İddialı məqsədimiz var – FREYJA layihəsi ilə bağlı yeni açıqlama
Ukrayna 2027-ci ilin birinci yarısınadək FREYJA adlı ilk antiballistik müdafiə sisteminin işlək prototipini hazırlamağı hədəfləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ agentliyi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini David Aloyana istinadən məlumat yayıb.
Aloyanın sözlərinə görə, hazırlanacaq prototip ballistik raketlərin tutulması sahəsində ilk praktik nəticələri nümayiş etdirmək imkanına malik olacaq.
O bildirib ki, layihənin tədqiqat və işlənmə xərclərini qiymətləndirmək üçün yaradılmış beynəlxalq rəhbər komitə yaxın vaxtlarda ilk iclasını keçirəcək.
“Çox qısa müddətdə işləsək də, iddialı məqsədimiz var – gələn ilin birinci yarısınadək minimal işlək məhsulu hazır etməkdir. Bu, artıq ilk praktik nəticələrini göstərə biləcək bir prototip olacaq”, – Aloyan deyib.
Xatırladaq ki, iyulun 9-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bir sıra Avropa dövlətləri ilə birlikdə FREYJA antiballistik müdafiə sistemi üzərində çalışdığını açıqlamışdı. Bildirilir ki, bu sistem ABŞ istehsalı olan Patriot zenit-raket komplekslərinə daha ucuz və kütləvi alternativ kimi nəzərdə tutulur.
19:19 27.07.2026
Oxunuş sayı: 51