Rusiyanın Avropa üçün təhdid olduğu aydındır- Siyasi şərhçidən inamlı çıxış
Beynəlxalq münasibətlərdə artan gərginlik, xüsusilə Rusiya ilə Qərb ölkələri arasındakı siyasi və hərbi qarşıdurma ehtimalları Avropada təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Bu kontekstdə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabyen Mandonun bəyanatı xüsusi diqqət çəkib. Generalın sözlərinə görə, Fransa ordusu yaxın 3–4 il ərzində mümkün münaqişəyə — o cümlədən Rusiya ilə birbaşa və ya hibrid qarşıdurmaya — hazır olmalıdır.
Onun bu çağırışı Fransa ordusunun modernləşmə planlarını və ölkənin müdafiə strategiyasının Avropada dəyişən təhlükəsizlik reallıqlarına uyğunlaşdırılmasını əks etdirir. Müdafiə büdcəsinin 2026-cı ilə qədər 57,1 milyard avroya çatdırılması planı isə Parisin bu istiqamətdə ciddi addımlar atmaq niyyətində olduğunu göstərir.
Siyasi şərhçi Cavanşir Abbaslı bu barədə Crossmedia.az-a açıqlama verib.
O, bildirib ki, Avropanın aparıcı dövlətləri, xüsusilə Almaniya və Fransa, Rusiya ilə mümkün qarşıdurma üçün real hazırlıq göstərmirlər: “Rusiya–Ukrayna savaşında sönük iştirak edən dövlətlər sırasında, bəlkə də, birinci yerdə Almaniya gəlir. Ümumiyyətlə, rəsmi Berlin verdiyi bütün vədələri yerinə yetirmədi. Ukraynaya müəyyən dövrlərdə "bu silahları verəcəyəm, yardım edəcəyəm" deyən Almaniya bunların heç birini tam şəkildə həyata keçirməyib. Sadəcə Avropanın digər ölkələri kimi bəzi addımlar atdı, amma dediyi sözlərin arxasında durmadı".
C.Abbaslının sözlərinə görə, Fransa da oxşar mövqe sərgiləyir: “Fransada da vəziyyət eynidir, dediklərinin 90 faizini həyata keçirmədi. Buna görə nə Almaniyanın, nə də Fransanın Rusiyayla birbaşa müharibəyə hazırlaşması real deyil. Onlar yaxşı anlayırlar ki, Rusiya ilə savaş asan olmayacaq. Ona görə də "başımız niyə ağrısın" prinsipi ilə hərəkət edirlər".

C.Abbaslı qeyd edib ki, Rusiya–Ukrayna müharibəsinin Avropaya sirayət etmə ehtimalı qalır, lakin Qərb dövlətləri hərbi risklərdən qaçmağa üstünlük verirlər: “Avropanın qabaqcıl ölkələri "insanlarımızın burnu qanamasın" yanaşması ilə davranırlar. ABŞ bu prosesin başında gedir. Tarixdə də bunun nümunəsini görmüşük: İkinci Dünya müharibəsində ABŞ yalnız son aylarda müharibəyə qoşuldu və öz payını götürdü. İndi də eyni ssenari müşahidə olunur".
O hesab edir ki, ABŞ Rusiyayla açıq savaşa girmədiyi müddətdə, Almaniya və Fransadan belə bir addım gözləmək doğru olmaz: “Rusiyanın Avropa üçün təhdid olduğu aydındır, həm də kifayət qədər böyük bir təhdiddir. Amma bu təhdidlər Rusiya mövcud olduğu müddətcə davam edəcək. Çünki Rusiya dünyanın istənilən nöqtəsinə təsir göstərə biləcək ölçüdə gücə malikdir. Bu isə beynəlxalq sistemdə daimi risk mənbəyi deməkdir".
Müsahibimizin fikrincə, Avropa ölkələri bu təhlükəyə qarşı “qəti addımlar” atmaq iqtidarında olsalar da, real siyasi iradə göstərmirlər: “Nəticədə proses indiki kimi davam edəcək. Tarixdə də belə olub — Rusiya Avropanın gözünün içinə baxaraq udub. Ukrayna savaşında da oxşar nəticə qaçılmaz görünür".
Mehriban Yariyeva
11:52 24.10.2025
Oxunuş sayı: 1281