İordan çayının qərb sahilində silahlı toqquşma: 2 fələstinli öldürülüb
İordan çayının işğal altındakı qərb sahilində, Əl-Xəlil (Hebron) şəhəri yaxınlığında baş verən silahlı toqquşma nəticəsində iki fələstinli öldürülüb, altı israilli hərbçi yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” və digər beynəlxalq media qurumları oktyabrın 23-də baş verən hadisə barədə məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, iki silahlı fələstinli hərbi nəzarət məntəqəsi yaxınlığında atəş açıb. Təxminən 20 dəqiqə davam edən silahlı qarşıdurma zamanı hər iki fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb.
Məlumatlarda yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Bəzi beynəlxalq agentliklər isə ilkin məlumatlara əsasən, beş nəfərin yaralandığını qeyd ediblər.
Hadisədən sonra İsrail qüvvələri Əl-Xəlil şəhərinə və ətraf yaşayış məntəqələrinə giriş-çıxışı məhdudlaşdırıb. İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinə İordan çayının qərb sahilinin tam bağlanmasına hazırlaşmaq barədə göstəriş verib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə Fələstin Administrasiyasının ləğvini və tərksilah edilməsini tələb edib.
Qeyd edək ki, hadisə işğal altındakı İordan çayının qərb sahilində gərginliyin artdığı, israilli məskunlaşanların zeytun yığımı ilə məşğul olan fələstinli fermerlərə hücumlarının və İsrail ordusunun əməliyyatlarının davam etdiyi dövrə təsadüf edir.
12:51 23.10.2026
Oxunuş sayı: 52