Aİ etiraf etdi: Bu yanaşma işləmir
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iri sanksiya paketlərinin qəbul edilməsi praktikasından imtina etməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Financial Times˝ nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyaya qarşı qəbul edilən 21-ci sanksiya paketi bu formatda sonuncu ola bilər. Bildirilir ki, Aİ gələcəkdə sanksiyaları böyük paketlər şəklində deyil, ayrı-ayrı və ya tematik bloklar üzrə qəbul etməyi planlaşdırır. Buna səbəb isə üzv ölkələrin veto hüququndan tez-tez istifadə etməsi nəticəsində qərarların qəbulunun ləngiməsidir.
Nəşrə danışan avropalı diplomatın sözlərinə görə, mövcud yanaşma artıq effektiv deyil.
“Bu, sonuncu sanksiya paketi ola bilər. Artıq tam aydındır ki, bu yanaşma işləmir”, – diplomat bildirib.
Qeyd olunur ki, 21-ci sanksiya paketinin qəbulu da Yunanıstanın bir neçə həftə davam edən etirazı səbəbindən gecikmişdi.
˝Financial Times˝ yazır ki, hazırkı sistemdə ayrı-ayrı tədbirlərə qoyulan milli vetolar digər, bütün üzv dövlətlər tərəfindən dəstəklənən məhdudiyyətlərin də qəbulunu gecikdirir.
19:10 27.07.2026
Oxunuş sayı: 45