Ermənistan üçün dəhşətli statistika: Ordu çökür
Ermənistan mətbuatının ("Qolos Armeniya") yaydığı son araşdırmalar ölkə ordusunda qeyri-döyüş şəraitində baş verən ölüm halları və intiharların rekord həddə çatdığını üzə çıxarıb. İyulun 21-də Narek Torosyan adlı müddətli hərbi qulluqçunun kazarmanızda intihara sürülərək həyatını itirməsi və hadisə ilə bağlı hərbçilərin həbs edilməsi erməni cəmiyyətində dərin narahatlıq və ciddi suallar doğurub. Sərhəddə atəşkəsin qorunmasına və hərbi toqquşmaların olmamasına baxmayaraq, Ermənistan ordusunda kazarma ölümlərinin, özbaşınalıqların və nizamnamədən kənar halların kəskin artmasının pərdəarxası səbəbləri barədə hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Vətən müharibəsində və sonra keçirilən uğurlu əməliyyatlarda Azərbaycan ordusunun əldə etdiyi strateji üstünlük erməni hərbçilərində dərin psixoloji sarsıntı yaradıb:
"İkinci Qarabağ müharibəsi və ondan sonrakı hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Ermənistanla şərti sərhəddə kifayət qədər əlverişli, dominant mövqelərdə yerləşib. Bu mənzərə Ermənistanın şəxsi heyəti və hərbi qulluqçuları arasında ciddi psixoloji gərginlik və depressiya yaradır. Bununla yanaşı, Ermənistan ordusuna Sovet dövründən miras qalan və 'dedovşina' adlanan nizamnamədən kənar münasibətlər hələ də davam edir. Daha çox xidmət etmiş əsgərlərin gənc çağırışçılar üzərində qanunsuz üstünlük qurmaq cəhdləri nizamnamədən kənar halların kütləvi xarakter aldığını göstərir. Eyni zamanda, zabit heyətinin tabeliyində olanlara zəif nəzarəti, hərbi psixoloqların və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin fəaliyyətindəki ciddi çatışmazlıqlar orduda faciəvi nəticələrə gətirib çıxarır".
Ə.Verdiyev vurğulayıb ki, sərhəddə güllə səsləri kəsilsə də, Ermənistan ordusunda qeyri-döyüş itkilərinin statistikası dəhşətli həddə çatıb:
"Artıq uzun müddətdir ki, Azərbaycan-Ermənistan sərhədində güllə səsləri eşidilmir, sabitlik hökm sürür. Lakin buna baxmayaraq, Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən itkilər kəskin artım nümayiş etdirir. Rəsmi statistikanı izlədikdə bəlli olur ki, ölüm səbəbləri arasında özünəqəsd (intihar), nizamnamədən kənar münasibətlər zəminində törədilən qətllər, eləcə də çağırışçıların səhhətindəki xroniki problemlər və tibbi xidmətin bərbad vəziyyətdə olması əsas yer tutur. Həmçinin müxtəlif bədbəxt hadisələr və qəzalar nəticəsində də həyatını itirənlər az deyil. Ümumilikdə isə bu acınacaqlı statistika say baxımından zatən kiçik olan Ermənistan ordusunun necə böyük sistem böhranı yaşadığını və daxildən çökdüyünü aydın göstərir".
Fatimə Cabbarlı
18:30 27.07.2026
Oxunuş sayı: 67