Hakan Fidan xəbərdarlıq etdi: Türkiyənin səbri tükənir, yeni əməliyyata başlanılacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsində deyib ki, Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlamaq istəmir, lakin səbri tükənir.
Nazir bildirib ki, Suriya hökuməti və SDQ arasında martın 10-da əldə olunan razılaşmanın icrası gecikir və qruplaşma bu razılaşmaya gec olmadan əməl etməlidir.
“Biz sadəcə işlərin dialoq, müzakirələr və sülh yolu ilə irəliləməsinə ümid edirik. Hər kəs razılaşmanın heç bir gecikmə olmadan və təhrif olunmadan icra edilməsini gözləyir”, - Hakan Fidan qeyd edib.
Hakan Fidanın bu açıqlamalarından əvvəl Suriya hökuməti SDQ-yə Suriya ordusu ilə inteqrasiya üçün yekun təklif olaraq 13 maddəlik bir plan təqdim edib.
Son illərdə Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallıqlar göstərir ki, Suriyanın şimalında fəaliyyət göstərən silahlı qruplaşmalar artıq əvvəlki manevr imkanlarını itirməkdədir. Regional və qlobal güclər arasında balansın dəyişməsi fonunda terror təşkilatlarından alət kimi istifadə edən mərkəzlərin təsir dairəsi daralır. Xüsusilə Suriya Demokratik Qüvvələri adı altında fəaliyyət göstərən strukturun taleyi bu proseslərin mərkəzində dayanır. Türkiyənin qətiyyətli təhlükəsizlik siyasəti, Suriya dövlətinin ərazi bütövlüyünü bərpa etmək iradəsi və beynəlxalq aktorların verdiyi açıq mesajlar göstərir ki, bu qruplaşma üçün ya silahsızlanma və dövlət strukturlarına inteqrasiya yolu qalır, ya da hərbi-siyasi baxımdan tamamilə sıradan çıxarılma mərhələsi başlayır.

Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlama verib:
"Suriya Demokratik Qüvvələri adı altında fəaliyyət göstərən bu terror qruplaşması mahiyyət etibarilə bir alətdir və bu alətdən istifadə edərək regionda öz geosiyasi maraqlarını təmin etməyə çalışan mərkəzlər mövcuddur. Bu mərkəzlərin başında isə ABŞ dayanır. Martın 10-da yeni Suriya hakimiyyəti ilə müəyyən razılaşma əldə edən bu qruplaşma sonradan həmin razılaşmanın icrası mərhələsində prosesi sabotaj etməyə cəhd göstərdi. Əvvəlcə ABŞ-nin dəstəyi ilə bu prosesi pozmağa çalışdılar, lakin bu cəhdlər nəticə vermədi. Hazırkı mərhələdə isə ABŞ, Türkiyə və Suriya hökuməti ilə birgə bu qruplaşmanın 10 mart razılaşmasına uyğun şəkildə bütün silahları təhvil verməsini və Suriya ordusuna inteqrasiya olunmasını təklif edib. Yəni artıq bu məsələ razılaşdırılmış bir formatda gündəmdədir. Əgər bu razılaşmadan imtina edilərsə, ABŞ faktiki olaraq Türkiyə dövləti və Suriya hökumətinin birgə bu qruplaşmaya qarşı hərbi əməliyyatlar keçirməsinə dolayısı ilə “yaşıl işıq” yandırmış olur. Məhz bu məqam terror qruplaşmasını ciddi şəkildə narahat edir. Son günlərdə ABŞ-dən dəstək ala bilməyəcəyini anlayan bu struktur indi İsrailə sığınmağa çalışır və hesab edir ki, İsrail tərəfindən maliyyə və hərbi dəstək alacağı təqdirdə ayaqda qala bilər. Bu səbəbdən də 10 mart razılaşmasının icrasını hələ də ləngitməyə davam edirlər".
Politoloq bildirib ki, lakin bu prosesin zaman limiti var: "İlin sonuna qədər müəyyən edilmiş bu müddət SEDEQ üçün artıq kritik mərhələdir. Həmin vaxta qədər Türkiyə və Suriya tərəfi strateji səbir nümayiş etdirməyə davam edəcək, amma paralel şəkildə açıq xəbərdarlıqlar da edilib: heç bir xarici güc bu terror qruplaşmasını mövcud vəziyyətdən xilas edə bilməz. Bu baxımdan demək olar ki, SEDEQ-in artıq sayılı günləri qalıb. Türkiyə və Suriya ordusunun birgə hərbi əməliyyatlara başladığı təqdirdə, heç kim İsrailin bu qruplaşmanı Türkiyə və Suriyanın əlindən ala biləcəyini düşünməməlidir. Belə bir ssenari real deyil".
Ekspert əlavə edib ki, əgər yaxın on gün ərzində konkret qərar və real addımlar atılmasa, silahlar təhvil verilməsə və heç bir muxtariyyət, xüsusi status olmadan Suriya ordusuna inteqrasiya prosesi başlamasa, bu qruplaşma hərbi yolla tamamilə ləğv ediləcək: "Çünki onların Suriyanın şimalında söykənə biləcəyi nə aşirət, nə qəbilə, nə də tayfa mövcuddur. Əməliyyatlar başladığı halda, bölgədəki kürd aşirətləri də Türkiyə və Suriya ordusunun yanında yer alacaq. Artıq terrorun Suriyadakı qolu, yəni PKK-nın Suriya qolu Türkiyə üçün birbaşa milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Türkiyədə “terorsuz Türkiyə” layihəsinin ciddi şəkildə icra olunduğu bir şəraitdə, Suriyanın şimalında Türkiyənin cənub sərhədləri boyunca belə bir terror strukturunun mövcudluğuna imkan verilə bilməz. Bu baxımdan Hakan Fidanın açıqlamaları da son dərəcə açıq və xəbərdaredici mesaj kimi dəyərləndirilməlidir. Əks təqdirdə cavab bəllidir: qısa müddət ərzində bu terror qruplaşması Suriyanın şimalında tamamilə ləğv ediləcək, Suriyanın ərazi bütövlüyü və enerji resursları üzərində suverenliyi bərpa olunacaq".
Ayhan
13:02 20.12.2025
Oxunuş sayı: 1438