Çin peyk görüntülərini İrana ötürüb: ABŞ hədəfləri risk altında
Çin peyk şirkətinin ABŞ-yə məxsus qırıcı təyyarələrin yerləşdiyi ərazilərə dair yüksək keyfiyyətli peyk görüntülərini dərc edərək İrana təqdim etdiyi iddia olunur. Məlumata görə, söhbət uçuş-enmə zolaqlarında dayanan Amerika qırıcı təyyarələrinin dəqiq görüntülərindən gedir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Pekin eyni zamanda Dubayda yerləşən və ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun yüksək rütbəli zabitlərinin qaldığı otellərin dəqiq siyahısını da Tehrana ötürüb.
Yayılan məlumatda qeyd olunur ki, Çin ilk dəfə olaraq ən müasir və dəqiq xəritələşdirilmiş peyk görüntülərini İrana təqdim etməklə ABŞ hərbi şəxsi heyətini faktiki olaraq risk altına qoyub. Məlumatda bunun regionda eskalasiyaya səbəb ola biləcəyi vurğulanır.
Pentaqonun keçmiş əməkdaşı, hərbi ekspert Mary Beth Long isə bildirib ki, bu addım son dərəcə təhlükəli və oyunun qaydalarını dəyişdirə biləcək gediş hesab olunur. Onun sözlərinə görə, bu məlumatlar İrana ölkə xaricində yerləşən ABŞ üçün strateji əhəmiyyətli hədəfləri müəyyən etməyə və onları vurmağa imkan yarada bilər.
Ekspert həmçinin qeyd edib ki, Çin bu addımı ilə kosmik peyk texnologiyaları sahəsindəki imkanlarını da sınaqdan keçirir və artıq bu istiqamətdə ABŞ üçün real rəqibə çevrilib.
Mənbələrin məlumatına görə, İranın son dəqiq zərbələrində də Çinin peyk məlumatlarının rolu xüsusi qeyd olunur. Bildirilir ki, Pekin birbaşa hərbi əməliyyatlara qoşulmadan belə Yaxın Şərqdə ABŞ-ın çəkindirmə gücünə ciddi təsir göstərə bilib.
11:25 08.03.2026
Oxunuş sayı: 46