Deputat: Azərbaycan artıq orta güc kimi qəbul edilir
Azərbaycanın qarşısında həm iqtisadi inkişaf, həm də dəyişən regional və qlobal geosiyasi reallıqlar fonunda yeni çağırışlar dayanır. Neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, inflyasiya və əhalinin sosial rifahı kimi məsələlərlə yanaşı, ölkənin regional nəqliyyat və enerji qovşağına çevrilməsi istiqamətində atılan addımlar da gündəmin əsas mövzuları sırasındadır.
Bununla yanaşı, Azərbaycan–Ermənistan sülh prosesi, Qarabağ ətrafında davam edən siyasi və tarixi mübahisələr, ABŞ-nin Cənubi Qafqazda artan fəallığı, Rusiya, Türkiyə və İranın regiondakı mövqeləri, eləcə də Türk Dövlətləri Təşkilatında təhlükəsizlik əməkdaşlığının dərinləşməsi bölgədə yeni siyasi mənzərənin formalaşmasına səbəb olur.
Redaksiyamızın qonağı olan Milli Məclisin deputatı Zaur Şükürov Azərbaycanın iqtisadi perspektivləri, regional rolu və qarşıdakı əsas çağırışlarla bağlı Crossmedia.az-a müsahibə verib:
- Azərbaycan iqtisadiyyatında neft gəlirlərindən asılılığın azaldılması əsas hədəflərdən biri olaraq qalır. Sizcə, qeyri-neft sektorunun real iqtisadi artımın əsas lokomotivinə çevrilməsi üçün bu gün ən ciddi maneə nədir?
- Heç şübhəsiz, iqtisadiyyatımızın gücləndərilməsi, müasir ordu quruculuğu və nəticədə 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərində Zəfər qazanmağımızda, işğaldan azad olunmuş ərazilərimizdə dünya miqyasında unikal bərpa və quruculuq işlərinin həyata keçirilməsində neft-qaz sektorumuzda əldə olunmuş gəlirlərimizin mühüm rolunu unutmamalıyıq. Amma bununla yanaşı, son illər Azərbaycan iqtisadiyyatının neft və qaz sektorundan asılılığının minimuma endirilməsi məqsədilə davamlı şəkildə hökumət tərəfindən zəruri addımlar atıldığını müşahidə edirik. Cari ilin may ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə, sentyabrın 22-də "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın müzakirəsi ilə əlaqədar müşavirədə ölkə başçısı bu məsələyə xüsusi olaraq diqqətə çəkmişdir.
Ölkə başçısı qeyd etdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının 30 ilə yaxın istismarda olması ilə bağlı hasilatın azalması ölkənin ümumi iqtisadi artım templərinə təsir göstərir. Lakin buna baxmayaraq, qeyri-neft sektorunda 8 ayda 5,4 faizlik artım qeydə alınması bu istiqamətdə atılan addımlar, o cümlədən qəbul olunmuş dövlət proqramlarının nəticəsində mümkün olmuşdur.
Qeyri-neft sektorunun inkişafında mühüm rol oynaya biləcək kənd təsərrüfatı sektorunun inkişafı üçün zəruri addımlar atılmaqdadır, bu istiqamətdə dövlət proqramları qəbul edilir və icra olunur. Turizm və xidmət sektoru, ixrac potensialı yüksək olan neft-qaz maşınqayırması, tikinti materialları istehsalı, yüksək texnologiya parkları da qeyri-neft sektorunun inkişafına müsbət təsir edə bilər.
Digər istiqamət isə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı məsələsidir ki, bununla əlaqədar sentyabrın 22-də keçirilən müşavirə zamanı ölkə başçısının tapşırıqlarının və yeni Dövlət Proqramının icra edilməsi qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edə biləcəyinə inanırıq.
Heç şübhəsiz, qeyd olunan sahələrdə rəqabətədavamlılığın artırılması üçün texnoloji yeniliklərin tətbiqi, iş adamları tərəfindən xidmət sahələrində qiymət siyasətinin mütəmadi olaraq nəzərdən keçirilməsi və fərqli maddi imkanlara malik turistlər üçün uyğun yaşayış obyektlərinin istifadəyə verilməsi arzuolunandır.
Qeyd olunanları nəzərə alaraq, qeyr-neft sektorunun inkişafı üçün qarşıda ciddi manelərin olduğunu düşünmürəm və hökumət tərəfindən qarşıya qoyulan hədəflər, qəbul edilən dövlət proqramları, xüsusilə də bu proqramların icra müddətlərinin yaxın illəri əhatə etməsi proseslərin çevik və sürətli şəkildə həyata keçiriləcəyini deməyə əsas verir.
- Əhalinin gündəlik həyatında ən çox hiss olunan məsələlərdən biri qiymət artımıdır. Sizcə, inflyasiya və xüsusilə ərzaq qiymətlərinin yüksəlməsi ilə mübarizədə dövlətin hazırkı iqtisadi alətləri kifayət edirmi?
- Heç şübhəsiz, istənlən ölkədə bütün təlabat məhsullarının istehsalı real görünmür və Azərbaycan da bu baxımdan istisna deyil. Müəyyən məhsulların bu sahədə uzun illər boyu ixtisaslaşmış ölkələrdən idxal edilməsi həmin malların ölkədə istehsal prosesinin təşkilindən bəzi hallarda daha səmərəli olur və dünya təcrübəsindən də bu yanaşmanı müşahidə edirik.
Bu gün dünyada baş verən müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər ənənəvi istehsalçılar üçün problem yaratmaqdadır. Bütün bunlar, heç şübhəsiz qlobal miqyasda qiymət artımına təsir edən faktorlardır.
Eyni zamanda, urbanizasiya məsələləri də bu prosesə təsir edən amillərdəndir. Prezident İlham Əliyev may ayının 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bununla bağlı vacib məqamlara toxunaraq qeyd etdi ki : “Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.
Ölkənin milli təhlükəsziliyinin tərkib hissəsi hesab edilən ərzaq təhlükəsizliyinin uzun müddətə təmin edilməsi üçün ölkə daxilində zəruri istehsal zəncirinin təşkili önəmlidir və dövlətimiz bu məsələyə həssas yanaşır. Xüsusilə də, ərzaq təhlükəsizliyi məsələsinin ölkə başçısının şəxsən diqqətdə saxlaması vacib əhəmiyyət kəsb edir.
Qiymət artımına səbəb qlobal meyllər, müəyyən məhsullar üzrə ixracdan asılılıq olmaqla yanaşı, hesab edirəm ki, bəzən subyektiv səbəblərdən süni qiymət artımını, sui-istifadə hallarını da müşahidə edirik ki, bu zaman vətəndaş məmnunluğunun təmin edilməsi məqsdilə aidiyyatı qurumların öz səlahiyyətləri çərçivəsində məsələyə müdaxiləsi zənnimcə arzuolunadır.
İlham Əliyev son çıxışlarında Azərbaycanın artıq yeni geosiyasi reallıqlar formalaşdıran ölkələrdən birinə çevrildiyini vurğulayır. Bu geosiyasi reallıq bu gün beynəlxalq aləmdə rolumuzu və çəkimizi necə dəyişib?
Son illər Prezident İlham Əliyeinv liderliyi ilə əldə etdiyimiz uğurlar, xüsusilə Vətən müharibəsindəki Zəfərimiz dünya miqyasında dövlətimizin nüfuzuna müsbət təsir göstərməkdədir. Məhz bu Zəfər nəticəsində dövlətimiz regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırdı. Ölkə başçısı müxtəlif beynəlxalq platformalarda çıxışı, yerli və xarici mediaya müsahibələrində də bu məsələyə diqqət çəkməklə, regioanl və qlobal proseslərin gedişini və gələcək perspektivləri yüksək peşəkarlıq, uzaqgörənliklə xarakterizə və analiz edərək, mühüm fikirlər səsləndirir. Məhz ölkə başçımızın həyata keçirdiyi startegiyanın, yaratdığı yeni reallığın nəticəsində dövlətimiz dünya miqyasında artıq “orta güc” olaraq qəbul edilir. Bununla bağlı Prezident İlham Əliyevin iyulun 13-də Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir: “Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur.
Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir.”
Zənnimcə, Prezidentin bu ifadələrində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən heyrətamiz şəkildə davam etdirilməsi, əldə etdiyimiz uğurlar nəticəsində ölkəmizlə bağlı formalaşmış real vəziyyətin dəqiq təsviri təqdim olunur.
- Orta Dəhliz üzrə daşımaların genişlənməsi Azərbaycanın rolunu sadəcə tranzit ölkə olmaqdan çıxarıb regional logistika mərkəzinə çevirə bilərmi? Bunun üçün hansı imkanlardan hələ tam istifadə olunmayıb?
- Son bir ildə bölgəmizdə baş verən proseslər, xüsusilə də keçən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş razılaşmalar, ABŞ və Avropa İttifaqı rəsmilərinin regionumuza intensiv səfərləri, Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq münasibətlərimizin genişləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin dərinləşməsi, Şimal və Cənubda davam edən münaqişlər fonunda Orta dəhlizin əhəmiyyətinin artdığını və Cənubi Qafqazda nəqliyyat-logistika xəritəsinin yenidən formalaşdığını deməyə əsas verir. Bütün proseslərin əsasında heç şübhəsiz Prezident İlham Əliyevin heyrətamiz liderliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin mislisiz qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunması və nəticədə regionda yaranan yeni reallıq dayanır.
Məlumdur ki, Azərbaycan nəqliyyat və enerji infrasturkturunu ardıcıl olaraq inkişaf etdirir. Məhz ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə qlobal əhəmiyyətli BTQ, BTC, BTƏ, TANAP, TAP kimi enerji və nəqliyyat layihələrinin kerçəkləşdirilməsi və bu prosesin davam etməsi bunun göstəricisidir. Qeyd edilməlidir ki, Cinin təşəbbüsü ilə irəli sürülən “Yol Kəmər” layihəsi çərçivəsində ölkə daxilində infrastruktura Çindən sonra ən çox investisiya yatıran ölkələrdən biri də məhz Azərbaycandır.
Tarixi Zəfərimizdən sonra yaratdığımız reallıqlardan biri də heç şübhəsiz regionumuzun yeni nəqliyyat-logistika arxitekturası və bu çərçivədə irəli sürdüyümüz Zəngəzur dəhlizi layihəsidir. Ermənistan tərəfi keçən ilin avqust ayınadək bu prosesə hər vəchlə maneə olmağa çalışsa da, 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş razılaşmalar, o cümlədən TRİPP marşurutu üzrə proseslərə başlanılması Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasətini bir daha sübut etdi.

Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsini yekunlaşdırmaq üzrədir, bu dəhlizin seqmenti olan TRİPP marşurutu ilə əlaqədar isə ABŞ və Ermənistan arasında müzakirələr davam edir. Ümid edirik ki, bu layihə də yaxın illərdə yekunlaşacaq və Zəngəzur dəhlizi tam gücü ilə işə düşəcək.
Enerji sahəsinə gəldikdə isə, qeyd etdiyim kimi, Azərbaycan hazırda qlobal əhəmiyyətli enerji layihələrinin iştirakçısıdır. Bu gün Azərbaycan öz təbii qazını kəmər vasitəsi ilə ən çox ölkəyə ixrac edən dövlətdir- 16 ölkəyə qaz ixrac edirik ki, bunlardan 10-u Avropa İttifaqı üzv dövlətləridir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan vacib, etibarlı tərəfdaşdır və bu fakt Aİ-nin yüksək vəzifəli rəsmiləri tərəfindən də dəfərlərlə qeyd edilib. Bu gün Azərbaycanın Orta dəhlizin açar ölkələrindən biri olması və regional enerji, nəqliyyat qovşağına çevrilməsi reallıqdır. Xatırladım ki, Avropa Komissiyasının Prezidenti bu ilin iyul ayında Azərbaycanda səfərdə olarkan mətbuata verdiyi bəyanatda Cənubi Qafqazı Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biri kimi qiymətləndirərək, bu bölgənin strateji əhəmiyyətinin artmaqda olduğunu qeyd etmişdir. Danılmaz faktdır ki, regionumuzda regional və qlobal əhəmiyyətli heç bir layihə bölgənin vacib ölkəsi olan Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Məhz Avropa Komissiyasının Prezidentinin bəyanatında da Prezident İlham Əliyevin əvəzsiz rolu və ölkəmizin əhəmiyyəti xüsusi olaraq vurğanmış və iddialı layihələr açıqlanmışdır: “Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”.
Bununla yanaşı, Azərbaycanın bəyan etdiyi “yaşıl enerji” gündəliyi, planlaşdırılan layihələr və bu çərçivədə gerçəkləşdiriləcək dəhlizlər, o cümlədən Azərbaycan-Mərkəzi Asiya, Xəzər-Qara Dəniz və digər layihələr geniş əməkdaşlıq imkanları vəd edir.
Qeyd etdiyim kimi, qlobal miqyasda Azərbaycan Prezidentinin rolunun və ölkəmizin əhəmiyyətinin qəbul edilməsi regionumuzun sabit və davamlı inkişafına, səmərəli nəqliyyat və enerji bağlantılarının gerçəkləşdirilməsinə mühüm töhfə verəcəkdir.
- Vaşinqtonda əldə olunan razılaşmadan sonra Azərbaycan–Ermənistan sülh prosesində hansı mərhələni daha kritik hesab edirsiniz? Sülh müqaviləsinin imzalanmasını hələ də ləngidən əsas səbəb nədir?
- Məlumdur ki, tarixi Zəfərimizdən sonra Azərbaycan tərəfi regionumuzda davamlı sülh və inkişafın təmin edilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən 5 baza sülh prinsiplərini Ermənistan tərəfinə ötürdü və sülh danışıqları bu prinsiplər əsasında davam etdi. 2025-ci ilin mart ayında layihəsi məhz Azərbaycan tərəfindən hazırlanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş”in mətninin razılaşdırılması yekunlaşdı. 2025-ci ilin 8 avqust tarixində isə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində bu ölkənin Prezidenti Donald Trampın şahidliyi ilə sazişin mətni paraflandı, habelə ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğv edilməsi ilə bağlı zəruri addımların atılmasına dair razılıq əldə olundu.
Məhz Prezident cənab İlham Əliyevin sülh təşəbbüsü çərçivəsində irəliləyən normallaşma prosesi sərhədlərin delimitasiya və demarkasiyası üzrə Komissiyaların fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan ərazilərində görüşlərin baş tutması, vətəndaş cəmiyyəti təmsilçilərinin təmasları, Ermənistanın işğalçılıq siyasəti səbəbindən bu ölkəyə tətbiq edilən ticarət və tranzit məhdudiyyətlərinin Azərbaycan tərəfindən birtərəfli qaydada aradan qaldırılması və nəticədə istər neft məhsullarımızın, istərsə də 3-cü ölkələrdən, xüsusilə Rusiyadan malların Ermənistana göndərilməsi kimi addımlarla davam etməkdədir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, artıq iki ölkə Vaşinqton görüşündən sonra faktiki olaraq sülh şəraitində yaşamağı öyrənir.
Hazırda iki ölkə arasında sülh sazişinin imzalanaması və sonrakı mərhələdə diplomatik münasibətlərin qurulması yolunda maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də qalmasıdır. Bu haqlı mövqeyimiz davamlı olaraq, Azərbaycan rəsmiləri tərəfindən səsləndirilir.
Ümid edək ki, Ermənistan cəmiyyəti və Paşinyan hökuməti regionumuzda sülhün və sabitliyin təmin olunması məqsədilə konstitusiya dəyişikliyini həyata keçirəcək və sülh müqaviləsinin imzalanması yolunda maneə aradan qalxacaq. Həmçinin, sülh prosesinə mane olan revanşist qüvvələrin də Ermənistan hökuməti tərəfindən neytrallaşdırılması zəruridir.
- Qarabağa diplomatik səfərlərdən sonra Ermənistanda ciddi etirazlar müşahidə olundu. Qarabağla bağlı ərazi iddialarının tam aradan qalxmadığı bir şəraitdə Bakı ilə İrəvan arasında davamlı sülhün təmin olunması realdırmı?
- Məlum olduğu kimi, sentyabrın 11-də başlayan səfər çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olublar. Bu, 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərə təşkil olunan 22-ci belə səfərdir. Diplomatlar həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələri, sosial-iqtisadi infrastruktur, eləcə də tarixi-mədəni irs abidələrinin bərpası ilə bağlı görülən işlərlə tanış olmaq imkanı əldə ediblər.
Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər. Onlara komplekslərin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə edilmiş müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib. Daha sonra monastırların ərazisinə baxış keçirilib və abidələrlə tanışlıq olub.
Təəssüf ki, səfərlə bağlı Ermənistan cəmiyyətində revanşist qüvvələrin yenə də baş qaldırdığını və qeyri-məqbul açıqlamalar verildiyini gördük. Həmçinin müşahidələr onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və ölkədəki “aktiv” və “passiv” revanşistlərin həmrəyliyi Ermənistanın sülh prosesində qeyri-səmimiliyini nümayiş etdirir. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda dərc olunub. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir.
Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur və bu irsə Ermənistanın belə reaksiyasının irqçilikdən başqa bir adı yoxdur. Ermənistan unutmamalıdır ki, Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən etibarlı şəkildə qorunur.
Ermənistan isə, əksinə, onilliklər boyu vandallıq nümayiş etdirərək, istər Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisində, istərsə də 30 il işğal altında saxladığl Qarabağ və Şərqi Zəngəzurda xalqımızın çoxəsrlik tarixə malik tarixi, mədəni, dini irsini məhv etmiş, izləri silmişlər. Bu vəhşilik və saxtakarlıq 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Ermənistan uzun illər boyu regionumuzda həyata keçirdiyi işğalçılıq siyasətinin sülhə, sabitliyə, inkişafa təhdid yaratdığından, bu işğalçılıq siyasətinin “dəmir yumruğun” sarsıdıcı zərbəsi ilə iflasa uğramasından nəhayət nəticə çıxarmalıdır. reallığı düzgün dərk edərək, davamlı sülh üçün yaranmış hazırkı imkanı düzgün qiymətləndirməlidir. Ümid edək ki, Ermənistan hökuməti və xalqı Azərbaycan prezidenti cənab İlham Əliyevin sülh təşəbbüsünün bölgəmizin gələcəyi üçün yaratdığı geniş imkanları düzgün qiymətləndirmək iqtidarında olacaq və davamlı sülh, sabitlik və inkişafa töhfə verəcək zəruri addımlar atacaq.
- Qarabağ və Şərqi Zəngəzurda əhalinin geri qayıdışı və məskunlaşma prosesi sürətləndikcə yerli idarəetmə qarşısında hansı yeni çağırışlar yaranır? Mövcud özünüidarəetmə mexanizmlərində hansı dəyişikliklərə ehtiyac görürsünüz?
- İşğaldan azad edilmiş ərazilərimizdə hazırda geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir və Böyük Qayıdışa dair I və II Dövlət proqramları çərçivəsində , keçmiş məcburu köçkünlərimizin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində hökumət tərəfindən əhəmiyyətli addımlar atılır. Məlumdur ki, Ermənistan dövləti torpaqlarımızı işğal altında saxladığı illərdə bu ərazilərimizdə insanlıq əleyhinə cinayətlər törətmiş, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq, ərazilərimizə 1 milyondan çox müxtəlif təyinatlı, o cümlədən piyada əleyhinə minalar basdırmışlar. Bu fakt da heç şübhəsiz bərpa və quruculuq işlərinin daha sürətli şəkildə aparılmasına mane olur. Buna baxmayaraq, dövlətimiz bu prosesin arıdıcıl şəkildə gerçəkləşməsi üçün bütün imkanları səfərbər edib.
Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün zəruri institusional addımlar atılıb, əlaqələndirmə mexanizmləri formalaşdırılıb. Həmçinin bu fəaliyyəti daha sistemli və mərkəzləşdirilmiş şəkildə idarə etmək məqsədilə Prezidentin müvafiq Sərəncamı əsasında Prezident Administrasiyasının rəhbərinin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəz katiblik və kommunikasiya funksiyalarını həyata keçirir. Bu Mərkəz çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizləmə, şəhərsalma, nəqliyyat, rabitə və yüksək texnologiyalar, iqtisadi məsələlər, enerji təminatı, ekoloji, elm, təhsil və mədəniyyət məsələləri, habelə işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı və kommunikasiya üzrə ümumilikdə 12 işçi qrup fəaliyyət göstərir. Bu mexanizm azad edilmiş ərazilərdə işlərin koordinasiyalı, dövlət qurumlarımız arasında fəaliyyətin uzlaşdırılmış şəkildə həyata keçirilməsinə əhəmiyyətli töhfə verməkdədir. Bu mexanizmin və vahid idarəetmə modelinin tətbiqi bilavasitə Prezident İlham Əliyevin bu prosesə xüsusi diqqət ayırmasının və prosesin daim şəxsi nəzarətində saxlamısının göstəricisidir.
Bu fəaliyyət çərçivəsində, ərazidə iqtisadi inkişafın təmin edilməsi üçün vacib yol-nəqliyyat infrastrukturu və energetika sistemi yaradılıb, yaşayış məntəqələri, sosial obyektlər, aqro və sənaye parkları istifadəyə verilib və insanların məşğulluğunun təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Eyni zamanda, minatəmizləmə fəaliyyəti ölkəmizin postmünaqişə dövründə həyata keçirdiyi ən önəmli təhlükəsizlik tədbirlərindən biridir. Son beş ildə Azərbaycan Milli Minatəmizləmə Agentliyi və digər aidiyyəti qurumların, həmçinin yerli şirkətlərin birgə əməliyyatları nəticəsində ümumilikdə 240 min hektardan artıq ərazi təmizlənib, 227 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Məhz bunun nəticəsində, yaşayış və infrastruktur layihələrinin icrası sürətlənib, kənd təsərrüfatı təyinatlı torpaqları istifadəyə verilib.
Nəticədə, minatəmizləmə sayəsində təhlükəsizliyi təmin olunmuş ərazilər “Böyük Qayıdış” proqramının əsas baza komponentinə çevrilib, regionun sosial-iqtisadi reinteqrasiyasına, yerli əhalinin təhlükəsiz qayıdışına və iqtisadi fəallığın bərpasına mühüm töhfə verib.
Beləliklə, məqsəd yalnız əhalinin fiziki məskunlaşması deyil, həm də sosial-iqtisadi və ekoloji baxımdan çevik və dayanıqlı yaşayış məntəqələrinin yaradılmasıdır. Yaşayış məntəqələrinin planlaşdırılmasında şəhərsalma prinsipləri, tarixi-mədəni əhəmiyyətli kənd və qəsəbələrin qorunması əsas götürülür. Yeni məntəqələr müasir şəhərsalma qaydalarına uyğun və rayon mərkəzlərindən optimal məsafədə planlaşdırılır. Bu fəaliyyət çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bu günə qədər 47 yaşayış məntəqəsinə- 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Bu məqsədə 2027-ci ildə isə 3,4 milyard manat vəsait nəzərdə tutulur.
Qeyd etdiyim faktlar işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesinin ən yüksək səviyyədə, müasir standartlara uyğun, şəkildə həyata keçirildiyinin göstəricisdir.
ABŞ-nin Cənubi Qafqazda fəallığının artması regiondakı mövcud geosiyasi balansı necə dəyişə bilər? Bu proses Rusiya, Türkiyə və İranın bölgədəki mövqelərinə hansı təsiri göstərə bilər?
Hazırda Cənubi Qafqaz tarixi bir dövr yaşayır. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq təkcə regionun siyasi konfiqurasiyasını deyil, dünya siyasətindəki əhəmiyyətini də artırır. Əsrlər boyu bölgəmiz qonşu dövlətlərin maraq dairəsinə daxil olub və bu güclər öz məqsədlərini gerçəkləşdirmək üçün ermənilərdən bir vasitə kimi istifadə ediblər.
2020-ci ilin Vətən müharibəsinədək Ermənistan bu fürsətdən yararlanaraq, terror, işğal, etnik təmizləmə, ekosid, urbisid cinayətləri törətmişdir.
Azərbaycanın əldə etdiyi Zəfər aparıcı dövlətlərin və beynəlxalq təşkilatların regionumuza fərqli hədəf və məqsədlərlə daxil olmasına əlverişli imkan yaratdı. İşğal faktını gözardı edən dövlətlər və beynəlxalq təşkilatlar yeni reallığı qəbul edərək, Azərbaycanın irəli sürdüyü sülh gündəliyini və regional inkişafa dəstəklərini ifadə etməyə başladılar.
Son illər ABŞ Prezidenti Donald Trampın və adminstrasiyasının əvvəlki administrasiyanın qərəzli və ikili standartlara əsaslanan mövqeyindən fərqli yanaşma sərgiləməsi, sülh prosesinə ardıcıl dəstək nümayiş etdirməsi və nəhayat, regionun nəqliyyat-logistika arxitekturasına əhəmiyyətli təsir edəcək TRİPP marşurutunda iştirakı xüsusilə təqdirəlayiqdir.
Mümkündür ki, bəzi qonşu dövlətlər ABŞ-nin regionumuza uzunmüddətli layihələrlə daxil olmasına müsbət yanaşmasınlar, amma zənnimcə, regionda davamlı sülh və sabitlikdə maraqlı olan bütün və ölkə təşkilatlar həmrəylik nümayiş etdirməli və uzun illər boyu Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkmiş Cənubi Qafqazda sülhün bərqərar olması üçün səylərini daha da artırmalıdırlar.
Türk Dövlətləri Təşkilatının son dövrdə siyasi və təhlükəsizlik sahəsində fəallaşmasını necə dəyərləndirirsiniz? TDT çərçivəsində hərbi əməkdaşlığın daha da dərinləşməsi və gələcəkdə ortaq ordu yaradılması nə dərəcədə real görünür?
Bir neçə gün öncə ölkəmiz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mühüm bir tədbirə - TDT təhlükəsizlik şuraları katiblərinin 5-ci iclasına ev sahibliyi etdi. Sentyabrın 17-də Prezident cənab İlham Əliyevin TDT-ni təmsil edən nümayəndələrlə görüşü zamanı vacib mesajlar səsləndirərək,TDT-nin gələcək inkişafında təhlükəsizlik ölçüsünün əhəmiyyətinə diqqət çəkdi. Üzv ölkələrin dini liderlərini qəbul etdiyini xatırladan ölkə başçısı təşkilatın müxtəlif formatlarda müzakirə etdiyi mövzuların beynəlxalq gündəlikdən təhlükəsizliyə, multikulturalizmdən ticarət və nəqliyyata qədər geniş spektri əhatə etdiyini bildirdi. Bu isə, heç şübhəsiz TDT-nin beynəlxalq miqyasda əhəmiyyətinin artmasının göstəricisidir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündən keçən iyirmi il müddətdə TDT-nin öz potensialından maksimum istifadə etdiyini vurğulayan dövlət başçısı üzv dövlətlərin rəhbərlərinin ortaq mövqeyini istinadən, təşkilatın beynəlxalq arenada rolu və yerinin gücləndirilməli olduğunu qeyd edib.
TDT məkanının coğrafi üstünlükləri də diqqət çəkir. Bu gün TDT yalnız üzv ölkələrin siyasi, humanitar deyil, eyni zamanda nəqliyyat, enerji sahəsində əməkdaşlığı üçün mühüm platformadır. Bu ölkələrin artıq qlobal əhəmiyyat daşıyan Orta dəhlizdə yerləşməsi isə qeyd olunan əməkdaşlıq istiqmətinin önəmini daha da artırır.
Üzv ölkələrin ərazisindən keçən enerji və nəqliyyat dəhlizləri yalnız bu ölkələr üçün deyil, daha geniş coğrafiya üçün əhəmiyyət daşıyır. Bu xüsusda, Prezident TDT regionunun həm qərbində, həm də şərqində yerləşən dövlətlərin təşkilatın bağlantılar, nəqliyyat və enerji təhlükəsizliyi sahəsindəki müsbət rolunun güclənməsini maraqla izlədiyini bildirib.
Bu əməkdaşlıq oxunda Azərbaycanın rolu və yeri mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq miqyasda etibarlı enerji təchizatçısı kimi çıxış etməklə, eyni zamanda Mərkəzi Asiya resurslarını Xəzər vasitəsilə qlobal bazarlara tranzitində bilavasitə yaxından iştirak edir. Hazırda enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmağın mümkünsüzdür.
Təşkilata üzv ölkələr arasında ikitərəfli formatda sıx əməkdaşlığın mövcudluğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması təşkilat çərçivəsində də çoxtərəfli əməkdaşlığın genişləndirilməsində önəmli faktorlardandır.
Dövlət başçımız çıxışlarında da dəfələrlə vurğuladığı kimi, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur. bu TDT-nin daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir.
Dövlət başçımızın həmin görüş zamanı çıxışının mərkəzində TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi durub. İctimai asayiş və terror təhdidləri baxımından üzv ölkələrdə vəziyyətin nəzarətdə olduğunu deyən ölkə başçısı, eyni zamanda arxayınlığa yol verilməməsinin vacibliyini vurğulayıb.
Həqiqətən də, ətrafda müharibələrin davam etdiyi bir dönəmdə TDT üzv dövlətlərinin təhlükəsizlik qurumları arasında koordinasiyanın, operativ məlumat mübadiləsinin və birgə fəaliyyətin gücləndirilməsi mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında həyati əhəmiyyət daşıyır.
Hazırda, yeni dünya düzənin formalaşdığı bir dönəmdə, hüququn gücündan daha çox gücün hüququnun hakim olduğu yeni reallıqda TDT-nin təhlükəsizlik ölçüsü önəmli əməkdaşlıq istiqamətlərindir və zənnimcə, bu sahədə əlaqələrin ardıcıl şəkildə inkişafı mümkün görünür. Eyni zamanda, ortaq ordunun yaradılması hələ ki, real görünmür və belə bir zərurətin yaxın illərdə yaranacağını zənn etmirəm.
Ayhan
20:30 25.09.2026
Oxunuş sayı: 49