İran məsələsi təkcə İsrailin istəkləri ilə məhdudlaşmır: Regional gərginlik arta bilər
Son dövrlərdə Yaxın Şərqdə, xüsusilə İranla bağlı vəziyyət beynəlxalq diqqət mərkəzindədir. İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea bu kontekstdə ABŞ-a səfər edərək, İran məsələsini müzakirə etmək üçün yüksək səviyyəli görüşlər keçirəcək. Məlumata görə, danışıqlar iki ölkə arasında strateji məsləhətləşmələr çərçivəsində təşkil olunacaq və Barnea Mayamidə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşəcək. Eyni zamanda, Donald Tramp ilə münasibətlər və İsrailin Baş naziri Benyamin Netanyahunun İranla bağlı yanaşmaları vəziyyətin mürəkkəbliyini göstərir. Bu səfər, İranın regiondakı fəaliyyətləri və potensial hərbi risklər fonunda İsrail və ABŞ arasında təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini bir daha önə çıxarır.
Bu barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, son baş verən proseslər Mossad rəhbərinin ABŞ-yə səfərinin təsadüfi olmadığını göstərir: “Bu səfər onu göstərir ki, İsrail hələ də mövcud vəziyyətdən tam razı deyil və faktiki olaraq İranda mövcud rejimin qalmasında maraqlı deyil. Böyük ehtimalla Mossadın İranla bağlı kifayət qədər geniş kəşfiyyat məlumatları var və səfər də məhz buna hesablanıb".
Politoloq vurğulayıb ki, İran məsələsi təkcə İsrailin istəkləri ilə məhdudlaşmır:
“Nəzərə almaq lazımdır ki, İran üzərində demək olar ki, bütün qlobal güclərin maraqları toqquşur. Çinin öz maraqları var, Rusiyanın öz hesabları var, ABŞ və Böyük Britaniya bu prosesdə xüsusi rol oynayır. Eyni zamanda region dövlətləri də bu məsələyə biganə deyil. Bu səfər müəyyən təsir göstərə bilsə də, ABŞ-ni birbaşa hərbi mərhələyə sürükləyəcək səviyyədə deyil. Ola bilsin ki, bu təmaslar nəticəsində ABŞ müəyyən məhdud addımlar atsın, məsələn, siyasi və ya simvolik xarakterli təzyiq mexanizmləri işə düşsün. Hətta bəzən yüngül hava əməliyyatları ilə bağlı fikirlər səslənir. Düşünmürəm ki, bu səfər ABŞ-ni genişmiqyaslı hərbi mərhələyə keçməyə məcbur etsin. Çünki pərdəarxası razılaşmalar, böyük güclər arasında formalaşmış balans mövcuddur".
Politoloqun fikrincə, regional balansın pozulması daha ciddi fəsadlara yol aça bilər:
“Bu səfər olsa belə, regional balansı köklü şəkildə dəyişə bilməyəcək. Balans qorunmalıdır. Əks halda, Yaxın Şərqdə gərginlik daha da artar və bu, qlobal miqyasda daha xaotik vəziyyətə gətirib çıxara bilər".
Mehriban Yariyeva
10:27 20.01.2026
Oxunuş sayı: 1536