Fransa ABŞ-ni sərt tənqid etdi: BMT-də diplomatik qalmaqal
BMT Baş Assambleyasında ABŞ, Rusiya və İsrail İnsan Hüquqları üzrə Ali Komissar Folker Türkün səlahiyyət müddətinin uzadılmasına qarşı eyni mövqedən çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Səsvermənin nəticələrinə əsasən, Türkün namizədliyi 144 ölkənin dəstəyi ilə növbəti dörd il üçün təsdiqlənib. Yalnız 10 ölkə bunun əleyhinə səs verib.
ABŞ komissarı insan hüquqları sistemini zəiflətməkdə ittiham edib, Rusiya onun qərəzli fəaliyyət göstərdiyini bildirib, İsrail isə yenidən seçilməsini "mənəvi uğursuzluq" adlandırıb.
Bundan sonra Fransanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyi "X" sosial şəbəkəsində sərt bəyanat yayıb.
"ABŞ vaxtilə insan hüquqlarının mayakı idi. Artıq belə deyil. Bu gün o, Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə eyni sırada təcrid olunmuş vəziyyətdədir. Dünya artıq ABŞ-ni dinləmir", – deyə paylaşımda qeyd olunub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rendi Fine isə Fransanın bu bəyanatına cavab olaraq ölkənin 1940-cı ildə nasist Almaniyası qarşısında kapitulyasiyasını xatırladıb.
ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts isə Parisin açıqlamasını "biabırçılıq" adlandıraraq Fransanı "planetin ən pis diktaturaları ilə yaxınlaşmaqda" ittiham edib.
17:40 27.07.2026
Oxunuş sayı: 52