İrandan hiyləgər gediş: ABŞ ilə müharibə ehtimalını bilərəkdən yüksəldir
İranın yüksək vəzifəli rəsmisi Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ-nin İrana istənilən hücumu, miqyasından və xarakterindən asılı olmayaraq, İslam Respublikasına qarşı genişmiqyaslı müharibənin başlanması kimi qəbul ediləcək, Tehranın hücuma cavabı maksimum sərt olacaq.
"Biz bu dəfə istənilən hücumu, istər məhdud, istər limitsiz, cərrahi, kinetik və ya nə adlandırsalar da, bizə qarşı tammiqyaslımüharibə kimi qəbul edəcəyik və mümkün olan ən sərt güclə cavab verəcəyik", - o bildirib.
Daha əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Məlum olduğu kimi, Vaşinqtonla Tehran arasında münasibətlər kifayət qədər gərgindir. Bəzi ekspertlərin fikrincə, ABŞ-nin İrana hücumu hər an baş verə bilər. Hərçənd bunun artıq gecikmiş addım olacağını iddia edənlər də var.
Mövcud durum barədə politoloq Amid Əliyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu mövqe ABŞ-ın indiyə qədər tətbiq etdiyi eskalasiyanı idarəetmə siyasətini faktiki olaraq zəiflədir: “İran klassik çəkindirmə strategiyasını sərtləşdirərək Vaşinqtonun manevr imkanlarını daraldır. ABŞ artıq hərbi təzyiq alətlərini "məhdud əməliyyat" kimi təqdim edə bilməyəcək. Seçim ya hərbi eskalasiyadan imtina, ya da regional müharibə riskini qəbul etməkdir.”

Politoloqun fikrincə, İranın eyni mesajı həm Nyu-Yorkda, həm də Bakıda səsləndirməsi təsadüfi deyil: “Bu, Tehranın mövqeyini taktiki xəbərdarlıq yox, institusional səviyyədə qəbul edilmiş yeni təhlükəsizlik xətti kimi təqdim etdiyini göstərir. İran diplomatiyası mümkün münaqişə riskini region ölkələrinə əvvəlcədən çatdırmaq və neytral aktorları xəbərdar etmək istəyir. İranın yanaşması artıq klassik “strateji səbir” doktrinasından fərqlənir. Əvvəllər Tehran məhdud zərbələrə dolayı cavablar, proksi qüvvələr və zamanla uzadılan reaksiyalarla cavab verirdi. İndi isə mesaj sadə və sərtdir: istənilən zərbə genişmiqyaslı müharibəyə aparacaq. Bu, xüsusilə ABŞ və İsrailin "aşağı intensivlikli təzyiq" strategiyasını riskli hala gətirir.”
Ekspert hesab edir ki, bu proses ABŞ üçün də ciddi siyasi nəticələr yaradır:“Hərbi addım atılarsa, məsuliyyət tam şəkildə Vaşinqtonun üzərinə düşəcək. Bu isə həm daxili siyasi legitimlik, həm də müttəfiqlərlə koordinasiya baxımından ABŞ üçün əlavə çətinliklər yarada bilər.”
Sonda ekspert qeyd edib ki, İran hazırda müharibə istəmir, lakin bu ehtimalı bilərəkdən yüksəldir: “Bu, birbaşa güc nümayişindən çox psixoloji və siyasi çəkindirmə strategiyasıdır. Tehran qarşı tərəfi elə risk mühitiə üz-üzə qoyur ki, hərbi variant seçilməsin. Bu isə Yaxın Şərqdə qarşıdakı dövrün daha təhlükəli və proqnozlaşdırılması çətin olacağını göstərir.
Fatimə Hacıəliyeva
09:40 26.01.2026
Oxunuş sayı: 623