İranda yeni Ali rəhbərin seçildiyi iddia olunsa da rəsmi təsdiq YOXDUR
İranın Ekspertlər Assambleyası və SEPAH-ın iştirakı ilə 56 yaşlı Müctəba Xameneinin ölkənin yeni Ali rəhbəri seçildiyi barədə məlumatlar yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İddialara görə, o, öldürülən Ali rəhbər Əli Xameneinin oğludur. Lakin bu məlumat hələlik İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib.
Məlumata əsasən, Müctəba Xamenei 1990-cı illərdə dini təhsil alaraq ruhani kimi fəaliyyətə başlayıb. 2000-ci illərdə isə o, İranın altıncı prezidenti Mahmud Əhmədinejadın siyasətini fəal şəkildə dəstəkləyib. Həmin dövrdə ölkədə liberal islahatların dayandırılması və nüvə proqramının sürətləndirilməsi istiqamətində qərarlar qəbul olunmuşdu.
Bəzi siyasi analitiklər Müctəba Xameneini 2009-cu ilin iyununda keçirilən prezident seçkilərindən sonra baş verən etirazların yatırılmasının əsas təşkilatçılarından biri kimi qiymətləndirirlər.
Eyni zamanda, onun İranın iri banklarından birində yerləşən böyük maliyyə aktivlərinə nəzarət etdiyi iddia olunur. Bu aktivlərə Avropada hotel biznesi, eləcə də Böyük Britaniya, Almaniya və BƏƏ-də daşınmaz əmlakın daxil olduğu bildirilir.
Qeyd edək ki, ABŞ 2019-cu ildə İranın uran istehsalını artırması fonunda Müctəba Xameneini sanksiyalar siyahısına daxil edib.
15:01 04.03.2026
Oxunuş sayı: 468