ABŞ dövlət katibi Marko Rubio Konqresin yüksək səviyyəli üzvləri üçün İranla bağlı məxfi brifinq keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Brifinq ABŞ-nin 2003-cü ildən bəri Yaxın Şərqdə çox sayda təyyarə və hərbi gəmi göndərdiyi bir vaxta təsadüf edib. Məlumatlandırma “Səkkizlik Dəstəsi” (Gang of Eight) adlanan xüsusi qrupa təqdim olunub. Bu qrupa Nümayəndələr Palatası və Senatdan hər iki partiyanın aparıcı qanunvericiləri, həmçinin hər iki palatanın kəşfiyyat komitələrinin rəhbərləri və əsas üzvləri daxildir.
Həmin qrup Ağ Evdən genişmiqyaslı hərbi əməliyyatlara hazırlıqla bağlı ola biləcək ən məxfi kəşfiyyat məlumatlarını almaq səlahiyyətinə malikdir.
Qeyd olunur ki, Rubio sonuncu dəfə yanvarın 5-də, Nikolas Maduro ilə bağlı əməliyyatdan sonra Konqres üzvlərinə açıq brifinq vermişdi.
Bu tədbir ABŞ-nin İranla bağlı mövcud siyasət və hərbi hazırlıqları barədə Konqresin əsas üzvlərini məlumatlandırmaq məqsədi daşıyıb.