KİV: Rusiya Avropa üçün ciddi təhlükədir
Avropa ölkələri hesab edir ki, hazırkı şərtlərlə əldə olunacaq mümkün sülh razılaşması qitəni Rusiyadan qaynaqlanan ciddi təhlükələrlə üz-üzə qoya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın aparıcı analitik mərkəzlərindən biri olan Kral Birləşmiş Xidmətlər üzrə İnstitut quru(hava və dəniz döyüşləri istisna) müharibəsi üzrə baş elmi işçisi Cek Uatlinq bildirib.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ərəfəsində müharibənin mövcud vəziyyəti ilə bağlı müxtəlif ekspertlər qiymətləndirmələr aparırlar. Dr. Uatlinq qeyd edib ki, Moskva müharibəni 2026-cı il ərzində də davam etdirməyi planlaşdırır və danışıqlar prosesini transatlantik ittifaq daxilində parçalanma yaratmaq vasitəsi kimi görür.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi müharibəni 2027-ci ilə qədər davam etdirmək imkanına malik olduğuna inanır. Eyni zamanda, Avropa ölkələri sürətlə yenidən silahlanmağa başlasa da, bu proses vaxt tələb edir. Buna görə də bir çox Avropa dövləti Rusiyanın irəli sürdüyü şərtlər əsasında qəfil atəşkəsin qitəni ciddi risklərlə qarşı-qarşıya qoya biləcəyini düşünür.
Ekspert vurğulayıb ki, Vaşinqtonla Avropanın məqsədləri arasında ciddi ziddiyyət mövcuddur. Onun fikrincə, Ağ Ev ən qısa zamanda atəşkəs əldə etməyə çalışır ki, bu da Rusiya ilə iqtisadi münasibətlərin yenidən qurulmasına zəmin yarada bilər.
Bununla belə, Uatlinq diqqətə çatdırıb ki, Rusiya müdafiə sahəsinə alıcılıq qabiliyyəti pariteti ilə hesablandıqda ildə təxminən 500 milyard dollar vəsait xərcləyir və atəşkəs baş versə belə, bu xərclərin azalacağına dair ciddi əlamət yoxdur. Bu səbəbdən Avropada sanksiyaların ləğvi olduqca təhlükəli addım kimi qiymətləndirilir. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı bu məsələdə diametral şəkildə fərqli mövqelərə malikdir.
Dr. Uatlinq belə nəticəyə gəlib ki, Rusiya daha böyük itkilərlə və ya daha ağır iqtisadi təzyiqlə üzləşməyincə aqressiv siyasətini davam etdirəcək. Onun fikrincə, Avropa üçün əsas prioritetlər Rusiyanın təxribat xarakterli fəaliyyətlərinə qarşı sərt mübarizə aparmaq, Ukrayna ordusuna davamlı şəkildə silah tədarük etmək və Moskvaya əlavə siyasi və iqtisadi xərclər yükləyən aktiv siyasət həyata keçirməkdən ibarət olmalıdır.
Turqut Ansari
00:40 24.02.2026
Oxunuş sayı: 432