Avtobuslarla sərnişin daşıma xidmətindəki əsas problem açıqlandı
İctimai nəqliyyatda sürücü və sərnişin arasında baş verən mübahisələr vaxtaşırı narazılıqlara səbəb olur. Xüsusilə avtobusların dayanacaqlarda saxlanılmaması ilə bağlı şikayətlər bu sahədə nizam-intizam və xidmət keyfiyyəti məsələsini yenidən gündəmə gətirir.
Bu dəfə oxşar hadisə Sumqayıtda baş verib. İddiaya görə, dayanacaqda saxlamayan avtobus sürücüsü ilə sərnişin arasında yaranan mübahisə qarşılıqlı təhqirlərlə nəticələnib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, ölkədə nəqliyyat sahəsində əsas problemlərdən biri məhz dayanacaq qaydalarına əməl olunmamasıdır:
"Bu gün ölkədə ən ciddi problemlərdən biri avtobusların dayanacaqdan kənarda saxlanılmasıdır. Dayanacaqdan kənarda sərnişin götürülməsi və ya düşürülməsi həm yol hərəkəti qaydalarının pozulmasına, həm də təhlükəsizlik risklərinin artmasına səbəb olur".
A.Əsədov qeyd edib ki, bu məsələdə daşıyıcı şirkətlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür:
"Sürücülərə dayanacaqlardan kənarda avtobusu saxlamamağın vacibliyi ilə bağlı mütəmadi təlimatlar verilməlidir. Bu cür qaydalar yalnız kağız üzərində qalmamalı, gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməlidir".
Ekspert hesab edir ki, sərnişinlərin də bu istiqamətdə məlumatlandırılması vacibdir:
"Bütün avtobuslarda və dayanacaqlarda maarifləndirici elanlar səsləndirilməli, vətəndaşlara avtobusun yalnız rəsmi dayanacaqda saxlanılmasının mümkün olduğu izah edilməlidir. Sərnişin də bilməlidir ki, sürücüdən dayanacaqdan kənarda saxlamağı tələb etmək düzgün deyil".
A.Əsədovun fikrincə, ictimai nəqliyyatda təhlükəsizliyin artırılması üçün sürücü ilə sərnişin arasında məsafənin qorunması da mühüm əhəmiyyət daşıyır:
"Nəqliyyat vasitələrində sürücü ilə sərnişin arasında təhlükəsizlik məsafəsi təmin edilməli, bunun üçün zərurət olduqda xüsusi arakəsmələr və ya kabinələrdən istifadə olunmalıdır. Bu, sürücünün diqqətinin yayınmasının qarşısını almaqla yanaşı, hərəkətin təhlükəsizliyinə də müsbət təsir göstərər".
Nigar Xəlilli
18:00 27.07.2026
Oxunuş sayı: 55