Tanınmışlar deputat olsa idilər nə edərdilər?: Bu Milli Məclisdə... - SORĞU
Milli Məclis yalnız qanunların qəbul edildiyi qurum deyil, həm də müxtəlif sahələri təmsil edən şəxslərin ölkənin inkişafı ilə bağlı təşəbbüslərinin formalaşdığı əsas institutlardan biridir. Bəs bu gün ictimai-siyasi xadimlər, alimlər və ekspertlər deputat olsaydılar, hansı təşəbbüslərlə çıxış edərdilər?
Crossmedia.az bu sualla müxtəlif sahələr üzrə tanınmış şəxslərə müraciət edib və onların dövlət idarəçiliyi, elm, təhsil, iqtisadiyyat və sosial siyasətlə bağlı baxışlarını öyrənib.
Bu gün deputat olsa idiniz Milli Məclisdə hansı təşəbbüslə çıxış edərdiniz?

Prezident yanında İdarəçilik Akademiyasının Müşaviri, Bakı Politoloqlar Klubunun sədri, Zaur Məmmədov:
“Mənim üçün əsas məsələ hansı vəzifədə olmağımdan asılı olmayaraq dövlətimizə xidmət etməkdir. Hesab edirəm ki, bu gün hər bir vətəndaşın üzərinə düşən əsas vəzifələrdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətə öz töhfəsini verməkdir. Əgər mənə etimad göstərilərsə, harada daha faydalı olacağıma qərar verilərsə, həmin yerdə dövlətimizin maraqları naminə vicdanla və məsuliyyətlə çalışmağa hazıram”.

Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
“Milli Məclisin deputatı statusunda, bir alim, ictimai xadim, təhsil və elm məsələləri üzrə ekspert, həmçinin ölkədə elmi gənclik hərəkatını yaradan şəxs olaraq fəaliyyətimi ölkənin strateji gələcəyini təmin edən bir neçə vacib sütun üzərində qurardım. Bunlar insan kapitalının inkişafı, elmi innovasiyaların iqtisadiyyata inteqrasiyası və təhsilin inkişafına yönəlmiş məsələlərin qanunvericilik səviyyəsində hüquqi bazasının formalaşdırılması olardı. Bugünkü Azərbaycanın geosiyasi və iqtisadi reallıqlarını rəhbər tutaraq parlament kürsüsündən irəli sürəcəyim fundamental qanunvericilik təşəbbüsləri ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Birinci təşəbbüsüm “Elm və Texnoloji Startaplar haqqında” Qanun layihəsi olardı. Bu istiqamətdə hesab edirəm ki, elmi gəncliyin potensialını sadəcə nəzəriyyədə deyil, eyni zamanda yüksək texnologiyalar sahəsində reallaşdırmaq üçün xüsusi hüquqi baza yaradılmalıdır. Təşəbbüs olaraq universitetlərin nəzdində fəaliyyət göstərən gənc alimlərin startap layihələrinə vergi və gömrük güzəştlərinin tətbiq edilməsini faydalı hesab edirəm. Bunun əsas məqsədi beyin axınının qarşısını almaq, gənc tədqiqatçıları elmi sahibkarlığa cəlb etmək və elmi məhsulların kommersiyalaşdırılmasını sürətləndirmək olardı. Digər tərəfdən, “Ali Təhsil haqqında” Qanunun yenilənməsi və universitet muxtariyyəti məsələsi ilə bağlı təşəbbüs irəli sürərdim. Ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətini artırmaq üçün onların idarəetmə və maliyyə modelinə yenidən baxılmasını vacib hesab edirəm”.
Ekspert qeyd edib ki, təşəbbüs olaraq universitetlərə tam akademik, inzibati və maliyyə muxtariyyətinin verilməsi mexanizmlərinin qanunvericilikdə təsbit edilməsini bu qanunun əsas sütunlarından biri kimi görərdim: “Məqsəd ali məktəblərin bürokratik asılılıqdan azad edilməsi, dövlət büdcəsindən asılılığın azaldılması və universitet–sənaye əməkdaşlığının qanuni fondlar vasitəsilə stimullaşdırılması olardı. Digər mühüm istiqamət kimi gənc alimlərin sosial müdafiəsi və Strateji Elmi Fondun yaradılması təşəbbüsündən çıxış edərdim. Elmlə məşğul olmağın gənclər üçün cəlbedici karyera seçiminə çevrilməsi məqsədilə sosial-iqtisadi təminatın gücləndirilməsini vacib hesab edirəm. Təşəbbüs olaraq “Gənc alimlərin sosial inteqrasiyası üzrə eksklüziv proqram”ın qəbuluna çalışardım. Bu proqram çərçivəsində gənc tədqiqatçıların güzəştli ipoteka şərtləri ilə təminatı və elmi dərəcələrə görə əlavələrin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutula bilər. Məqsəd gənc alimlərin məişət qayğılarını minimuma endirmək və onların tam zamanlı elmi fəaliyyətə fokuslanmasını təmin etmək olardı. Eyni zamanda təhsilin rəqəmsallaşdırılması və süni intellekt strategiyası baxımından qanunvericiliyə dəyişikliklərin edilməsini vacib hesab edirəm”.
İ.Orucov əlavə edib ki, Milli Məclisin deputatı olsaydı, milli təhsil sisteminin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması üçün qanunvericilik səviyyəsində sistemli addımların atılması istiqamətində çalışardım: “Təhsilin bütün pillələrində süni intellekt, böyük verilənlər və kiber təhlükəsizlik modullarının tədrisinin qanunvericiliklə icbari proqramlara daxil edilməsini təşəbbüs edərdim. Bu təşəbbüsün əsas məqsədi Azərbaycan gəncliyinin qlobal rəqəmsal əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi olardı. Bundan əlavə, doktorantura təhsilinin beynəlxalq inteqrasiyası proqramının reallaşdırılması ilə bağlı təşəbbüslə çıxış edərdim. Milli dissertasiya və tədqiqat standartlarının dünya elminə tam inteqrasiyasını təmin etməyi vacib hesab edirəm. İkili rəhbərlik sisteminin hüquqi prosedurlarının sadələşdirilməsi və beynəlxalq indeksli — Scopus və Web of Science bazalarında indekslənən jurnallarda məqalə dərc etdirən gənc alimlərə birbaşa dövlət qrantlarının verilməsi mexanizmini təklif edərdim. Bununla yanaşı, hesab edirəm ki, elmi yeniliklər sadəcə məqalələrdə qalmalı deyil, ölkənin real ehtiyaclarına və milli iqtisadiyyatın gücləndirilməsinə xidmət etməlidir. Bu istiqamətdə elmi nəticələrin praktik tətbiq mexanizmlərinin də qanunvericilik səviyyəsində təsbit olunmasına ehtiyac var. Azərbaycan elminin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək, elmi nəticələrin qlobal arenada tanınmasına nail olmaq və müasir elmi düşüncəni bütün fəaliyyət sahələrinin lokomotivinə çevirmək əsas hədəflərdən biri olmalıdır. Bütün məsələlərə elmi yanaşmaların tətbiqi yeni nəsil elmi kadrların hazırlanmasını da şərtləndirən əsas amillərdəndir. Millət vəkili kimi əsas hədəfim elmi və təhsili dövlətin iqtisadi tərəqqisinin lokomotivinə çevirəcək qanunvericilik mühiti formalaşdırmaq olardı. Eyni zamanda düşünürəm ki, bu təşəbbüslərin uğuru üçün onların icra mexanizmlərinin də qanunvericilik bazasında dəqiq şəkildə müəyyənləşdirilməsi son dərəcə vacibdir. Mən bütün bu təşəbbüslərlə çıxış edər və hesab edirəm ki, faydalı bir millət vəkili ola bilərdim”.

İqtisadçı Fuad İbrahimov: “Özəl sektora əsassız müdaxilələrə görə məsuliyyət mexanizminin tətbiqi təşəbbüsü ilə çıxış edərdim. Sahibkarlıq subyektinin fəaliyyətinin dayanmasına səbəb olan hallarda aidiyyəti dövlət nəzarət orqanlarının bununla bağlı əsaslandırılmış izahat verməsi öhdəliyinin qanunvericilikdə təsbit edilməsini vacib hesab edirəm. Eyni zamanda iqtisadi amnistiya mexanizminin tətbiqini də təklif edərdim. Nəticə etibarilə məqsəd sahibkarlıq mühitini yaxşılaşdırmaq, biznes aktivliyini artırmaq və işsizlik səviyyəsini minimum həddə endirmək olardı”.

Sosioloq Üzeyir Şəfiyev: “Cənab prezident İlham Əliyevin elan etdiyi, həyata keçirməkdə olduğu sosial dövlət, sosial rifah dövləti quruculuğuna töhfə verə biləcək təklif və təşəbbüslərlə çıxış edərdim”.

Politoloq Aydın Quliyev: “İçində olmadığım şərait barədə fikir yürütmək istəməzdim.... Bu Milli Məclisin isə deputatı olmaq istəməzdim”.
12:50 08.06.2026
Oxunuş sayı: 97