Xatirə Vəliyeva: Xankəndi sözü təşkilatımızın adında olsun deyə mübarizə apardıq – MÜSAHİBƏ
Vətəndaş cəmiyyətinin inkişafı yalnız qeyri-hökumət təşkilatlarının sayının artması ilə deyil, onların nə dərəcədə dayanıqlı fəaliyyət göstərməsi, ictimai problemlərin həllinə töhfə verməsi və müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanları ilə də ölçülür. Azərbaycanda QHT-lərin qarşılaşdığı əsas məsələlərdən biri maliyyə mənbələrinin şaxələndirilməsi, uzunmüddətli fəaliyyət imkanlarının genişləndirilməsi və institusional potensialın gücləndirilməsidir. Bu baxımdan, qrant dəstəyi ilə yanaşı, sosial xidmətlərin göstərilməsində QHT-lərin rolunun artırılması, özəl sektorla əlaqələrin inkişaf etdirilməsi və peşəkar imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusən işğaldan azad edilən ərazilərdə də QHT-lərin rolu hiss edilməlidir. Xankəndi, Şuşa, Laçın və digər Qarabağ regionlarında da ictimai fəallığın artırılması istiqamətində layihələr həyata keçirilməlidir. Bu mənada Crossmedia.az-ın “QHT tribunası” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oldu. O, Xankəndidə keçirdiyi uşaqlıq illərindən, 1988-ci il hadisələrindən, məcburi köçkünlük həyatından və doğma şəhərin tarixini yaşatmaq üçün gördüyü işlərdən və İctimai Birliyinin ümumi fəaliyyətindən danışıb.
-Xankəndi adı Azərbaycan xalqı üçün böyük simvolik əhəmiyyət daşıyır. Siz də bu adı daşıyan təşkilata rəhbərlik edirsiniz. Bu məsuliyyət sizin üçün nə ifadə edir?
-Xankəndidə anadan olmuşam. Uşaqlığım, yeniyetməlik illərim və gəncliyimin bir hissəsi orada keçib. Buna görə də Xankəndi adı mənim üçün yalnız coğrafi məkan deyil, şəxsi tariximin və kimliyimin bir hissəsidir. Rəhbərlik etdiyim təşkilatın adında bu sözün qorunması da mənim üçün prinsipial məsələdir.
-1988-ci il fevralın 12-də Xankəndidə “Miatsum” adı ilə keçirilən tədbirlər zamanı vəziyyət necə idi?
-Həmin gün meydanda çoxlu insan toplaşmışdı. Onlar təkcə Xankəndidən deyil, Dağlıq Qarabağ Muxtar Vilayətinin müxtəlif yaşayış məntəqələrindən gəlmişdilər. Xankəndi vilayətin mərkəzi şəhəri olduğuna görə ətraf rayonların sakinləri də ora toplanmışdı. “Miatsum” adı ilə keçirilən tədbirlərin təşkilində Zori Balayanın rolu var idi. Onun “Ocaq” kitabı da həmin dövrün ideoloji mühitində mühüm yer tuturdu. Xankəndidə “Krunk” cəmiyyəti ilə yanaşı, başqa qruplar da fəaliyyət göstərirdi.
-Həmin dövrdə Zori Balayanın və “Krunk” kimi təşkilatların fəaliyyəti necə idi? Xankəndidə azərbaycanlılarla ermənilərin birgə yaşayışı və gərginliyin ilk əlamətləri necə xatırlanır?
-Mən orada doğulmuşam, böyümüşəm və ermənicə, o cümlədən Qarabağ ləhcəsində sərbəst danışıram. Xankəndidə azərbaycanlıların yaşadığı məhəllələr çox idi. Biz şəhərin mərkəzində, çoxmərtəbəli binada yaşayırdıq və həmin binada yeddi-səkkiz azərbaycanlı ailəsi vardı. Uzun müddət gündəlik həyatımız davam edirdi, aramızda adi məişət problemləri də olurdu. Lakin milli zəmində gərginlik tədricən özünü göstərməyə başlamışdı. Qışda qar yağanda bəzi uşaqlar azərbaycanlı qızlara qarın içində daş atırdılar. Sonra azərbaycanlı uşaqlar da buna reaksiya verirdilər. Universitetdə təhsil alan azərbaycanlı tələbələrə hücum edilməsi halları da olurdu. Qardaşlarım belə vəziyyətlərdə həmişə azərbaycanlıların yanında dayanırdılar. Bununla belə, həmin hadisələr əvvəlcə genişmiqyaslı qarşıdurma şəklində görünmürdü; bəzi məsələlər ört-basdır edilirdi. Gərginliyin əlamətlərini şəhərin görünüşündə də hiss etmək mümkün idi. 1981-ci ildə ailəmlə birlikdə istirahət etdiyimiz “Zolotaya ribka” adlı məkanın söküldüyünü gördüm. Səbəbini soruşanda adının dəyişdirilərək ermənicə yazılacagını (veski dziqnik) bildirdilər. Həmin vaxt doqquzmərtəbəli binanın altında yerləşən univermagın üzərindəki rusca “Skazka” yazısı da ermənicə ( hekat) qarşılığı ilə əvəz edilmişdi. Biz məktəbli idik və bu dəyişikliklərin səbəbini anlamağa çalışırdıq. Əvvəlki adları saxlamaq mümkün olduğu halda, niyə dəyişdirildiklərini öz aramızda müzakirə edirdik. Müəllimlərimiz bu məsələlərlə bağlı müraciətlər etsələr də, ciddi reaksiya görmürdük. Hadisələr tədricən inkişaf edir, şəhərdəki mühit dəyişirdi.
-1988-ci ildən başlayan hadisələr və məcburi köçkünlük dövrü sizə və ailənizə necə təsir etdi?
-Hadisələr başlayanda mən Bakı Dövlət Universitetində təhsil alırdım. Xankəndidə azərbaycanlı ailələr uzun müddət evlərini tərk etmək istəmirdilər. İnsanlar düşünürdülər ki, bura onların doğma torpağıdır və buranı niyə tərk etməlidirlər? Hamı köməyin gələcəyinə, vəziyyətin düzələcəyinə inanırdı. Ancaq gözlədiyimiz dəstək gəlmədi. 1988-ci ildə Vəzirov vəzifəyə gələndən sonra Xankəndidə evlərin dəyişdirilməsi məsələsi daha qabarıq şəkildə ortaya çıxdı. Bakıdan olan ermənilərin Xankəndidə ev axtardıqlarını görürdük. Əvvəlcə bunu adi ev dəyişdirmə kimi təqdim edirdilər. Sonradan isə müxtəlif bölgələrdə yaşayan ermənilərin Xankəndiyə köçürülməsi prosesi ilə üzləşdik. Ailəmizdə də ağır günlər yaşandı. Bacılarım və gəlinimiz evdən ayrıldılar, atam, qardaşlarım və anam isə qaldılar. Bir müddət sonra pəncərəmizi sındırdılar, evlərə hücumlar və insanlara qarşı zorakılıq halları artdı. Bəzi insanlar köçkünlük zamanı aldıqları xəsarətlərdən sonra səhhətlərində ciddi problemlər yaşadılar, hətta dünyalarını dəyişənlər oldu. Evlərin dəyişdirilməsi məsələsi ilə bağlı mərkəzi qurumlara müraciətlər edilsə də, gözlədiyimiz nəticəni əldə edə bilmədik. Nəhayət, evimizi dəyişməyə məcbur olduq. O dövrdə evlərə çıxarış deyil, dövlət orderləri verilirdi. Cəmi üç gün ərzində sənədlərimiz hazırlandı və biz Xankəndidəki evimizi dəyişərək Bakıya köçdük. Xankəndi Qarabağın tacı sayılan şəhərlərdən biri idi. Şuşa ilə birlikdə bölgənin mühüm mərkəzi hesab olunurdu. Buna görə də Xankəndinin işğal altında qalması ərazi bütövlüyümüzün tam bərpası baxımından ciddi problem idi.
-“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin yaradılması hansı zərurətdən irəli gəldi və bu istiqamətdə hansı mühüm işləri həyata keçirmisiniz?
-Xankəndidən olan təxminən 16 min azərbaycanlı məcburi köçkün müxtəlif bölgələrdə məskunlaşmışdı. Onların 41 rayonda yaşaması və fərqli ərazilərdə qeydiyyata alınması vahid icma əlaqələrinin qurulmasını çətinləşdirirdi. Bəziləri başqa rayonların məcburi köçkünləri kimi qeydiyyata alınmışdı, çünki Xankəndi üzrə ayrıca icra strukturu yox idi. Bu da şəhər sakinlərinin bir araya gəlməsini və problemlərinin sistemli şəkildə çatdırılmasını çətinləşdirirdi. 2005-ci ildə Xankəndi üzrə 122 saylı seçki dairəsi yaradıldıqdan sonra bu istiqamətdə müəyyən proseslər başladı. Mənim adımı da həmin vaxt irəli sürmüşdülər, lakin ailə vəziyyətimi və üzərimə düşən məsuliyyətləri nəzərə alaraq iştirak etmədim. 2009-cu ildə Daglıq Qarabag icmasının fəaliyyəti ilə bağlı məlumat aldım və bu işlərə qoşulmağa çalışdım. 2010-cu ildə millət vəkili seçkilərində də iştirak etdim. Məqsədim Xankəndi sakinlərinin problemlərini diqqətə çatdırmaq və onların bir araya gəlməsinə dəstək olmaq idi. 2013-cü ildə “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyini yaratdıq. Qeydiyyat prosesində çətinliklərlə üzləşdik. Sənədlərimizi dörd-beş dəfə geri qaytardılar və təşkilatın adında “Xankəndi” sözünün olmamasını istədilər. Lakin biz bu adın qorunmasında israr etdik və nəhayət, ictimai birliyimiz qeydiyyata alındı. İlk layihəmizi 2014-cü ildə həyata keçirdik. Bu, Xankəndinin tarixi görüntülərini, ziyalı ailələrini və şəhidlərini əks etdirən səyyar fotoşəkil sərgisi idi. Əvvəl şəhidlərin sayı ilə bağlı mənbələrdə 35 nəfərin adı göstərilirdi. Araşdırmalar, fotoşəkillər və digər məlumatlar əsasında bu siyahını 107 nəfərə çatdırdım. Xankəndidən olan şəhidlərin adlarının və xatirələrinin qorunması mənim üçün vacib idi. Sərgini Gəncədə, Bakıda, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində və Polis Akademiyasında təqdim etdik. İlk layihəmiz olmasına baxmayaraq, yüksək səviyyədə təşkil olundu və fəxri fərmanla təltif edildik. Ayrılan vəsait məhdud olsa da, məqsədimiz işi mümkün qədər geniş auditoriyaya çatdırmaq idi. 2013-cü ildən 2026-cı ilədək həyata keçirdiyim layihələrin əsas mövzusu Xankəndi olub. Bu istiqamətdə şəhərin tarixi, sakinləri, Vətən uğrunda mübarizə aparan insanlar, Kərkicahan döyüşləri və şəhərin keçmişi ilə bağlı sənədli materiallar hazırlamışıq. Xankəndi haqqında Azərbaycan və ingilis dillərində sənədli film də bu işlər sırasındadır.

-2023-cü ildə antiterror tədbirlərindən sonra Xankəndinin azad olunması xəbərini eşidəndə hansı hissləri keçirdiniz? Uzun illərdən sonra doğma şəhərə getmək sizin üçün nə ifadə edirdi?
-Xankəndinin azad olunması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası baxımından tarixi hadisə idi. Şəhərin azad edilməsi ilə uzun illər yarımçıq qalmış bir məsələnin həlli mümkün oldu. Xankəndi sakinlərinin taleyi bu hadisələrlə sıx bağlıdır. Təxminən 16 min azərbaycanlının müxtəlif rayonlarda məskunlaşması məcburi köçkünlüyün miqyasını göstərir. Xocalıda baş verən qətliam zamanı həlak olanların arasında Xankəndidən olan insanlar da vardı. Buna görə də şəhərin azad olunması təkcə ərazi məsələsi deyil, həm də həmin insanların xatirəsi və doğma yurdla bağlı arzuları baxımından mühüm hadisədir. Mən də Xankəndiyə gedən nümayəndə heyətinin tərkibində olmuşam. Cənab Prezident şəhərə gələndə orada idim. Dövlət rəmzlərinin təqdim olunduğu, şəhərin yeni mərhələyə qədəm qoyduğu anların şahidi olmuşam. Bu hadisə mənim üçün doğma şəhərlə bağlı xatirələrimin və uzun illər apardığımız fəaliyyətin xüsusi məna daşıyan mərhələsi idi.
-Xankəndinin azad edilməsindən sonra ictimai birliyin fəaliyyətini hansı istiqamətlərdə davam etdirməyi planlaşdırırsınız?
-İndiyədək həyata keçirdiyim layihələrin əsas istiqaməti Xankəndi olub. Şəhərin tarixini, sakinlərini, şəhidlərini və Vətən uğrunda mübarizə aparan insanları diqqətdə saxlamışam. Xankəndinin tarixi yaddaşının qorunması, şəhər sakinlərinin həyat hekayələrinin gələcək nəsillərə çatdırılması və bu mövzuda araşdırmaların davam etdirilməsi fəaliyyətimizin əsas istiqamətləridir. İctimai birliyin fəaliyyəti çərçivəsində Xankəndiyə həsr olunan foto sərgilər, sənədli materiallar və digər layihələr həyata keçirmişik. Topladığımız məlumatların və materialların qorunması, şəhərin tarixinin unudulmaması bizim üçün mühüm məsələdir.
Zeynəb Həsən
14:50 23.10.2026
Oxunuş sayı: 136
QHT Tribunası
"QHT Tribunası" qeyri-hökumət təşkilatlarının fəaliyyətinin, gördüyü işlərin təqdim olunması üçün həyata keçirilən layihədir.