ABŞ-da növbəti Prezident kim olacaq? – Vens öndədir
ABŞ-nin daxili siyasi arenasında növbəti seçki dövrü üçün proqnozlar artıq real rəqabət müstəvisinə keçib. Mühafizəkarlar arasında keçirilən son rəy sorğuları vitse-prezident J.D.Vensin populyarlıq reytinqində Marko Rubionu geridə qoyduğunu təsdiqləyir.
Bu üstünlük təkcə rəqəmlərlə deyil, həm də Vensin Cənubi Qafqazdan Yaxın Şərqə qədər uzanan geniş geosiyasi arenada rəsmi Vaşinqtonun "əsas siması" kimi çıxış etməsi ilə əsaslandırılır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, mövcud siyasi dinamika fonunda ilkin üstünlük J.D.Vensə məxsusdur.
Onun sözlərinə görə, Vensin həm daxili, həm də xarici siyasət müstəvisində aktivliyi onun reytinqinə birbaşa təsir göstərir:

"Hələlik bir illik fəaliyyət kontekstində prosesi dəyərləndirsək, düşünürəm ki, vitse-prezident J.D.Vens öndədir. Çünki ABŞ-nin geosiyasi maraqları kontekstində bəzən həlledici amil kimi xarici səfərlər çıxış edir.
Məsələn, Cənubi Qafqazla bağlı həm Ermənistana, həm də Azərbaycana vitse-prezident Vensin səfəri oldu və bu, geosiyasi baxımdan çox əhəmiyyətli idi.
Vensin Yaxın Şərq istiqamətində fəallığı da onun siyasi çəkisini artırır. Bu gün dünyanı narahat edən ABŞ-İsrail-İran qarşıdurması kontekstində İran və hətta perspektivdə Pakistanla bağlı danışıqların da Vens tərəfindən aparılması ehtimalı var. Halbuki, bu istiqamətlər əsasən Dövlət Departamentinin səlahiyyətlərinə aiddir".
N.Miri əlavə edib ki, paralel olaraq Ukrayna-Rusiya münaqişəsi fonunda da Marko Rubionun aktiv rolunun görünməməsi onun mövqeyinə təsir göstərir:
"Bu proseslərdə Rubio bir qədər arxa planda görünür. Eyni zamanda, ABŞ prezidentinin xüsusi nümayəndələrinin – Witkoff və Kuşnerin – daha aktiv rol oynaması da diqqət çəkir. Bu isə xarici siyasətin icrasında Rubionun səlahiyyətlərinin praktik olaraq ikinci plana keçdiyi təsəvvürünü yaradır".
Politoloqun fikrincə, bu vəziyyət Respublikaçılar daxilində və ümumilikdə ABŞ siyasi sistemində Vensin mövqeyini gücləndirir:
"Bu mənzərə onu göstərir ki, xarici siyasətin həyata keçirilməsi formal olaraq Dövlət Departamentinə aid olsa da, faktiki olaraq başqa fiqurlar ön plana çıxır. Bu da Vensi həm partiya daxilində, həm də ictimai rəy səviyyəsində önə çıxarır.”
Natiq Miri bildirib ki, əgər gələcəkdə İran və Pakistanla bağlı danışıqlarda müsbət nəticələr əldə olunarsa, bu, Vensin siyasi karyerası üçün ciddi üstünlük olacaq:
"Əgər bu danışıqlar nəticə versə və atəşkəs və ya sülhə yaxın bir razılaşma əldə olunarsa, bu, birbaşa Vensin siyasi uğuru kimi qiymətləndiriləcək".
Donald Trampın da dolayı şəkildə Vensə daha çox üstünlük verməsinin müşahidə olunduğunu bildirən politoloq qeyd edib ki, Trampın mövqeyində də Vensə müəyyən üstünlük verildiyi hiss olunur və bütün bunlar onu göstərir ki, hazırda Vens Rubiodan ən azı bir addım öndədir.
Politoloq əlavə edib ki, ümumi mənzərə hələlik formalaşma mərhələsindədir:
"Növbəti prezident seçkilərinə hələ üç il var və bu müddət ərzində həm regional, həm də qlobal miqyasda ciddi dəyişikliklər baş verə bilər.
Lakin hazırkı dinamika Vensin üstün mövqedə olduğunu göstərir. Rubio isə parlaq siyasi sıçrayışlar etmədiyi təqdirdə önə çıxmaqda çətinlik çəkə bilər".
Nigar Yahyazadə
10:20 31.03.2026
Oxunuş sayı: 51