Babək Niftəliyevdən muğam təhsilində dəyişiklik təklifi - MÜSAHİBƏ
Muğam Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı zəngin mədəni irsidir. Ustadlardan şagirdlərə ötürülən bu sənət böyük istedadla yanaşı, zəhmət, bilik və ənənələrə bağlılıq tələb edir. Müasir dövrdə isə muğamın qorunması, gənc xanəndələrin yetişdirilməsi və sənətin dəyişən musiqi mühitində özünəməxsusluğunu saxlaması aktual məsələlərdəndir.
Bu sənətin tanınmış nümayəndələrindən biri də Əməkdar artist Babək Niftəliyevdir. 1985-ci ildə Kəlbəcərdə anadan olan xanəndə musiqi təhsilini müxtəlif mərhələlərdə davam etdirib, Xalq artisti Arif Babayev kimi ustadlardan dərs alıb. 2005-ci ildə Birinci Televiziya Muğam Müsabiqəsində üçüncü yeri tutan sənətçi sonralar pedaqoji fəaliyyətlə də məşğul olub, gənc ifaçıların yetişdirilməsinə töhfə verib.
Əməkdar artist Babək Niftəliyev müasir dövrdəki muğam sənətinin istiqamətləri ilə bağlı Crossmedia.az-a müsahibə verib.
- Bu gün muğam sənəti əvvəlki nüfuzunu qoruyub saxlayır, yoxsa kommersiyalaşma onun mahiyyətinə təsir göstərir?
- Bu gün Azərbaycan milli muğam sənətinə, milli musiqimizə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Xüsusilə UNESCO-nun muğam sənətimizi tanıması, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam müsabiqələrinin keçirilməsi muğamımıza böyük təkan verir, ona diqqəti və qiyməti artırır.
- Sizcə, bu gün xanəndənin tanınması daha çox istedadından və ifaçılığından asılıdır, yoxsa sosial şəbəkələrdəki populyarlığından?
- Xeyr, xanəndələr sırf sənətləri ilə gündəmdədirlər. Xanəndənin səsi, zənguləsi, iki oktava yarım səs diapazonu olmalıdır. Sosial şəbəkələrdəki populyarlıq, mənə elə gəlir ki, müvəqqəti xarakter daşıyır. Əsl sənətə xidmət edən insanlar isə tarixdə qalacaqlar.
- Toy bazarında yüksək qonorar qazanmaqla sənətin nüfuzunu qorumaq arasında ziddiyyət yaranırmı? Xanəndə qazanc naminə öz sənət prinsiplərindən güzəştə getməlidirmi?
- Burada söhbət, ilk növbədə, əsl xanəndədən, pedaqoqdan, müəllimdən gedir. Xanəndə pula görə sənətini heç vaxt aşağı salmamalı, onu həmişə yüksək tutmalıdır. Pul müqabilində sənətin zirvəsindən enmək, səviyyəsini aşağı salmaq olmaz.
- Muğam müsabiqələri həqiqətən yeni sənətkarlar yetişdirir, yoxsa iştirakçıların bir qismi qısa müddət ərzində məşhurluq qazandıqdan sonra unudulur?
Muğam müsabiqələrində iştirakçılar seçilir, lakin bəziləri öz üzərlərində işləmədiklərinə görə zamanla unudulur və sənətdən bir növ kənarlaşırlar. Bu, təkcə muğama aid deyil. Hər bir xanəndə, musiqiçi və ümumiyyətlə, istənilən peşənin sahibi öz üzərində çalışmasa, istər-istəməz geri qalacaq. Bu sənətdə həm səs, həm istedad, həm də zəhmət olmalıdır. Bu üç amil birlikdə vəhdət təşkil edir. İstedadım və səsim var deyib işləməmək olmaz. İnsan öz üzərində çalışmalı, yeni nələrsə kəşf etməlidir. Köhnə plastinkaları, lent yazılarını, xüsusilə də ustad xanəndələrin ifalarını gecə-gündüz mütaliə etməli, öyrənməlidir. Yalnız bu yolla inkişaf etmək mümkündür.
- Siz kifayət qədər uğur qazanmısınız və tanınmış xanəndəsiniz. Bəs hazırda öz üzərinizdə hansı işləri aparırsınız?
- Mən 10-11 yaşımdan oxuyuram. Beş illik saz-musiqi təhsili almışam, beş illik muğam məktəbini bitirmişəm. Asəf Zeynallı adına Musiqi Kollecində, Milli Konservatoriyada təhsil almışam, magistraturanı bitirmişəm. Hazırda Milli Konservatoriyada müəllim işləyirəm. Uzun illər Asəf Zeynallı adına Musiqi Kollecində və Sumqayıt Musiqi Kollecində fəaliyyət göstərmişəm. Hazırda Milli Konservatoriyada və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıram.
Mən bu günə qədər öz üzərimdə işləmişəm ki, bu zirvəyə gəlib çatmışam. Bugünkü günə şükürlər olsun, daha böyük əzmkarlıqla çalışıram ki, həm muğamımızın adını, həm öz adımı qoruyum, həm də yeni səslərin inkişafına və savadlanmasına dəstək olum. Bunun üçün mən də gecə-gündüz mütaliə edir, çalışıram.
- Dərs verdiyiniz gənclərin ifasında ən çox hansı çatışmazlıqları görürsünüz? Ustad-şagird ənənəsi bu gün öz funksiyasını tam yerinə yetirirmi?
- Gənclərimizdə əvvəlki dövrlə müqayisədə həvəsin azaldığını hiss edirəm. 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olanda gördüyüm həvəsin bu gün təxminən 50 faizini görürəm. Bəlkə də o vaxt internet dövrü olmadığı üçün gənclərin musiqiyə marağı daha çox idi. İndi isə gənclərimiz üçün çox gözəl şərait yaradılıb, amma həmin həvəsi hamısında görmürəm. Əlbəttə, istisnalar da var.
Baxıram ki, bəziləri daha çox toya can atır, maddi qazanc barədə düşünür. Ancaq muğam elə bir sənətdir ki, ulu ustadlarımızdan bizə ötürülüb və biz də onu gənclərə çatdırmalıyıq ki, muğamımız yaşasın, daha uca zirvələr fəth etsin. Məncə, gənclərin çalışması və sənətə həvəsi bir qədər azdır.
- Muğamı müasir dinləyiciyə sevdirmək üçün hansı yeniliklərə ehtiyac var? Bu yenilikləri ənənənin sərhədlərini aşmadan necə həyata keçirmək olar?
- İlk növbədə, klassikanı bilmək lazımdır. Bundan sonra müxtəlif kompozisiyalar qurmaq olar. Aşıq musiqisi və muğam Azərbaycan sənətinin iki böyük qoludur. Bu istiqamətlərdə maraqlı sintezlər yaratmaq mümkündür. Əgər həmin sintezlər muğamımıza zidd olmazsa, düşünürəm ki, təqdirəlayiq olar və gənclər arasında daha çox sevilər.
- Sənət aləmində hər kəsin tanıdığı, lakin açıq danışmağa cəsarət etmədiyi hansı problem var? Sizcə, bu problem niyə həllini tapmır?
- Mənə elə gəlir ki, bəzi tədris ocaqlarında xanəndəlik siniflərində tələbələr ayrı-ayrılıqda dərs alırlar. Bu, məncə, düzgün deyil və dəyişdirilməlidir. Xanəndəlik ixtisasında təhsil alan tələbələr birlikdə olmalıdırlar. Məsələn, bir tələbəyə “Rast”, digərinə “Bayatı-kürd” muğamı öyrədilirsə, hər biri digərinin ifasını da dinləməlidir. Çünki biz belə görmüşük, ata-babalarımızdan belə öyrənmişik: xanəndələr və tələbələr bir yerdə olar, bir-birini dinləyər, bir-birindən öyrənərdilər.
Məsələn, birinci kurs tələbəsi ikinci kursun proqramını da dinləyib öyrənə bilər. Muğam şifahi ənənə ilə, ağızdan-ağıza ötürülür. Onun tədrisi müəllimlə tələbənin üz-üzə əyləşməsi, müəllimin oxuduğunu tələbənin təkrarlaması və səhvlərin yerindəcə düzəldilməsi ilə həyata keçirilir. Buna görə də hesab edirəm ki, xanəndəlik siniflərində tələbələr ayrı-ayrı saatlarda deyil, birlikdə olmalıdırlar ki, bir-birlərindən öyrənsinlər.
- Son dövrlərdə süni intellekt vasitəsilə mahnıların hazırlanması, aranjiman edilməsi və ifaların dəyişdirilməsi də müzakirə olunur. Sizcə, süni intellekt muğam sənətinə nə verə bilər və onun imkanları muğamın özünəməxsusluğunu əvəz edə bilərmi?
- Süni intellekt yaxşı bir şeydir. O, müxtəlif aranjimanlar hazırlamağa və fərqli ideyalar irəli sürməyə imkan verə bilər. Ancaq muğamın özünəməxsus incəlikləri var. Muğamın mahiyyətini və bütün xüsusiyyətlərini süni şəkildə əvəz etmək mümkün deyil. Çünki muğam tamam başqa sənətdir.
19:45 20.10.2026
Oxunuş sayı: 135