Günəşdə güclü partlayış baş verdi
30 mart səhərində güclü X sinifli günəş partlayışı qeydə alınıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, X1.5 gücündə olan partlayış Moskva vaxtı ilə saat 06:19-da Günəşin 4405 aktiv bölgəsində baş verib. Hadisə 49 dəqiqə davam edib və rentgen şüaları vasitəsilə qeydə alınıb. Bu, 2026-cı ilin fevral ayının əvvəlindən bəri ilk X sinifli partlayışdır.
Bundan əvvəl oxşar hadisə 4 fevral tarixində 4366 aktiv bölgəsində müşahidə olunmuş və X4.2 səviyyəsinə çatmışdı. Həmin bölgə sonradan güclü partlayışların sayına görə rekord müəyyənləşdirmişdi.
Mütəxəssislər bildirirlər ki, hazırda Günəş aktivliyi yüksək olaraq qalır və 2026-cı ilin sonuna qədər daha 5–10 X sinifli partlayışın baş verməsi mümkündür.
Qeyd edək ki, X sinifli günəş partlayışları ən güclü hesab olunur və bəzən koronal kütlə atışları ilə müşayiət edilir. Bu isə Yerə təsir edərək geomaqnit fırtınalarına, rabitə və enerji sistemlərində pozuntulara səbəb ola bilər.
17:46 30.03.2026
Oxunuş sayı: 917