Dərslərin başlamasına 3 gün qaldı - Bakı nəqliyyatı böyük sınaq qarşısında
Bakıda ictimai nəqliyyatın daha səmərəli təşkili və sərnişin axınının bölüşdürülməsi istiqamətində son dövrlərdə bir sıra layihələr həyata keçirilir. Bu layihələr arasında Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması xüsusi əhəmiyyət daşıyır. Layihənin əsas məqsədlərindən biri metro xətlərinin bir-birindən asılılığını azaltmaq, qatarların hərəkətini daha çevik təşkil etmək, sərnişin axınını bölmək və gələcəkdə metro sisteminin imkanlarını genişləndirməkdir. Rəsmi məlumatlarda da xətlərin müstəqil fəaliyyətinin hərəkətin dayanıqlılığına və təhlükəsizliyə müsbət təsir göstərəcəyi bildirilir.
Bu addımın şəhərin ümumi nəqliyyat sisteminə də müəyyən töhfə verməsi gözlənilir. Çünki metroda sərnişinlərin daha rahat və sürətli daşınması yerüstü nəqliyyata düşən yükün müəyyən qədər azalmasına imkan yarada bilər. Xüsusilə Bakı kimi gündəlik sərnişin axınının yüksək olduğu şəhərdə metro ilə avtobus sisteminin bir-birini tamamlaması nəqliyyat siyasətinin əsas istiqamətlərindən biri olmalıdır.
Lakin metro infrastrukturunun inkişafı uzunmüddətli prosesdir. Yeni tunellərin tikilməsi, xətlərin ayrılması və digər infrastruktur layihələrinin nəticələrinin tam şəkildə hiss olunması müəyyən vaxt tələb edir. Bu müddətdə isə şəhərin gündəlik nəqliyyat yükünü daşıyan əsas vasitələrdən biri avtobuslardır.
Son dövrlərdə sərnişin axınının daha çevik idarə olunması məqsədilə ekspres avtobus marşrutlarının da artırılmasına başlanılıb. Avqustun 15-dən etibarən müxtəlif istiqamətlər üzrə yeni ekspres marşrutların istifadəyə verilməsi nəzərdə tutulub. Sentyabrın əvvəlindən isə ekspres avtobusların hərəkət qrafiklərinin metro ilə sinxronlaşdırıldığı və marşrutların səhər saatlarından gecə yarısınadək fəaliyyət göstərdiyi açıqlanıb.
Bu təşəbbüsün özü müsbət addımdır. Paytaxtın ayrı-ayrı istiqamətlərində sərnişinlərin daha sürətli daşınması, metro ilə avtobus arasında əlaqənin gücləndirilməsi və alternativ nəqliyyat imkanlarının yaradılması şəhərin nəqliyyat probleminin həllinə müəyyən qədər kömək edə bilər.
Ancaq burada əsas məsələ təkcə yeni avtobus marşrutlarının yaradılması deyil. Əsas sual həmin marşrutların real sərnişin yükünü nə dərəcədə qarşılaya bilməsidir.
Çünki paytaxtda tədris ilinin başlamasına cəmi üç gün qaldığı bir vaxtda belə ictimai nəqliyyatda ciddi sıxlıq müşahidə olunur. Səhər və günün digər pik saatlarında yollarda yaranan tıxaclar avtobusların hərəkətinə birbaşa təsir edir. Nəticədə ekspres kimi təqdim olunan avtobusların belə yolda ləngiməsi, dayanacaqlarda sərnişinlərin uzun müddət gözləməsi və avtobusların normadan artıq yüklənməsi halları müşahidə edilir.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, hələ məktəblərdə və ali təhsil müəssisələrində tam şəkildə dərs prosesi başlamayıb. Tədris ilinin başlanması ilə Bakının onsuz da yüksək olan səhər sərnişin axınına məktəblilər, tələbələr, müəllimlər və təhsil müəssisələrində çalışan digər şəxslər də əlavə olunacaq.
Bu isə təbii olaraq ictimai nəqliyyata olan tələbi daha da artıracaq.
Əgər dərslərin başlamasına üç gün qalmış avtobuslarda artıq ciddi sıxlıq və gecikmələr müşahidə edilirsə, sentyabrın ortalarından etibarən vəziyyətin daha da mürəkkəbləşməsi ehtimalı ciddi şəkildə nəzərə alınmalıdır.
Məsələ yalnız sərnişinin avtobusa minə bilməməsindən ibarət deyil. Avtobusun gecikməsi bir neçə digər problemi də özü ilə gətirir. Bir avtobusun gecikməsi dayanacaqda daha çox sərnişinin toplanmasına, növbəti avtobusun isə daha böyük yüklə hərəkət etməsinə səbəb olur. Beləliklə, bir istiqamətdə yaranan gecikmə zəncirvari şəkildə digər marşrutlara da təsir göstərə bilər.
Ekspres avtobuslarla bağlı da məhz bu məqam xüsusi diqqət tələb edir. Ekspres marşrutun üstünlüyü onun sərnişini daha qısa müddətdə mənzil başına çatdırmasıdır. Lakin avtobusun hərəkət etdiyi yol adi marşrutlar kimi ümumi tıxacın içində qalırsa, ekspres anlayışının praktiki üstünlüyü müəyyən qədər azalır.
Başqa sözlə, avtobusun marşrutunun ekspres adlandırılması öz-özlüyündə onun sürətli hərəkətini təmin etmir. Bunun üçün yol infrastrukturunun, avtobus zolaqlarının, svetoforların idarə edilməsinin, dayanacaqların və marşrutların bir-biri ilə əlaqəsinin də uyğunlaşdırılması lazımdır.
Burada şəhər nəqliyyatının idarə olunması ilə bağlı daha geniş sual ortaya çıxır: Yeni avtobuslar və yeni marşrutlar artırılırsa, onların hərəkət etdiyi yollardakı mövcud problemlər nə dərəcədə nəzərə alınır?
Çünki avtobusların sayını artırmaq vacibdir, amma təkbaşına kifayət etmir. Əgər avtobusların hərəkət etdiyi küçələrdə ümumi avtomobil sıxlığı yüksəkdirsə, yeni avtobusların da həmin tıxacın içində qalması mümkündür. Bu halda əlavə nəqliyyat vasitələrinin istifadəyə verilməsi sərnişin üçün gözlənilən rahatlığı tam təmin etməyə bilər.
Əslində ekspres avtobusların yaradılması şəhərin nəqliyyat sistemində böhranlı istiqamətlərə müdaxilə etmək baxımından müsbət addımdır. Lakin bu sistemin effektivliyi yalnız marşrutların sayına görə deyil, onların real şəraitdə nə qədər vaxt qazandırdığı, sərnişin sıxlığını nə qədər azaltdığı və pik saatlarda nə dərəcədə sabit işlədiyi ilə ölçülməlidir.
Bu baxımdan qarşıdakı günlər mühüm sınaq olacaq.
Tədris ilinin başlaması Bakı nəqliyyatı üçün adi günlərdən fərqli olaraq daha böyük yük deməkdir. Səhər saatlarında həm avtomobil, həm də sərnişin axını kəskin artır. Eyni vaxtda məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin fəaliyyətə başlaması avtobus və metrodan istifadə edənlərin sayını əhəmiyyətli dərəcədə yüksəldir.
Ona görə də ictimai nəqliyyat sisteminin buna əvvəlcədən hazır olması vacibdir.
Əgər avtobuslarda sıxlıq artıq indidən ciddi narahatlıq yaradırsa, problemin yalnız dərslər başlayandan sonra müşahidə ediləcəyini gözləmək düzgün yanaşma olmaz. Əksinə, indiki vəziyyət qarşıdakı günlər üçün bir siqnal kimi qiymətləndirilməlidir.
Şəhərdə nəqliyyat probleminin həlli üçün layihələr həyata keçirilir, yeni marşrutlar yaradılır, ekspres avtobusların sayı artırılır, metro infrastrukturunun inkişafı üçün böyük layihələr icra olunur. Bunların hamısı müsbət addımlardır. Lakin yeniliklər baş verənə qədərki müddətdə də vətəndaşın rahatlğı təşkil edilməlidir.
Sərnişin avtobus dayanacağında uzun müddət gözləyirsə, avtobus gəldikdə həddindən artıq sıxlıqla qarşılaşırsa və daha sonra həmin avtobus tıxacda hərəkətsiz qalırsa, sistemdə görülən işlərin effektivliyi ilə bağlı haqlı suallar yaranır.
Bakı kimi sürətlə böyüyən şəhərdə nəqliyyat problemi yalnız bu günün problemi deyil. Şəhər əhalisinin, avtomobillərin və gündəlik hərəkətliliyin artması gələcəkdə ictimai nəqliyyata olan tələbi daha da yüksəldəcək. Buna görə də görülən tədbirlər yalnız mövcud sıxlığı azaltmağa deyil, qarşıdakı illərin sərnişin yükünü də nəzərə almağa hesablanmalıdır.
Metro xətlərinin ayrılması bu baxımdan mühüm perspektiv yaradır. Ekspres avtobusların artırılması isə həmin böyük layihələrin nəticələri tam şəkildə ortaya çıxana qədər sərnişinlərin daşınmasında mühüm rol oynaya bilər. Amma bunun üçün avtobus sisteminin sadəcə say baxımından deyil, idarəetmə və hərəkət baxımından da gücləndirilməsi lazımdır.
Əks halda bir tərəfdən yeni marşrutlar açılacaq, digər tərəfdən isə sərnişinlər eyni tıxacda və eyni sıxlıqda qalmaqda davam edəcəklər.
Dərslərin başlamasına cəmi üç gün qaldığı bir vaxtda müşahidə olunan vəziyyət isə nəqliyyat sisteminin qarşıdakı sınağa nə dərəcədə hazır olduğunu göstərmək baxımından ciddi göstəricidir. İndi əsas məsələ dərslər başlayandan sonra yaranacaq sıxlığı gözləmək deyil, artıq indidən müşahidə olunan problemlərə operativ reaksiya verməkdir.
Çünki şəhər nəqliyyatında ən böyük problem bəzən yeni layihənin olmaması deyil, mövcud imkanların artan sərnişin tələbinə uyğun vaxtında və düzgün idarə edilməməsidir.
Bakının nəqliyyat sisteminə investisiya qoyuluşu, yeni metro xətlərinin və tunellərin tikintisi, ekspres avtobusların yaradılması vacibdir. Amma bütün bunların yekun məqsədi sadə olmalıdır: insan səhər evindən çıxanda nə vaxt avtobusa minəcəyini, nə qədər gözləyəcəyini və işə, məktəbə və ya universitetə nə vaxt çatacağını təxmin edə bilməlidir.
İctimai nəqliyyatın keyfiyyəti məhz sərnişinin bu rahatlığı ilə ölçülür.
Məhəbbət Tərlanoğlu
18:15 12.09.2026
Oxunuş sayı: 61