Diplomatların Qarabağ səfəri Ermənistanda narazılıq yaratdı – Bakıdan sərt mesaj
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. Səfər çərçivəsində diplomatlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, sosial-iqtisadi infrastruktur layihələri və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlərlə yerində tanış olublar. Səfər zamanı bölgədəki tarixi və dini abidələrə baxış keçirilib, bu irsə edilmiş müdaxilə və dəyişikliklərlə bağlı məlumatlar təqdim olunub. Səfərin yekunları fonunda Ermənistan tərəfindən səsləndirilən bəzi açıqlamalar isə Azərbaycan tərəfindən qəbuledilməz və sülh prosesinə zidd mövqe kimi qiymətləndirilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzurda ikigünlük səfəri başa çatıb: “Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradır.
Sentyabrın 11-də başlayan səfər çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olublar. Bu, 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərə təşkil olunan 22-ci belə səfərdir. Diplomatlar həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələri, sosial-iqtisadi infrastruktur, eləcə də tarixi-mədəni irs abidələrinin bərpası ilə bağlı görülən işlərlə tanış olmaq imkanı əldə ediblər.
Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər. Onlara komplekslərin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə edilmiş müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib. Daha sonra monastırların ərazisinə baxış keçirilib və abidələrlə tanışlıq olub.
Təəssüf ki, səfərlə bağlı Ermənistan cəmiyyətində revanşist qüvvələrin yenə də baş qaldırdığını və qeyri-məqbul açıqlamalar verildiyini müşahidə edirik. Bu xüsusda parlamentin sədri Ruben Rubinyanın qəbuledilməz açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə öldürülmüş (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilməlidir. Müşahidələr onu deməyə əsas verir ki, bu kampaniyanın arxasında Ermənistan hakimiyyəti dayanır və ölkədəki “aktiv” və “passiv” revanşistlərin həmrəyliyi Ermənistanın sülh prosesində qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır. Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir.
Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur və bu irsə Ermənistanın belə reaksiyasının irqçilikdən başqa bir adı yoxdur. Ermənistan untmamalıdır ki, Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən etibarlı şəkildə qorunur.
Ermənistan isə, əksinə, onilliklər boyu vandallıq nümayiş etdirərək, istər Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisində, istərsə də 30 il işğal altında saxladığl Qarabağ və Şərqi Zəngəzurda xalqımızın çoxəsrlik tarixə malik tarixi, mədəni, dini irsini məhv etmiş, izləri silmişlər. Bu vəhşilik və saxtakarlıq 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Ermənistan öz əməllərindən, o cümlədən uzun illər davam etmiş işğalçılıq siyasətindən nəhayət nəticə çıxarmalıdır. Ümid edək ki, Ermənistan hökuməti və xalqı Azərbaycan prezidenti cənab İlham Əliyevin sülh təşəbbüsünün bölgəmizin gələcəyi üçün yaratdığı geniş imkanları düzgün qiymətləndirmək iqtidarında olacaq və davamlı sülh, sabitlik və inkişafa töhfə verəcək zəruri addımlar atacaq”.
Ayhan
14:33 16.09.2026
Oxunuş sayı: 55