Kiyevdən sərt ittiham: Macarıstan dövlət terrorizmi edir
Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanda baş verən hadisə ilə bağlı sərt bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sıbiqanın sözlərinə görə, Budapeştdə yeddi Ukrayna vətəndaşı saxlanılıb və onların vəziyyəti ilə bağlı məlumat yoxdur.
Nazir bildirib ki, saxlanılan şəxslər Ukraynanın dövlət bankı olan Oschadbankın əməkdaşlarıdır.
Sıbiqa qeyd edib ki, həmin şəxslər Avstriya ilə Ukrayna arasında hərəkət edən iki rəsmi nəqliyyat vasitəsi ilə dövlət bankları arasında həyata keçirilən adi xidmət çərçivəsində nağd pul daşıyırdılar.
Ukrayna XİN rəhbərinin sözlərinə görə, bu hadisə Macarıstan tərəfindən girov götürülmə və vəsaitlərin mənimsənilməsi kimi qiymətləndirilir.
“Əgər bu, cənab Orbanın danışdığı ‘güc’dürsə, bu, cinayətkar qrupun gücünə bənzəyir. Bu, dövlət terrorizmi və reketçilikdir”, – deyə Sıbiqa bildirib.
Nazir əlavə edib ki, Ukrayna artıq vətəndaşlarının dərhal azad edilməsini tələb edən rəsmi nota göndərib.
Kiyev həmçinin Avropa İttifaqını Macarıstanın hərəkətlərinə hüquqi qiymət verməyə çağıracağını bildirib.
10:00 06.03.2026
Oxunuş sayı: 504