?
Müasir dünya rəqəmsal transformasiyanın elə bir mərhələsindədir ki, virtual məkan artıq sadəcə bir ünsiyyət vasitəsi deyil, fərdlərin, xüsusilə də azyaşlıların şəxsiyyət kimi formalaşdığı əsas mühitə çevrilmişdir. Bu sürətli inteqrasiya fonunda uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi, onların zərərli və manipulyativ məzmunlardan qorunması məsələsi həm cəmiyyətin mənəvi sütunlarının, həm də dövlətin hüquqi mexanizmlərinin ən aktual müzakirə obyektidir. Teleradio məkanında tətbiq edilən ənənəvi qoruyucu filtrlərin internetin qlobal və sərhədsiz təbiətində mövcud olmaması, qanunvericilik səviyyəsində ciddi rəqəmsal sərhədlərin çəkilməsini qaçılmaz edir. Lakin bu nöqtədə hüquqi zərurətlə texniki reallıqlar arasında mürəkkəb bir dilemmanın yarandığını görməmək qeyri-mümkündür. Çünki sosial şəbəkələrə girişin məhdudlaşdırılması ideyası ilk baxışdan fundamental bir hüquqi müdafiə aktı kimi görünsə də, onun qlobal platformalar, VPN xidmətləri və anonimlik şəraitində necə tətbiq ediləcəyi, eləcə də biometrik məlumatların gizliliyi kimi ciddi texnoloji sualları bərabərində gətirir. Müvafiq olaraq, parlament səviyyəsində aparılan müzakirələr sadəcə qadağaların tətbiqini deyil, rəqəmsal savadlılığın artırılması, effektiv nəzarət mexanizmlərinin qurulması və dövlət-valideyn-məktəb üçbucağında müştərək bir müdafiə qalxanının yaradılmasını tələb edir. Ötən günlərdə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik edilməsinin müzakirə olunması cəmiyyətdə də haqlı suallar yaradıb.
Məsələ ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, uşaqlara məhdudiyyətlərin tətbiqi tamamilə qəbul olunandır: "Bu yanaşmanın tamamilə doğru olduğunu hesab edirəm. Yəni uşaqlar üçün müəyyən məhdudiyyətlərin tətbiq edilməsi vacibdir. Uşağın bütün informasiya resurslarına sərbəst çıxışı ola bilməz. Axı biz bir tərəfdən uşaqları müəyyən zərərli məzmunlardan qorumalı olduğumuzu bildiririk. Bu prinsip bizim mövcud qanunvericiliyimizdə də öz əksini tapıb. Məsələn, hətta telekanallarımızın fəaliyyətinə də müəyyən məhdudiyyətlər qoyulub, proqramların saat neçəyə qədər yayımlana biləcəyi, hansı filmlərin və ya verilişlərin nümayişinin qadağan olduğu dəqiq müəyyən edilmişdir. Çünki həmin məzmunları uşaqlar izləyə bilərlər. Lakin internet məkanında belə bir nəzarət mexanizmi yoxdur. İnternetdə uşaqlar hər növ məlumatla qarşılaşırlar. Bu vəziyyət isə onların tərbiyəsinə və əxlaqi inkişafına mənfi təsir göstərir. Yetkin fərdlər artıq sərbəst qərar vermək gücünə malikdirlər, uşaqları isə manipulyasiya etmək və onlara təsir göstərmək çox asandır.
Bu baxımdan, tətbiq edilən qadağalar tamamilə qanunauyğundur. Lakin bu proses, şübhəsiz ki, hüquqi müstəvidə həyata keçirilməlidir. Konstitusiyamıza əsasən də insan hüquq və azadlıqları qanunla məhdudlaşdırıla bilər. Yəni bu addım həm cəmiyyətin, həm də həmin fərdin öz mənafeyi naminə atılır. Necə ki biz spirtli içkilərin uşaqlara satılmasını və onlar tərəfindən istehlakını qadağan edirik, bu məsələ də eyni xarakter daşıyır.
Sadəcə olaraq, məni narahat edən əsas məqam bu prosesin texniki cəhətdən necə reallaşdırılacağıdır. Mən bu sahənin mütəxəssisi olmadığım üçün mexanizmin necə işləyəcəyini anlamaqda çətinlik çəkirəm. İstifadəçinin uşaq olduğunu haradan biləcəklər və uşaq profilini necə müəyyən edəcəklər? Mütəxəssislərin bu məsələni bizə ətraflı şəkildə izah etməsi çox yaxşı olardı".

İnformasiya təhlükəsizliyi eksperti Elvin Həsənov da bu mövzuya münasibət bildirib və texniki tərəflərə aydınlıq gətirib.
"Sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq etmək ideyası ilk baxışdan sadə görünür, amma texniki baxımdan kifayət qədər mürəkkəb məsələdir. Çünki internet sərhəd tanımır. Bir ölkədə qoyulan məhdudiyyətə qarşı qlobal platformalar, VPN xidmətləri və müxtəlif texniki vasitələr mövcuddur. Buna görə də təkcə qadağa ilə problemi həll etmək mümkün deyil. Əslində burada əsas məqsəd uşaqları sosial şəbəkələrdən uzaqlaşdırmaq yox, onları rəqəmsal risklərdən qorumaqdır. Çünki bugünkü uşaqlar texnologiya ilə böyüyürlər. Təhsil, ünsiyyət və informasiya əldə etmək artıq rəqəmsal mühitlə sıx bağlıdır. Ona görə də məsələ istifadə etsin və ya etməsin deyil, əsas sual necə istifaəd olunması ilə bağlıdır. Digər tərəfdən, yaş məhdudiyyəti qoyulsa belə bir çox yeniyetmə qeydiyyat zamanı yaşını dəyişərək sistemə daxil ola bilir. Bu gün dünyanın müxtəlif ölkələrində bu problemlə bağlı müzakirələr aparılır. Hətta bəzi dövlətlər üz tanıma və yaşın avtomatik müəyyən olunması texnologiyalarını nəzərdən keçirirlər. Lakin burada da yeni suallar yaranır ki, uşaqların biometrik məlumatları necə qorunacaq, bu məlumatlar harada saxlanılacaq və kim tərəfindən idarə olunacaq?! Çünki texnologiya inkişaf etdikcə texniki məhdudiyyətləri aşmaq da asanlaşır. Ona görə də valideynlərin, məktəblərin və dövlət qurumlarının birgə fəaliyyəti vacibdir. Uşaq bilməlidir ki, internetdə hər gördüyü məlumat doğru deyil, hər profil real insan deyil və hər link təhlükəsiz deyil".
Turqut Ansari
10:39 10.06.2026
Oxunuş sayı: 72