Microsoft uşaqların AI istifadəsinə nəzarəti artırır
Microsoft uşaqların süni intellekt imkanlarından daha təhlükəsiz istifadə etməsi üçün yeni təhlükəsizlik çərçivəsi təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Microsoft” bu barədə məlumat yayıb.
“Güvənli İştirak Çərçivəsi” uşaqların və ailələrin təhlükəsizlik tədbirləri ilə texnologiyanın imkanları arasında seçim etməməsi prinsipi əsasında hazırlanıb.
Çərçivə “dizayn üzrə təhlükəsizlik”, “yaşa uyğunlaşdırılmış təcrübələr” və “təhsil” olmaqla üç əsas istiqamət üzərində qurulub.
Yeni qaydalara əsasən, Microsoft-un süni intellekt köməkçisi “Copilot”dan istifadə üçün hesabla giriş tələb olunur. 13 yaşdan kiçik uşaqların platformaya çıxışı isə məhdudlaşdırılır.
Bundan əlavə, “Bing” axtarış sistemində zərərli məzmunun qarşısını almaq üçün filtrlər gücləndirilib. Tərtibatçılar üçün daha etibarlı yaş yoxlamasına imkan verən “Windows Yaş API” proqramlaşdırma interfeysi də istifadəyə verilib.
Microsoft bildirib ki, rəqəmsal təhlükəsizliyin yalnız texnologiya vasitəsilə təmin edilməsi mümkün deyil. Şirkət süni intellekt təhlükəsizliyi institutları, hökumətlər, təhsil işçiləri və vətəndaş cəmiyyəti təşkilatları ilə beynəlxalq əməkdaşlığı genişləndirəcək.
02:54 11.09.2026
Oxunuş sayı: 42