Bakıda 1500-dən çox könüllünün iştirakı ilə fləşmob keçirilib
Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə 1500-dən çox könüllünün iştirakı ilə fləşmob təşkil olunub.
Crossmedia.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir oktyabrın 22-də Dənizkənarı Milli Parkda baş tutub.
Fləşmobda oktyabrın 27–29-da keçiriləcək forumun təşkilati işlərində fəal iştirak edəcək könüllülər bir araya gəliblər.
Tədbirin əsas məqsədi gənclərin birliyini, həmrəyliyini və fəallığını nümayiş etdirmək, eləcə də mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh dəyərlərini təşviq etmək olub.
Fləşmob zamanı gənclər komanda ruhunu və ortaq dəyərlər ətrafında birləşmək bacarıqlarını nümayiş etdirərək forumun əsas ideyalarına diqqət çəkiblər.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında keçiriləcək.
12:27 23.10.2026
Oxunuş sayı: 51