İnsanlar niyə əvvəllər daha xoşbəxt idilər?
1970-80-ci illərin həyat tərzi yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər hesab edirlər ki, iş və şəxsi həyat balansı, ailə ünsiyyəti, qonşuluq münasibətləri və texnologiyadan uzaq gündəlik vərdişlər insanların daha az stress yaşamasına və özlərini daha xoşbəxt hiss etməsinə kömək edirdi.

İngla Kids and Preschool-un direktor müavini, psixoloq Aysu Həsənzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, insanların 70-80-ci illərə olan nostaljisi təkcə keçmişə bağlılıq hissi ilə izah olunmur:
"Düşünürəm ki, insanlar 70-80-ci illəri sadəcə nostalji hissi ilə xatırlamırlar. Həmin dövrdə ruh sağlamlığını qoruyan bir sıra təbii vərdişlər mövcud idi və bu gün elmi araşdırmalar da onların psixoloji sağlamlıq üçün əhəmiyyətini təsdiqləyir".
Psixoloqun sözlərinə görə, keçmişdə insanlar arasında canlı ünsiyyət daha güclü idi və bu, emosional rifahın qorunmasına mühüm təsir göstərirdi:
"O dövrdə insanlar bir-biri ilə daha çox üz-üzə ünsiyyət qururdular. Bu gün isə eyni evdə yaşayan insanlar belə bəzən hərəsi ayrı-ayrı ekranlara fokuslanır. Halbuki insan beyni mesajlaşmaq üçün deyil, canlı ünsiyyət üçün formalaşıb. Göz təması, mimikalar, səs tonu və toxunuş kimi ünsiyyət elementləri beyində təhlükəsizlik hissi yaradır, stress hormonlarının azalmasına kömək edir".
A.Həsənzadə hesab edir ki, həyat tempinin sürətlənməsi də psixoloji gərginliyi artıran əsas amillərdəndir:
"Bu gün insanlar daim 'çatdırmalıyam', 'cavab verməliyəm', 'gecikməməliyəm' düşüncəsi ilə yaşayırlar. Halbuki beyin fasiləsiz işləmək üçün yaradılmayıb. 70-80-ci illərdə insanlar gün ərzində daha çox fasilə verir, qonşularla söhbət edir, həyətdə vaxt keçirir, gəzintiyə çıxırdılar. Bəzən ən yaxşı psixoloji dəstək sadəcə uzun və səmimi bir söhbət olur".
Ekspert müasir dövrdə daim əlçatan olmağın psixoloji yük yaratdığını da vurğulayıb:
"Məncə, həmin dövrdən öyrənə biləcəyimiz ən vacib vərdişlərdən biri də hər zaman əlçatan olmamaqdır. Bu gün smartfonlar sayəsində 24 saat əlçatanuq və beynimiz sanki heç vaxt iş rejimindən çıxmır. Halbuki gün ərzində müəyyən vaxtlarda telefondan uzaq qalmaq, bildirişləri söndürmək və özümüzə sakit zaman ayırmaq psixoloji sağlamlıq üçün olduqca faydalıdır".
Psixoloqun fikrincə, xoşbəxtliyin əsas mənbəyi maddi imkanlardan daha çox sosial münasibətlərdir:
"Elmi araşdırmalar göstərir ki, insanın xoşbəxtliyini ən çox artıran amillərdən biri maddi imkanlar deyil, güclü sosial əlaqələrdir. Ailə ilə birlikdə yemək yemək, dostlarla görüşmək, qonşu ilə söhbət etmək kimi sadə görünən vərdişlər əslində stressə qarşı qoruyucu rol oynayır".
A.Həsənzadə sonda qeyd edib ki, məqsəd keçmişə qayıtmaq deyil, həmin dövrün sağlam vərdişlərini müasir həyata uyğunlaşdırmaqdır:
"Məqsəd 70-80-ci illərə qayıtmaq deyil. Texnologiyanı həyatımızdan çıxarmaq mümkün də deyil, buna ehtiyac da yoxdur. Əsas məsələ həmin dövrdə insanı psixoloji cəhətdən gücləndirən vərdişləri bugünkü həyat tərzinə uyğunlaşdırmaqdır. Daha çox canlı ünsiyyət, daha çox hərəkət, daha keyfiyyətli istirahət və hər gün müəyyən müddət ekrandan uzaq qalmaq ruh sağlamlığımızın qorunmasına ciddi töhfə verə bilər. Çünki insan psixikasını gücləndirən ən təsirli vasitələr bəzən məhz ən sadə gündəlik vərdişlərdir".

Sosioloq Əhməd Rəhmanov isə açıqlamasında bildirib ki, keçmişdə insanlar arasında münasibətlərin daha səmimi görünməsinin əsas səbəblərindən biri informasiya axınının məhdud olması idi:
"1970-ci illərdə informasiya bolluğu bugünkü səviyyədə deyildi. Məlumat var idi, lakin indiki qədər çox deyildi. Buna görə də insanlar yaxın ətraflarında baş verən hadisələri öz problemləri kimi qəbul edir, onlara daha həssas yanaşırdılar".
Ekspertin sözlərinə görə, müasir dövrdə informasiya çoxluğu insanların emosional reaksiyalarını zəiflədib:
"Bu gün sosial şəbəkələr və internet vasitəsilə hər gün yüzlərlə hadisə ilə qarşılaşırıq. Nəticədə insanlar başqalarının şəxsi problemlərinə öyrəşir və zamanla buna qarşı emosional həssaslığını itirir. Kiminsə yaşadığı faciə və ya çətinlik artıq adi xəbər kimi qəbul olunur".
Ə.Rəhmanov hesab edir ki, informasiya bolluğu cəmiyyətin empatiya hissinə də təsir göstərir:
"Vaxtilə deyilirdi ki, bir insanın ölümü faciədir, minlərlə insanın ölümü isə statistikadır. Bu fikir bu gün də aktuallığını qoruyur. İnformasiya axınının sürəti səbəbindən insanların problemləri statistik göstəriciyə çevrilir və onlara əvvəlki kimi emosional yanaşılmır".
Sosioloq bildirib ki, əvvəllər insanlar daha kiçik sosial mühitdə yaşayır və bir-birinə daha sıx bağlı olurdular:
"Keçmişdə insanların ünsiyyət dairəsi daha məhdud idi. Qonşular, qohumlar və yaxın çevrə bir-birinin problemlərinə biganə qalmırdı. Hər kəs bilirdi ki, çətin vəziyyətə düşərsə, ətrafındakı insanlar ona dəstək olacaq".
Ekspertin fikrincə, qloballaşma və rəqəmsallaşma bu münasibətlərə ciddi təsir edib:
"Bu gün insanların diqqəti saysız-hesabsız informasiya arasında bölünür. Beynimiz qlobal informasiya axını ilə yükləndiyi üçün yaxın çevrədəki münasibətlərə əvvəlki qədər fokuslana bilmirik. Bu da səmimiyyət hissinin zəifləməsinə səbəb olur".
Ə.Rəhmanov qeyd edib ki, bəzi ölkələrdə kiçik icmalar bu ənənəvi münasibətləri qorumağa çalışırlar:
"Məsələn, Avropanın bəzi ölkələrində kiçik kommunalar fəaliyyət göstərir. Həmin icmalarda insanlar daha çox öz ətraflarında baş verən hadisələrə diqqət yetirir, bəzən isə internet və televiziya istifadəsini məhdudlaşdıraraq sosial münasibətləri ön plana çıxarmağa çalışırlar".
Sosioloqun sözlərinə görə, insanların keçmişə nostalji hiss etməsinin əsas səbəbi də məhz bu sosial münasibətlərdir:
"Bu gün bir çox insan keçmişi xatırlayarkən iqtisadi və ya siyasi şəraiti deyil, insanlar arasındakı səmimi münasibətləri yada salır. Məncə, bunun əsas səbəbi informasiyanın azlığı və insanların diqqətinin daha çox öz yaxın çevrəsinə yönəlməsi idi".
Nigar Xəlilli
18:00 24.07.2026
Oxunuş sayı: 71