Ölüləri niyə yenidən “dirildirlər"?
Bir insanın vəfatından sonra onun səsi, görüntüsü, mimikası və danışıq tərzinin süni intellekt vasitəsilə yenidən yaradılması artıq fantastik ssenari deyil. Bir neçə foto, video və səs yazısı əsasında mərhum şəxsin danışdığı, gülümsədiyi, hərəkət etdiyi, hətta əvvəllər demədiyi sözləri söylədiyi görüntülər hazırlamaq mümkündür. Bəzi insanlar bunu yaxınlarının xatirəsini yaşatmaq və onlarla bağlı emosional bağlarını qorumaq üçün edir. Lakin texnologiyanın imkanları genişləndikcə daha ciddi sual ortaya çıxır: insan öldükdən sonra onun rəqəmsal obrazı üzərində kim qərar verə bilər? Mərhumun görüntüsünün, səsinin, mimikasının və şəxsiyyətini əks etdirən digər xüsusiyyətlərin ailənin razılığı olmadan süni şəkildə canlandırılması hüquqi baxımdan necə qiymətləndirilir? Üstəlik, mərhumun heç vaxt demədiyi sözlərin onun simasında təqdim edilməsi həm mənəvi, həm də hüquqi mübahisələrə səbəb ola bilər.

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlamasında bildirib ki, şəxs vəfat etdikdən sonra onun əqli mülkiyyət hüquqlarının qorunması ilə yanaşı, mənəvi irsi ilə bağlı məsələlər də varisləri və yaxın qohumları tərəfindən müdafiə oluna bilər:
“Ümumiyyətlə, hər bir şəxs vəfat etdikdən sonra onun varisləri və yaxın qohumları tərəfindən həm əqli mülkiyyət hüquqları qorunur, həm də mənəvi irsi həmin ailənin müstəsna mülkiyyəti hesab olunur. Belə bir hal baş verərsə, məsələ hər bir ölkənin qanunvericiliyinə uyğun şəkildə tənzimlənməlidir. Həmin ailənin müvafiq dövlət qurumlarına müraciət edərək yaxınlarının səsindən və görüntüsündən istifadənin qadağan olunması, eləcə də həmin materialların internet resurslarından silinməsi barədə ərizə təqdim etmək ixtiyarı var. Məsələn, Azərbaycan Respublikasının ərazisində bununla bağlı hər hansı bir problem və ya yenilənmə olarsa, maraqlı şəxslərin ərizəsi əsasında məsələyə baxıla bilər. Müvafiq qaydada dövlət qurumları və ya məhkəmə tərəfindən həmin materialların internet resurslarından silinməsi ilə bağlı qərar qəbul edilə bilər”.
Zeynəb Həsən
20:00 12.09.2026
Oxunuş sayı: 58