Azərbaycanda sel təhlükəsi - bu əraziləri su basacaq
Azərbaycanda sel və daşqın təhlükəsi xüsusilə Kür hövzəsi və dağlıq ərazilərdə aktual olaraq qalır. Milli Hidrometeorologiya Xidməti son illərdə ölkədə sel və daşqın hadisələrinin sayının artdığını bildirir və bunu iqlim dəyişmələri ilə əlaqələndirir. Kür çayının səviyyəsində kəskin artım, intensiv yağıntılar və çay məcralarının suyu ötürmə qabiliyyəti kimi amillər yeni daşqın riskləri yarada bilər. Bu baxımdan, əvvəlki illərdə Kür hövzəsində yaşanan ciddi daşqınların təkrarlanma ehtimalı və hansı ərazilərin daha çox risk altında olduğu yenidən gündəmə gəlir.
Ekoloq Cavid Ağayev Crossmedia.az-a açıqlamasında Azərbaycanda, xüsusilə Kür-Araz ovalığında daşqın və sel hadisələrinin təkrarlanma ehtimalının yüksək olaraq qaldığını bildirib: “Bu təhlükə təbii coğrafi amillərlə yanaşı, sürətlə dəyişən qlobal iqlim şəraiti və antropogen təsirlərin yaratdığı mürəkkəb hidroloji dinamika ilə birbaşa bağlıdır. Cənubi Qafqazda, o cümlədən Türkiyə və Gürcüstan ərazisində qeydə alınan intensiv leysanlar və anomal isti yaz ayları daşqınların əsas katalizatorudur. Yüksək temperaturlar Böyük və Kiçik Qafqaz dağlarında mövsümi qar örtüyünün və buzlaqların sürətlə əriməsinə səbəb olur ki, bu da çaylarda həcmi kəskin artan güclü sel axınları yaradır”.
Ekoloqun sözlərinə görə, iqlim amilləri ilə yanaşı, insan fəaliyyəti də sel və daşqın risklərini artırır: “Qısamüddətli, lakin hədsiz dərəcədə güclü və intensiv yağışlar torpağın su udma qabiliyyətini azaldaraq səth sularının həcmini və axın sürətini qəfil artırır. Dağlıq və subalp zonalarda meşələrin qırılması, eləcə də həddindən artıq otlaq istismarı torpağın sabitliyini pozur. Bu, yamaclarda səthi eroziyanı sürətləndirir və çay dərələrinə külli miqdarda lil, daş və çöküntü daşıyan dağıdıcı sel dalğaları formalaşdırır”.
Cavid Ağayev qeyd edib ki, risklərin azaldılması üçün həm infrastruktur, həm də ekoloji və şəhərsalma tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: “Riskli çay sahillərində möhkəm bəndlər, sahilbərkitmə divarları və tənzimləyici su anbarlarının tikintisi davam etdirilməlidir. Aşağı axınlarda yerləşən rayonlarda drenaj sistemləri güclü yağış sularını tez qəbul edəcək şəkildə yenidən qurulmalıdır. Həmçinin transsərhəd çay hövzələrini əhatə edən rəqəmsal hidrometeoroloji monitorinq şəbəkəsi qurulmalı, peyk məlumatları və süni intellekt əsaslı proqnoz modelləri vasitəsilə daşqınlar bir neçə gün əvvəldən müəyyən edilməlidir. Daşqın zonalarında yeni yaşayış məntəqələrinin və sənaye obyektlərinin salınması məhdudlaşdırılmalı, yuxarı hövzələrdə yamacların yaşıllaşdırılması, teraslama və təbii su tutarlarının bərpası kimi tədbirlər görülməlidir”.
Nigar Xəlilli
19:00 12.09.2026
Oxunuş sayı: 49