İranda iqtisadi böhranın kökündə idarəetmə problemləri dayanır – Siyasi şərhçi
İranda iqtisadi böhranın kökündə idarəetmə problemləri dayanır – Siyasi şərhçi
İranın ali dini lideri Əli Xamenei ölkədə vəziyyətin ağır olduğunu etiraf edib. O, bu barədə "X" hesabında yazıb.
"Dövlət məmurları və vəzifəli şəxslər səyləri iki dəfə artırmalı və işə daha ciddi yanaşmalıdırlar", - Xamenei bildirib.
Onun fikrincə, əsas məhsulların ölkəyə çatdırılması üçün daha çox işləmək lazımdır.
İranda baş verənlər vədini liderin etirafı barədə Crossmedia.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran hakimiyyəti ölkədəki etiraz aksiyalarını mərhələli şəkildə 4 yerə bölür və hesab edir ki, birinci mərhələdə etiraz aksiyaları vardı və bunlar doğrudan da haqlı tələblər irəli sürdülər, ölkədəki sosial-iqtisadi problemlərə və narahatlıqlara diqqət çəkdilər.
Siyasi şərhçinin sözlərinə görə, hakimiyyət hesab edir ki, sonrakı hadisələr iğtişaşdır və bunu xarici qüvvələr, xüsusən ABŞ təşkil edib: “Amma bütün hallarda ABŞ-nin və ya İsrailin, və ya hər hansı X ölkənin İranda iğtişaş yaratmasının kökü Tehran hakimiyyətinin dövləti idarə etməsindəki problemlərdən yaranır, yəni ölkədə korrupsiyaların çoxalması, ağır iqtisadi vəziyyət, ölkə iqtisadiyyatına xarici sərmayənin qoyulmaması, ölkənin siyasəti ucbatından ölkə iqtisadiyyatına, dövlət rəsmilərinə, şirkət rəhbərlərinə tətbiq olunan sanksiyalar bu ölkədə sosial-iqtisadi böhranlı vəziyyətə səbəb olub”.
S. Soltan qeyd edib ki, Xamenei də bunu çıxışında vurğulayıb, amma ondan çıxış yolunu göstərməyib: “Çıxış yolu isə sanksiyaların aradan qaldırılmasından başlayır; sanksiyalar isə tətbiq edən ABŞ və onun müttəfiqləridir. ABŞ və onun müttəfiqləri ilə danışıqları aparmaq və onların irəli sürdüyü şərtlərə əməl etmək bu çətinlikdən qurtulmağın mümkün yoludur. Xamenei problemi etiraf etsə də, ondan çıxış yolu və atacaqları addımları cəmiyyətə çatdırmayıb. Sadəcə olaraq ABŞ-nin, ABŞ prezidentinin İran liderlərinə göndərdiyi ismarıcları hədələrlə qarşılayaraq vəziyyətdən çıxış yolu tapacaqlarını bildirib”.
Onun fikrincə, mövcud şəraitdə bu yanaşma effektiv deyil: “İranın indiki vəziyyətində hədələyici çıxışlar, hədələyici ritorika çıxış yolu deyil. Ona görə də Xameneinin çıxışlarında etiraflar hələ ölkənin düşdüyü ağır böhranlı vəziyyətdən çıxması üçün proqram, plan demək deyil”.
Mehriban Yariyeva
11:19 20.01.2026
Oxunuş sayı: 1715