Avropa kəşfiyyatı: Rusiya İrana hücum dronları verməyə hazırlaşır
Avropa kəşfiyyat agentlikləri Rusiyanın İrana hücum dronlarının təhvil verilməsinin son mərhələsində olduğunu hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yüksək vəzifəli Avropa rəsmisinə istinadən məlumat yayıb.
Bildirilir ki, Moskva ABŞ və İsraillə davam edən gərginlik fonunda istifadə olunmaq üçün Tehrana dronlar göndərməyə hazırlaşır.
Mənbənin sözlərinə görə, Rusiya artıq İranla kəşfiyyat məlumatlarını paylaşır və regiondakı Amerika qüvvələrinə qarşı əməliyyatlara dolayısı ilə dəstək verir. Qeyd olunur ki, partlayıcı yüklü dronların mümkün təhvil verilməsi münaqişənin başlanmasından bəri ilk dəfə birbaşa ölümcül hərbi dəstək kimi qiymətləndirilə bilər.
Rəsmi şəxs əlavə edib ki, bu proses yalnız silahlarla məhdudlaşmır. Plan çərçivəsində dərman və qida daxil olmaqla digər yardımların da mərhələli şəkildə göndərilməsi nəzərdə tutulur.
Ekspertlər isə xəbərdarlıq edir ki, belə tədarüklər regionda gərginliyi daha da artıra bilər. Onların fikrincə, İranın artıq Fars körfəzində hücum dronlarından aktiv istifadəsi və bu imkanların genişlənməsi ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri üçün ciddi çətinliklər yarada bilər.
13:13 28.03.2026
Oxunuş sayı: 55