Şəkər hansı hallarda ziyanlıdır?
Şəkərdən istifadə demək olar ki, hər kəsin gündəlik qidalanmasının bir hissəsidir. Lakin qəbul edilən şəkərin miqdarı və mənbəyi sağlamlığa birbaşa təsir göstərir. Son illərdə şəkərli diabet, piylənmə və digər xroniki xəstəliklərin artması şəkər istehlakını yenidən diqqət mərkəzinə gətirib. Bununla yanaşı, təbii qidalarda olan şəkərlə sonradan qidalara əlavə edilən şəkərin orqanizmə təsiri eyni deyil. Bu səbəbdən gündəlik qidalanmada düzgün seçim etmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida üzrə ekspert Ağa Salamov vurğulayıb ki, meyvə və tərəvəzləri istehlak etdiyimiz zaman onların tərkibindəki şəkərlərin liflərlə birlikdə qəbul olunması balanslı qidalanma hesab olunur:
"Bu, insan orqanizmi üçün də çox faydalıdır. Ancaq bu, o demək deyil ki, bütün günü meyvə yemək lazımdır. Fruktozanın özü də qanda şəkərin səviyyəsini artıra bilər. Şəkər xəstələrində isə bu, ağır nəticələrə səbəb olur. Bu səbəbdən meyvə və tərəvəzlər bişirilərək hazırlanır ki, həmin xəstələr üçün də faydalı olsun. Şəkər istehlakı xəstə və sağlam insanlar arasında fərqlənir. Amma sağlam insanlar da qarşılarına bir qab çiyələk qoyub hamısını yeməməlidirlər. Hər şey normaya uyğun olmalıdır".
A. Salamov vurğulayıb ki, ağ şəkərin istehsalında ağardıcılardan istifadə olunur:
"Şəkərin gündəlik istehlakı insanlar üçün çox olmamalıdır. Çalışmalıyıq ki, şəkəri baldan və təbii məhsullardan alaq. Quru meyvələrdən, məsələn, ərik və kişmişdən də təbii şəkər əldə etmək mümkündür. Bunlar təbii şəkərlərdir. Qazlı və rəngli içkilərə əlavə olunan şəkərin isə cüzi miqdarı belə bir neçə litr içkini şirin etməyə kifayət edir. Rəngli və qazlı içkilərin qəbulunu tövsiyə etmirəm. Bundan əlavə, elə insanlar var ki, əvvəl tort yeyir, bir qədər sonra başqa şirniyyat, daha sonra şəkərli qəhvə və meyvə istehlak edirlər. Gündəlik şəkər qəbulunu balansda saxlamaq və onu az miqdarda istifadə etmək lazımdır. Tort, şirniyyat və konfetdən mümkün qədər uzaq durmaq lazımdır. Çayla birlikdə kişmiş, xurma kimi təbii məhsullardan istifadə etmək daha məqsədəuyğundur".
Ekspertin sözlərinə görə, xurmanın tərkibindəki şəkər emaldan keçmir və təbiidir: "Bu məhsullar təbiətin bəxş etdiyi qidalardır. Lakin hər bir məhsulun həddindən artıq istehlakı insan sağlamlığı üçün zərərlidir".

Həkim Şahvələd Məmmədov isə bildirib ki, gənc yaşlarda şəkərdən həddindən artıq istifadə metabolik sindromun yaranmasına, piylənməyə, şəkərli diabetə və hipertoniyaya səbəb ola bilər:
"Yaşı 35-40-dan yuxarı olan insanlarda şəkərdən həddindən artıq istifadə ciddi fəsadlara gətirib çıxarır. Biz həkimlər bu halların gündəlik şahidi oluruq. İnsanlar gündəlik həyatlarında şəkər və şəkər tərkibli məhsullardan həddindən artıq istifadə etdikləri üçün maddələr mübadiləsi pozulur və nəticədə müxtəlif xəstəliklərə düçar olurlar. Əgər xəstədə insulin dirənci varsa və yaşı 35-dən yuxarıdırsa, o, şəkərdən tamamilə imtina etməlidir".
Turqut Ansari
14:00 24.07.2026
Oxunuş sayı: 61