Bir qərənfilin müharibəyə etirazı: Tarixə düşən "Flower Power" fotosunun hekayəsi
1967-ci il oktyabrın 21-də Vyetnam müharibəsinə etiraz edən təxminən 100 min amerikalı Vaşinqtonda bir araya gəldi. Bu, həmin dövr üçün ABŞ tarixinin ən böyük müharibə əleyhinə aksiyalarından biri idi. Etirazçılar əvvəlcə Linkoln Memorialında toplaşdı, daha sonra isə Pentaqona doğru yürüş etdilər.
Həmin gün çəkilən bir foto isə illər keçsə də unudulmadı. Bu gün "Flower Power" ("Gülün gücü") adı ilə tanınan kadr müharibəyə qarşı sülhün ən məşhur simvollarından biri hesab olunur.
Şəkli çəkən fotojurnalist Bernie Boston idi. O vaxt 34 yaşında olan Boston "The Washington Star" qəzetində çalışırdı. Fotoda görünən gəncin isə 18 yaşlı teatr aktyoru Corc Edgerli Harris olduğu qəbul edilir.
Kadrda Harris əlindəki çəhrayı qərənfili Pentaqonu mühafizə edən hərbi polis əməkdaşının tüfənginin lüləsinə ehtiyatla yerləşdirir. Silahın qarşısına uzadılan zərif bir çiçək həmin anın ən güclü mesajına çevrilir. Fotoqraf Bernie Boston isə bu səhnəni divarın üzərindən çəkərək tarixə düşən bir anı əbədiləşdirir.
Maraqlıdır ki, foto ertəsi gün qəzetdə ön səhifədə deyil, yalnız 10-cu səhifədə dərc olunmuşdu. Redaksiya həmin anın nə qədər böyük əhəmiyyət daşıyacağını əvvəlcədən görə bilməmişdi. Lakin sonradan şəkil müxtəlif müsabiqələrdə mükafat qazandı və Pulitser mükafatına namizəd göstərildi. Zaman keçdikcə isə Vyetnam müharibəsi dövrünün ən məşhur fotolarından birinə çevrildi.
"Flower Power" ifadəsi 1960-cı illərin sonunda amerikalı şair Allen Ginsberq tərəfindən məşhurlaşdırılmışdı. O, sülh yürüşlərində iştirak edən insanlara polisə, siyasətçilərə və ətrafdakılara çiçəklər təqdim etməyi tövsiyə edirdi. Sonralar bu ideya daha da geniş yayıldı və etirazçılar əsgərlərin silahlarının lülələrinə çiçəklər yerləşdirməyə başladılar. Beləliklə, çiçək zorakılığa qarşı dinc müqavimətin rəmzinə çevrildi.
Bu fotonun gücü yalnız estetik görüntüsündə deyil. O, silahsız bir insanın silahlı əsgərin qarşısına qorxmadan çıxmasını və qarşı tərəfin də zor tətbiq etməməsini əks etdirir. Məhz buna görə "Flower Power" illərdir dünyada sülh tərəfdarları və müharibə əleyhdarları üçün ilham mənbəyi hesab olunur.
Bernie Boston sonradan fəaliyyətini "Los Angeles Times" qəzetində davam etdirdi və daha bir dəfə Pulitser mükafatına namizəd oldu. O, 2008-ci ildə, 74 yaşında vəfat edib.
Fotodakı gənc Corc Edgerli Harris isə sonralar San-Fransiskoda LGBT hərəkatının fəallarından birinə çevrildi və "Hibiscus" səhnə adı ilə çıxış etdi. O, 1982-ci ildə, cəmi 32 yaşında QİÇS xəstəliyindən dünyasını dəyişdi.
Aradan onilliklər keçsə də, bir qərənfilin silahın lüləsinə uzandığı həmin an hələ də sülhün zorakılıq üzərində qazana biləcəyi mənəvi üstünlüyün ən təsirli simvollarından biri kimi xatırlanır.
Nigar Xəlilli
20:40 27.07.2026
Oxunuş sayı: 48