Harry Potter tamaşası bahalaşma səbəbindən iki hissədən bir hissəyə endirilir
“Harry Potter and the Cursed Child” tamaşasının Londondakı yeni versiyası artan xərclər səbəbindən iki hissə əvəzinə üç saatlıq tək tamaşa kimi nümayiş olunacaq.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Tamaşanın prodüseri Sonia Friedman bildirib ki, pandemiyadan sonra tamaşaların saxlanma xərcləri 30-40 faiz artıb və əsəri əvvəlki formatda davam etdirmək mümkün olmayıb. Onun sözlərinə görə, iki hissəli formatı qorumaq üçün bilet qiymətlərini artırmaq lazım gələcəkdi ki, bu da tamaşanı bir çox insan üçün əlçatmaz edəcəkdi.
C.K. Roulinqin kitablarının davamı olan tamaşa ilk dəfə 2016-cı ildə Londonun Vest-End səhnəsində nümayiş etdirilib. Tamaşanın iki hissəli versiyası sentyabrın 20-də nümayişini başa vurub.
Rejissor Con Tiffani və yazıçı Cek Torn əvvəlcə tamaşanın bir hissəyə uyğunlaşdırılmasına qarşı olsalar da, yeni formatın daha çox insanın tamaşaya daha münasib qiymətə baxmasına imkan verəcəyini bildiriblər.
“Harry Potter and the Cursed Child” əsəri son kitabdakı hadisələrdən 19 il sonra baş verir və Harri Potterin oğlu Albus Severusun Hoqvartsda təhsil almağa başlamasından bəhs edir. Tamaşa indiyədək dünya üzrə 14 milyondan çox izləyici toplayıb, onlardan 2,5 milyondan çoxu Londonda olub.
02:20 25.09.2026
Oxunuş sayı: 45