Ukraynanın yük təyyarəsi eniş zamanı alovlandı
Yaponiyanın Naqoya şəhəri yaxınlığındakı Çubu Sentrair Beynəlxalq Hava Limanına eniş edən Ukraynaya məxsus An-124 “Ruslan” yük təyyarəsinin arxa hissəsində alov müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, Yaponiyanın NHK telekanalı ölkənin Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 22-də yerli vaxtla saat 19:20 radələrində baş verib.
ABŞ-ın Alyaska ştatındakı Ferbanks şəhərindən uçan “Antonov Airlines” aviaşirkətinə məxsus təyyarənin enişi zamanı hava hərəkəti dispetçerləri gövdənin arxa hissəsində alov müşahidə ediblər.
Hadisə yerinə dərhal hava limanının yanğınsöndürmə briqadaları cəlb olunub. Təyyarə qısa müddət uçuş-enmə zolağında dayandıqdan sonra öz hərəkəti ilə dayanacaq yerinə gedib.
İnsidentlə əlaqədar hava limanının uçuş-enmə zolağı təxminən 15 dəqiqə bağlı qalıb. Yoxlamalardan sonra hava limanının fəaliyyəti bərpa edilib.
İlkin ehtimallara görə, hadisə təyyarənin köməkçi güc qurğusundakı texniki nasazlıqla əlaqəli ola bilər. Lakin yanğının dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.
Təyyarəyə dəyən ziyanın miqyası və daşınan yük barədə də məlumat açıqlanmayıb.
14:41 23.10.2026
Oxunuş sayı: 60