Avroparlamentdə sərt İTTİHAM: Zelenski ilə birlikdə 70 milyard avronu oğurlamaq istəyirsiniz
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Slovakiyadan olan deputat Milan Uhrikin sərt tənqidlərinə məruz qalıb və onun çıxışı zamanı iclas zalını tərk edib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Strasburqda keçirilən iclasda Milan Uhrik fon der Lyayeni Avropa İttifaqını yoxsulluğa, tənəzzülə və müharibə təhlükəsinə sürükləməkdə ittiham edib.
Deputat Avropa Komissiyası rəhbərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Avropa vəsaitlərini Ukraynanın maliyyələşdirilməsinə yönəltmək siyasətini də tənqid edib.
“Xanım fon der Lyayen, qaçmayın! Zelenski ilə birlikdə avropalılardan daha 70 milyard avro almağa çalışdığınıza görə utanmalısınız”, – deyə Uhrik bildirib.
O, Avropa İttifaqı rəhbərliyini vətəndaşların yaşayış xərclərinə, ailələrin və müəssisələrin iqtisadi çətinliklərinə daha çox diqqət ayırmağa çağırıb.
Hadisə oktyabrın 21-də Avropa Parlamentində Aİ-nin 15–16 oktyabr sammitinin nəticələrinə həsr olunmuş müzakirələr zamanı baş verib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə ölkəsinin müdafiə ehtiyacları üçün Avropa İttifaqından əlavə 70 milyard avro yardım istəyib. Avropa Komissiyası isə maliyyələşdirmə imkanlarını nəzərdən keçirdiyini bildirib.
14:45 23.10.2026
Oxunuş sayı: 70