Qızıl almaq istəyənlərin diqqətinə!
Qlobal əmtəə bazarlarında qızılın qiymətinin 4600 dollara yaxınlaşması son dövrlərin ən diqqətçəkən iqtisadi hadisələrindən biri kimi qiymətləndirilir. Ənənəvi olaraq risk və qeyri-müəyyənlik dövrlərində “təhlükəsiz liman” hesab edilən qızılın bu qədər sürətli bahalaşması fonunda əsas sual yaranır: bu artım yalnız müharibə faktorunun nəticəsidirmi, yoxsa daha dərin iqtisadi səbəblər də mövcuddur? Eyni zamanda, mümkün sülh ssenarisi baş verdiyi təqdirdə bazarda hansı istiqamətli dəyişikliklər gözlənilə bilər və qızıl əvvəlki mövqeyini qoruyub saxlaya biləcəkmi?
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib:

"Bu gün beynəlxalq və qlobal qızıl bazarında müəyyən paralel proseslər müşahidə olunur. Belə ki, neftin qiymətinin artması bəzi hallarda qızılın qiymətinin enməsi ilə müşayiət olunur. Yəni neft bahalaşdıqca, qızılın ucuzlaşması tendensiyası özünü göstərir. Halbuki, ənənəvi olaraq münaqişə və qeyri-sabitlik dövrlərində daha likvid və mobil investisiya aləti kimi məhz qızıla üstünlük verilir. Bu vəziyyət bir neçə amillə izah oluna bilər. İlk növbədə, Körfəz ölkələrində gedən müharibə şəraitində həmin regionda yerləşən bəzi subyektlər – istər dövlətlər, istərsə də varlı fərdlər – müxtəlif səbəblərdən qızıl satışını artıra bilərlər. Bu isə bazarda təklifin çoxalmasına və nəticə etibarilə qızılın qiymətinin aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, əgər əvvəlki dövrlərdə bu ölkələr tərəfindən qızıla yüksək tələbat var idisə, hazırda bu alışların zəifləməsi və ya dayanması da qiymətlərin enməsinə təsir göstərən faktor kimi çıxış edir.
Ekspert qeyd edib ki, bununla yanaşı, neftin bahalaşması enerji gəlirlərini artıraraq alternativ investisiya istiqamətlərinə marağı gücləndirir və bu da dolayısı ilə qızıla olan tələbin azalmasına gətirib çıxara bilər: "Hazırda müşahidə olunan digər mühüm tendensiyalardan biri isə investor diqqətinin qızıldan daha çox kriptovalyutalara yönəlməsidir. Bu sahədə bəzi kriptovalyutalarda artım qeydə alınması da kapitalın qızıldan çıxaraq alternativ aktivlərə yönəldiyini göstərir. Bununla belə, mövcud vəziyyətin daha çox müvəqqəti xarakter daşıdığını qeyd etmək olar. Ehtimal edilir ki, müəyyən müddətdən sonra qızılın qiymətində yenidən artım müşahidə olunacaq. Əslində bu da gözlənilən bir prosesdir. Çünki qızıl son dövrlərdə kifayət qədər sürətli və kəskin qiymət artımı nümayiş etdirmişdi. İqtisadiyyatda “doyum nöqtəsi” anlayışı mövcuddur – yəni aktiv müəyyən maksimal həddə çatdıqdan sonra bazar özünü tənzimləyərək qiymətlərin daha real səviyyəyə enməsini təmin edir. Hazırkı mərhələdə də qızılın qiyməti məhz bu korrektə prosesindən keçərək öz real dəyərini əks etdirməyə başlayır".
Ayhan
10:22 01.04.2026
Oxunuş sayı: 51