Gündəlik yazmaq: Unutduğumuz, amma ehtiyac duyduğumuz vərdiş
Məşhur amerikalı aparıcı Opra Uinfri illərlə dünyanın ən reytinqli tok-şousuna rəhbərlik edib, milyarderə çevrilib, xeyriyyəçilik fəaliyyəti ilə tanınıb və ABŞ Prezidentinin Azadlıq Medalı ilə təltif olunub. Maraqlıdır ki, o, bütün bu uğurların arxasında dayanan ən sadə vərdişlərdən biri kimi gündəlik yazmağı göstərir.
Əslində, gündəlik yazmaq sadəcə gün ərzində yaşadıqlarını və ya hiss etdiklərini kağıza köçürməkdir. Bu, yeni kəşf edilmiş üsul deyil. Mark Tven, Virciniya Vulf, Leonardo da Vinçi, Albert Eynşteyn, Mari Küri, Çarlz Darvin kimi dünya tarixinin tanınmış simaları da mütəmadi olaraq gündəlik yazıblar. Onlar üçün bu, həm düşüncələri toplamaq, həm də zaman keçdikcə özlərini daha yaxşı tanımaq vasitəsi olub.
Gündəlik yazmağın ən böyük üstünlüyü ondan ibarətdir ki, insan keçmişinə başqa gözlə baxa bilir. Bəzən aylar, hətta illər əvvəl yazılmış bir neçə cümlə o vaxt hiss etmədiyiniz həqiqətləri üzə çıxarır. Keçmişdə sizi narahat edən məsələlərin bu gün əslində nə qədər kiçik olduğunu, yaxud əksinə, hansı hadisələrin həyatınızı dəyişdirdiyini daha aydın görmək olur.
Yaddaş da hər şeyi olduğu kimi saxlamır. Zaman keçdikcə hadisələrin detalları silinir, hisslər dəyişir. Gündəlik isə həmin anın bütün səmimiyyətini qoruyur. Məhz buna görə məşhur yazıçı Şeril Streyd "Wild" kitabını yazarkən köhnə gündəliklərindən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, gündəlik yaddaşın unuda biləcəyi xırdalıqları belə qoruyub saxlayır.
Bu vərdiş həm də insanın necə dəyişdiyini göstərir. Köhnə şəkillərə baxanda zahiri görünüşümüzün dəyişdiyini görürüksə, köhnə gündəlikləri oxuyanda düşüncə tərzimizin necə fərqləndiyini anlayırıq. Bəzən bir neçə il əvvəl yazdığınız cümlələri oxuyarkən "Mən doğrudan da belə düşünürdüm?" sualını özünüzə verirsiniz.
Gündəlik yazmaq gün ərzində daha yaxşı seçimlər etməyə də təsir edir. Axşam yazacaq bir cümlənizin olacağını bilmək insanı günü daha mənalı keçirməyə sövq edir. Elə buna görə də bir çox insanlar günün sonunda yazmağa dəyəcək kiçik də olsa, xoş bir hadisə yaratmağa çalışırlar.
Üstəlik, gündəlik insanın inkişafını görməsi üçün də ən yaxşı vasitələrdən biridir. Çətin günlərdə bəzən elə gəlir ki, heç nə dəyişmir. Amma aylar əvvəl yazdıqlarınızı oxuyanda nə qədər yol qət etdiyinizi, hansı çətinlikləri geridə qoyduğunuzu öz gözlərinizlə görürsünüz.
Buna baxmayaraq, insanların çoxu gündəlik yazmağa başlasa da, onu davam etdirə bilmir. Opra Uinfri də illərlə hər gün minnətdarlıq gündəliyi yazdığını, lakin sonradan işlərinin çoxluğu səbəbindən bu vərdişi itirdiyini etiraf edib. O, köhnə qeydlərinə baxarkən anlayıb ki, əvvəllər daha məşğul olmasına baxmayaraq, hər gün minnətdar olduğu məqamları düşünməyə vaxt ayırırmış. Sonralar isə həyatın sürəti bu kiçik, amma dəyərli ritualı əlindən alıb.
Əslində, gündəlik yazmaq üçün uzun mətnlər yazmağa ehtiyac yoxdur. Bəzən cəmi bir cümlə kifayətdir. "Bu gün nə baş verdi?", "Bu gün nəyə görə minnətdaram?", "Bu gün özümü necə hiss edirəm?" kimi sadə suallardan birinə bir cümlə ilə cavab vermək belə zamanla davamlı vərdişə çevrilə bilər.
Çünki gündəlik yazmağın məqsədi gözəl mətn yaratmaq deyil. Məqsəd düşüncələri yüngülləşdirmək, yaşananları unutmamaq və illər sonra dönüb baxanda keçdiyiniz yolu görə bilməkdir. Bəzən həyatımız haqqında ən səmimi hekayəni məhz hər gün yazdığımız o bir cümlə danışır.
Nigar Xəlilli
20:50 27.07.2026
Oxunuş sayı: 49