Suriyada YPG/SDQ məğlubiyyətə uğrayır: ABŞ-nin planları "suya düşdü"
Son günlər Suriyanın şimal-şərqində, xüsusilə Rakka və Deyrizor vilayətlərində Suriya Ordusu ilə YPG/SDQ arasında qarşıdurmalar intensivləşib. Suriya Ordusu və yerli ərəb qəbilələrinin dəstəyi ilə bu bölgələr YPG/SDQ-dən azad edilib, Rakka mühasirəyə alınıb, Deyrizor isə tam nəzarət altına keçirilib. Hadisələr strateji əhəmiyyətli neft və qaz yataqları və su elektrik stansiyaları üzərində nəzarətin dəyişməsinə səbəb olub. ABŞ və Suriya rəsmiləri dialoq çağırışları etsələr də, qarşıdurmalar davam edib. Həmçinin, YPG/SDQ-nin hərbi cinayətlərinə dair məlumatlar yayılıb. Rakka və Deyrizorun azad edilməsi bölgənin hərbi və siyasi-strateji durumuna ciddi təsir göstərir və Suriyada münaqişənin kompleks xarakterini ortaya qoyur.

Politoloq Elçin Xalidbəyli Crossmedia.az-a bildirib ki, Suriya ordusunun son bir neçə gün ərzində keçirdiyi antiterror əməliyyatları terrorçu təşkilat olan YPG-nin mövqelərinə sarsıdıcı zərbələrlə müşayiət olunub: "Artıq bu terror təşkilatı öz mövqelərini ciddi şəkildə itirməyə başlayıb; həm nəzarət etdiyi ərazilər daralıb, həm də Suriya ərazisində təcavüz gücü ciddi şəkildə zəifləyib və böyük ehtimalla yaxın gələcəkdə Türkiyənin də maraqlarına uyğun olaraq Suriyada YPG-nin tamamilə sıradan çıxarılması reallaşa bilər. Onu da nəzərə almaq lazımdır ki, YPG Türkiyəni hədəfə alan terror təşkilatı PKK-nın Suriya qoludur. Üstəlik, YPG uzun illər ABŞ tərəfindən maliyyələşdirilib, silah-sursat və hərbi texnika ilə təmin olunub, eyni zamanda Amerika ordusunun yüksək ixtisaslı mütəxəssisləri tərəfindən təlimlər keçirilib. Yəni YPG ABŞ-nin Suriya ərazisindəki terror təşkilatıdır və Ağ Ev bu terror təşkilatının sayəsində Suriya ərazisində bir terror dövləti qurmaq istəyirdi. Bununla bağlı layihə mövcud idi, ancaq Türkiyənin sərt müqaviməti və Suriyanın yeni hökumətinin qətiyyəti sayəsində artıq ABŞ-nin Suriya ərazisində terror dövləti qurmağı hədəfləyən layihəsi faktiki olaraq iflasa uğrayıb. Bununla da Suriyada ABŞ-nin təsir mexanizmləri də zəifləyib. Böyük ehtimalla yaxın vaxtlarda YPG-nin, yəni PKK-nın Suriya qolunun tamamilə sıradan çıxarılması baş tutduqdan sonra ABŞ üçün Suriya ərazisində birbaşa hansısa prosesləri idarə etmək çox çətin olacaq. Terrorçu YPG, PKK sayəsində ABŞ Suriya ərazisinin bütün enerji resurslarına nəzarət edirdi. İndi Suriya ordusunun son antiterror əməliyyatları nəticəsində YPG, PKK nəzarətdə saxladığı enerji resursları bölgələrini Suriya hökumətinə geri qaytarmaq məcburiyyətində qalıb. Eyni zamanda, Suriyanın sərhədləri də Suriya hökumətinin nəzarətinə keçir. Yəni bu da o deməkdir ki, YPG, PKK faktiki olaraq Suriya ordusu tərəfindən mühasirəyə alınmış vəziyyətə düşür və ABŞ-nin Suriya ərazisindəki terrorçu müttəfiqi faktiki olaraq sıradan çıxarılmaq üzrədir".
Mehriban Yariyeva
11:08 20.01.2026
Oxunuş sayı: 1615