İranın nüvə obyektləri vurulub: Yeni müharibə başlayacaq?
İranla ABŞ arasında münasibətlərin yenidən gərginləşdiyi bir dövrdə rəsmi Tehran Vaşinqtonun danışıqlar prosesinə yanaşmasını açıq şəkildə tənqid edib. İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi beynəlxalq ictimaiyyətlə, o cümlədən ABŞ-la konstruktiv dialoqa və qarşılıqlı hörmətə əsaslanan razılaşmaya hazırdır.
Lakin onun sözlərinə görə, Vaşinqtonun mövqeyi əvvəlki razılaşmaların ruhuna ziddir və İranın suverenliyini, milli ləyaqətini hədəf alan, qəbuledilməz şərtlərlə müşayiət olunur. Prezident vurğulayıb ki, ABŞ-ın təzyiq və hərbi vasitələrə üstünlük verməsi danışıqlar prosesini faktiki olaraq pozub və bu yanaşma regionda sabitliyin bərqərar olmasına xidmət etmir. Pezeşkianın açıqlamaları fonunda Tehran bir daha bəyan edib ki, münaqişə tərəfdarı deyil və nüvə proqramı ilə bağlı şəffaflığa hazırdır, lakin alçaldıcı və birtərəfli diktə edilən şərtləri qəbul etməyəcək.
Məsələ ilə bağlı siyasi şərhçi Şakir Ağayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"İran dəfələrlə bəyan edib ki, nüvə proqramını yalnız dinc məqsədlərlə həyata keçirmək istəyir və bunu elmi və texnoloji tərəqqiyə tətbiq etmək niyyətindədir. Lakin ABŞ buna birbaşa müdaxilə və İsrailin mövqelərini müdafiə məqsədilə razılaşmır. Bildirir ki, İranın nüvə fəaliyyəti dini motivlərlə həyata keçirilir, lakin sonradan nüvə texnologiyası silahlaşdırıla bilər.
Bu proses artıq müəyyən gərginliklərə səbəb olub. Artıq ABŞ- nin məlumatına görə, təyyarələr vasitəsilə İranın nüvə obyektlərinə müəyyən zərbələr endirilib. Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, danışıqlara hazırdır. Lakin şərtlər belə qoyulur ki, İranın onları qəbul etməsi çətin görünür. Bunun səbəbi İran cəmiyyətində əvvəlki müharibə illərində baş verən dağıntılar və nüvə proqramı ilə bağlı zərərlərin hələ də xatırlanmasıdır. İran üçün nüvə texnologiyasına sahib olmaq həm dini, həm də ideoloji əhəmiyyət daşıyır və bu, ölkənin ikinci ideoloji mərhələsinə çevrilə bilər".
O, bildirib ki, İran nüvə proqramı vasitəsilə həm dini atributları qoruyur, həm də nüvə gücünü cəmiyyətin ideoloji kontekstinə daxil edir: "Bu isə ölkə daxilində böyük hissiyyətlərə səbəb ola bilər. ABŞ bu reallığı bilir və buna görə də İran üzərində təzyiqi davam etdirir. İran isə daxili problemlərə görə ABŞ-nin şərtlərini qəbul etməyə hazır deyil".
Politoloq, həmçinin hazırkı vəziyyəti yaxın Şərqdə problemlər tam həll olunmadığını göstərdiyini qeyd edir:
"Suriyada, həmçinin İran-İsrail münasibətlərindəki gərginliklər davam edir. Bu səbəbdən, ABŞ və İran arasında razılaşmanın yaxın müddətdə əldə olunması çətin görünür. Hər iki tərəf mövqeyini qoruyur və bu, regiondakı balansın saxlanması üçün vasitə rolunu oynayır. Beləliklə, proseslərin gedişi göstərir ki, İran öz mövqeyindən geri çəkilməyəcək, ABŞ isə öz mövqeyini qoruyacaq və yaxın gələcəkdə razılaşma ehtimalı azdır".
Elmir Heydərli
12:28 20.12.2025
Oxunuş sayı: 1215