“Ərdoğan və Baxçalıdan başqa qalanlarının Azərbaycan haqqında nə dediyinin əhəmiyyəti yoxdur” – Türkiyəli jurnalist
Son günlər Azərbaycanda məktəbli geyim qaydaları və hicab məsələsi ətrafında başlayan müzakirələrin Türkiyədə siyasi polemika predmetinə çevrilməsi iki qardaş ölkə arasında münasibətlərin həssaslığı ilə bağlı ciddi suallar doğurur. Xüsusilə Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi təmsilçilərinin Azərbaycanla bağlı açıqlamaları müzakirələri daha da qızışdırıb. Saral hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını qəbuledilməz adlandırıb, AK Parti təmsilçiləri isə Bakını bu məsələdə geri çəkilməyə çağırıblar.
Məsələ ondadır ki, qardaşlıq münasibətləri qarşılıqlı hörmət tələb etdiyi kimi, dövlətlərin suverenliyinə və daxili qərarlarına hörməti də özündə ehtiva edir. Hər hansı məsələyə münasibət bildirmək hüququ heç kimə başqa bir dövlətin ünvanına siyasi təzyiq dili ilə danışmaq və onun qərarlarına göstəriş vermək səlahiyyəti vermir. Azərbaycan hakim Yeni Azərbaycan Partiyasının oktyabrın 13-də yaydığı bəyanaltda Türkiyədən gələn bəzi açıqlamalar tənqid olunub, dini həssaslıqların siyasi manipulyasiya vasitəsinə çevrilməsinin yolverilməzliyi vurğulanıb.
Əlbəttə, Türkiyədə səsləndirilən hər açıqlamanı rəsmi Ankaranın mövqeyi kimi təqdim etmək doğru olmaz. Bununla belə, siyasi vəzifə daşıyan şəxslərin sözlərinin məsuliyyəti də gözardı edilə bilməz. Azərbaycanla Türkiyə arasındakı münasibətlər ayrı-ayrı siyasətçilərin emosional bəyanatlarından daha böyük tarixi və strateji təmələ söykənir. “Bir millət, iki dövlət” şüarı yalnız ortaq duyğuları deyil, həm də iki müstəqil dövlətin suverenliyinə qarşılıqlı hörməti ifadə edir.
Mövzu ilə bağlı danışan türk milliyyətçisi və ülküçü dünyagörüşünə sahib müsahibimiz hesab edir ki, Türkiyədəki bəzi media nümayəndələri və siyasi çevrələr Azərbaycanın daxili məsələləri barədə danışarkən hədlərini bilməli, iki ölkənin qardaşlıq münasibətlərinə xələl gətirə biləcək açıqlamalardan çəkinməlidirlər. O, Türkiyənin özündə də oxşar problemlərin yaşandığını xatırladaraq, Azərbaycanı ölkənin öz qanunları və dövlətçilik prinsipləri çərçivəsində qiymətləndirməyin vacibliyini vurğulayır.

Türkiyənin Kocaeli Şairlər və Yazıçılar Birliyinin sədri, jurnalist Yücel Alpay Demir bu barədə Crossmedia.az-a müsahibə verib.
– Türkiyə ilə Azərbaycan arasında münasibətlər bu gün strateji müttəfiqlik və qardaşlıq səviyyəsində inkişaf edir. İki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Mövcud siyasi gərginliklərin bu münasibətlərə zərər vurmaması üçün hansı addımlar atılmalıdır?
– Türkiyədə təəssüf ki, son 20 ildə sayı sürətlə artan televiziya kanallarında efir vaxtını doldurmaq üçün hər mövzuda danışan, əslində isə heç bir sahədə səriştəsi olmayan bir qrup insan formalaşıb. Bu vəziyyət bəzi bürokratlara da sirayət edib. Mövcud münasibətlərimizin qorunması naminə xüsusilə Azərbaycan dövlətinin nüfuzlu lideri İlham Əliyevin və azərbaycanlı rəsmilərin belə şəxsləri həmsöhbət kimi qəbul etməmələrini xahiş edirəm. Çünki biz “iki dövlət, bir millət” olaraq doğulmuşuq.
Biz sonradan qardaş olmamışıq, biz qardaşıq. Lakin ölkəmizdə, təəssüf ki, dövrün siyasi konyunkturasına uyğun olaraq gah nəzarətsiz təriflər yağdıran, gah da həddini aşan tənqidlər səsləndirən, əslində isə nə televiziyaçı, nə də jurnalist olan şəxslər var. Biz də onların qarşısını ala bilmirik.
Ona görə də Azərbaycan dövləti Türkiyədəki türk milliyyətçilərini və ülküçüləri həmsöhbət kimi qəbul edib dinləsə, məncə, qardaşlığımız qiyamətə qədər eyni birlik və bərabərlik içində davam edəcək. İnşallah!
– Azərbaycanla Türkiyə arasındakı münasibətlərin təməlində Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” fəlsəfəsi dayanır. Sizcə, bu prinsip iki ölkə arasındakı yaxınlıqla yanaşı, onların bir-birinin müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşmasını da tələb etmir?
– Mən şəxsən Əbülfəz Elçibəyi sevən biriyəm, ülküçü dünyagörüşünə sahibəm. Mənim qənaətimə görə, böyük lider Heydər Əliyev, başda mərhum Əbülfəz Elçibəy olmaqla, Türk dünyasının qadın millət vəkili Qənirə Paşayeva da daxil olmaqla, hamımızın arzusunu və ülküsünü gerçəkləşdirib.
Bu gün Azərbaycan dövləti hər mənada güclüdürsə, Türkiyə dövləti ilə “iki dövlət, bir millət” ideyası ətrafında birləşmişiksə, bütün bunlar mərhum Heydər Əliyevin qoyduğu təməllər sayəsində mümkün olub.
Bu gün Turan coğrafiyasının qürur duyduğu Prezidentimiz Rəcəb Tayyib Ərdoğandan sonra ehtiyac duyduğumuz bütün liderlik xüsusiyyətlərinə malik olan İlham Əliyev də yetişib.
Azərbaycan dövlətimizin daxili və xarici siyasəti öz səlahiyyətindədir. Azərbaycan istəsə, dəvət etsə və fikrimizi soruşsa, düşüncələrimizin müəyyən dəyəri ola bilər. Əks halda, bizə yalnız dua etmək və xoş arzular diləmək düşür.
– Son günlər Azərbaycanda hicab və məktəbli geyim qaydaları ətrafında aparılan müzakirələr Türkiyə mediasında da geniş yer alır. Sizcə, bu məsələyə Azərbaycanın öz qanunvericiliyi, Konstitusiyası və təhsil siyasəti çərçivəsində yanaşmaq daha doğru olmazmı? Digər ölkələrdəki siyasi və ictimai dairələr bu barədə fikir bildirərkən Azərbaycanın daxili işlərinə hörmət prinsipini necə qorumalıdırlar?
– Türkiyəyə gəlib-gedən, Türkiyə mətbuatını, qəzetlərini və televiziya kanallarını izləyənlər bilirlər ki, bu cür münasibət Türkiyənin öz daxili məsələlərinə münasibətdə də müşahidə olunur. Dövlətimizi və onu idarə edən şəxsləri narahat edən açıqlamalar verənlərə də lazımi qiymət verilmir.
Nə deyim, Allah hamısını islah etsin!
– Azərbaycan dünyəvi dövlət modelinə malikdir və eyni zamanda vətəndaşlarının din və vicdan azadlığını Konstitusiya ilə təmin edir. Sizcə, hicab məsələsinin dini qarşıdurma müstəvisinə çıxarılması və Azərbaycan dövlətinə qarşı ittihamların səsləndirilməsi problemin həllinə töhfə verirmi, yoxsa cəmiyyətdə əlavə gərginliyə səbəb olur?
– Bu gün Azərbaycanın üzləşdiyi problemlərin eynisini biz 30–40 il əvvəl yaşadıq və bu gün də onların bədəlini ödəyirik. Bir Azərbaycan sevdalısı olaraq yalnız bunu deyə bilərəm: səmimi dindarlarla bunları öz tərəfinə çəkməyə çalışan, kökü xaricdə olan marginal qrupları bir-birindən düzgün ayırın. Biz vaxtilə bunu edə bilmədik.
Bu vəziyyət peşəkar və bədniyyətli insanların əlinə keçəndə, sanki orqanizmə daxil olmuş xərçəng hüceyrəsi kimi yavaş-yavaş və qətiyyətlə irəliləyir.
Bizim təcrübəmizi yaxşı öyrənsəniz və düzgün təhlil etsəniz, problemin həllini asanlıqla tapa bilərsiniz. Təəssüf ki, bu marginal strukturların, təriqət və dini icmaların daxilində yetişdirilmiş insanlar Şərqi Türküstan coğrafiyasında da, Əfqanıstanda da, İranda da, Türkiyədə də, Suriyada da — bir sözlə, hər yerdə problemin mənbəyinə çevrilirlər.
Azərbaycan dövlətimizin layiq olduğu demokratik, unitar və güclü dövlət quruluşu bu problemin öhdəsindən gələcək gücə malikdir. Sadəcə, bədniyyətli qrupların əlinə fürsət verə biləcək məqamlar diqqətlə araşdırılsa, Allahın izni ilə problem qısa müddətdə həllini tapacaq.
– Türkiyə və Azərbaycan xalqları arasında dini, tarixi, mədəni və mənəvi bağlar son dərəcə güclüdür. Belə bir şəraitdə Türkiyədəki bəzi siyasətçilərin və media nümayəndələrinin Azərbaycanın daxili məsələləri ilə bağlı sərt açıqlamalar verməsini necə qiymətləndirirsiniz? Qardaşlıq münasibətləri qarşılıqlı hörmət və həssaslıq tələb etmir?
– Bakı şəhərindəki Qız Qalasını gəzərkən orada tanış olub söhbət etdiyim orta məktəb şagirdlərindən biri ilə yaşadığım bir hadisəni xatırlayıram.
Şagirdlərdən biri məndən soruşdu ki, Türkiyədə hamı Azərbaycanı sevir?
Əslində, çox hazırcavab insanam, amma ilk dəfə idi ki, dərhal cavab verə bilmədim, xeyli udqundum.
Qarşımda dayanan Mübariz baxışlı, Ramil xarakterli qurd balalarının baxışlarından hiss olunurdu ki, verdikləri sualın cavabını əslində özləri də bilirlər. Dedim ki, Türkiyədə yaşayan hər kəsin Türkiyəni sevdiyini deyə bilmədiyimiz kimi, hər kəsin Azərbaycanı sevdiyini də söyləyə bilmərik. Amma Türkiyədə yaşayan, türklük şüuruna sahib olan hər kəs — bəli, hər kəs Azərbaycanı öz dövləti, Azərbaycan türklərini isə öz qardaşları hesab edir, onları canı qədər sevir və əziz tutur.
Məhz bu tarixi və mənəvi bağlara görə, iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək açıqlamalara xüsusi həssaslıqla yanaşılmalıdır.
– Bəzən sosial şəbəkələrdə və bəzi media platformalarında Türkiyə–Azərbaycan münasibətlərini gərginləşdirə biləcək məlumatlar, emosional açıqlamalar və qarşılıqlı ittihamlar yayılır. Sizcə, hər iki ölkədə münasibətləri pozmaq, ortalığı qarışdırmaq və “suları bulandırmaq” istəyən dairələrin fəaliyyətinə qarşı media hansı məsuliyyəti daşıyır?
– Türkiyədə təəssüf ki, hər mövzuda danışan, əslində isə heç bir sahədə kifayət qədər səriştəsi olmayan insanlar var. Bəziləri dövrün siyasi konyunkturasına uyğun olaraq nəzarətsiz təriflər yağdırır, digərləri isə həddini aşan tənqidlər səsləndirirlər. Biz də bu vəziyyətdən şikayətçiyik.
Türkiyədəki televiziya kanallarında danışan və qəzetlərdə yazan insanlara demək istəyirəm ki, müxtəlif hadisələri dilinizə dolayaraq mövzunu hər yerə daşımağınıza öyrəşmişik. Ancaq söhbət Azərbaycan dövlətinin daxili işlərindən gedəndə buna dözümlü yanaşmayacağıq. Bu cür münasibətə hörmət etmirik və onu düzgün hesab etmirik. Düşünürəm ki, media nümayəndələri öz sözlərinin məsuliyyətini dərk etməli, iki qardaş ölkənin münasibətlərinə zərər verə biləcək açıqlamalardan çəkinməlidirlər.
– Azərbaycanla Türkiyə arasında fikir ayrılıqları yarandıqda, bu məsələlərin ictimai polemikalar və qarşılıqlı ittihamlar yolu ilə deyil, diplomatik kanallar və birbaşa dialoq vasitəsilə həll edilməsi daha məqsədəuyğun olmazmı? Sizcə, belə bir yanaşma qardaşlıq münasibətlərinin qorunmasına necə töhfə verə bilər?
– Məncə, söhbət Azərbaycan–Türkiyə qardaşlığından gedirsə, yalnız Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və milli məsələlərdə etibar etdiyim yeganə şəxs olan cənab Dövlət Baxçalının fikirləri önəmlidir. Dövlət Baxçalının çərşənbə axşamları keçirdiyi qrup toplantılarında səsləndirdiyi fikirlər də bu baxımdan əhəmiyyətlidir. Qalanlarının nə dediyinin əhəmiyyəti yoxdur.
Onu da vurğulamaq istəyirəm ki, heç bir həddini bilməyən şəxs prezidentlərimizin arasına nifaq sala, dövlət qurumlarımızın münasibətlərini poza və birlik-bərabərliyimizə kölgə sala bilməz.
Məhəmməd Əmin Rəsulzadənin də ifadə etdiyi kimi, biz dost deyil, qardaşıq. Qardaşlıq bağlarımız hər cür problemin öhdəsindən gələcək gücə malikdir. Məsələ hər kəsin öz həddini bilməsidir.
– Türkiyə mediasında Azərbaycanın daxili siyasəti ilə bağlı xəbərlər hazırlanarkən hansı jurnalistika prinsipləri əsas götürülməlidir? Sizcə, hadisələrin yalnız bir tərəfin mövqeyinə əsaslanaraq işıqlandırılması, rəsmi açıqlamaların nəzərə alınmaması və emosional başlıqlardan istifadə edilməsi iki ölkənin ictimaiyyətində yanlış təsəvvürlər yarada bilərmi?
– Türkiyədəki media nümayəndələri bəzən hər mövzuda danışır, dövrün siyasi konyunkturasına uyğun olaraq gah həddindən artıq təriflər yağdırır, gah da həddini aşan tənqidlər səsləndirirlər. Bu vəziyyət təkcə Azərbaycanla bağlı məsələlərdə deyil, Türkiyənin öz daxili məsələlərində də müşahidə olunur.
Mən Türkiyədə bu mövzuda danışan və yazan insanlara müraciət edirəm: Azərbaycan dövlətinin daxili işləri ilə bağlı məsələlərə münasibətdə həddinizi bilin. Ayrı-ayrı şəxslərin fikirlərini dövlətin rəsmi mövqeyi kimi təqdim etmək və məsələni hər yerə daşımaq düzgün deyil.
Azərbaycanlı jurnalist və yazarlardan da xahişim budur ki, Türkiyədə bu məsələlərlə bağlı əsas götürülməli olan mövqelər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları və cənab Dövlət Baxçalının qrup toplantılarında səsləndirdiyi, mətbuata yansıyan fikirləridir.
Bunlardan kənarda səsləndirilən fikirlərin bizim üçün əhəmiyyəti yoxdur. Arzu edirəm ki, sizin üçün də belə olsun. İnşallah!
– Azərbaycanla Türkiyə arasında enerji, nəqliyyat, müdafiə, ticarət və regional təhlükəsizlik sahələrində mühüm əməkdaşlıq mövcuddur. Hicab məsələsi ətrafında yaranan müzakirələrin bu strateji əməkdaşlığın digər sahələrinə kölgə salması hansı risklərə səbəb ola bilər? Sizcə, ayrı-ayrı məsələlər üzərindən iki xalqın köklü mənəvi yaxınlığını şübhə altına almaq nə dərəcədə doğrudur?
– Bu gün Azərbaycan dövləti hər mənada güclüdürsə, Türkiyə ilə “iki dövlət, bir millət” ideyası ətrafında birləşmişiksə, bütün bunlar mərhum Heydər Əliyevin qoyduğu təməllər sayəsində mümkün olub.
Bizim qardaşlığımız ayrı-ayrı şəxslərin açıqlamalarından və siyasi mübahisələrdən daha güclüdür. Həddini bilməyən şəxslər prezidentlərimizin arasına nifaq sala, dövlət qurumlarımızın münasibətlərini poza və birlik-bərabərliyimizə kölgə sala bilməz.
– Sonda Türkiyə ictimaiyyətinə və media nümayəndələrinə hansı mesajı vermək istərdiniz? “Bir millət, iki dövlət” prinsipinə sadiqlik həmrəyliyin qorunması ilə yanaşı, həm Azərbaycanın, həm də Türkiyənin müstəqil dövlətlər kimi öz daxili məsələləri ilə bağlı qəbul etdikləri qərarlara hörmətlə yanaşılmasını da tələb etmirmi?
– Biz inanclı və vətənpərvər türk millətinin övladlarıyıq. Ulu öndər Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulmuş bu güclü dövlət indiyədək ona qarşı hazırlanmış bütün ssenariləri puça çıxarıb. Bundan sonra da həm Türkiyə, həm də Azərbaycan dövlətləri üçün bu, bəşər tarixinin sonunadək belə davam edəcək. İnşallah!
Bu vəsilə ilə dilimizdən heç vaxt düşməyən şəhid qəhrəmanımız Mübariz İbrahimova və Türk dünyasının Asenası Qənirə Paşayevaya dualarımızı çatdırıram.
Varlığı ilə hər zaman fəxr etdiyimiz komandirimiz Ramil Səfərova da salam və hörmətlərimi bildirirəm.
Allah Türkiyəmizi və Azərbaycanımızı qorusun!
Müşahidəçi
11:35 15.10.2026
Oxunuş sayı: 171
Böyük güc oyunu
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.