Rusiya- Ukrayna müharibənin taleyi həll olunur: Real sülhün əsas şərti…
Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Şurasının iclasının başlanğıcından əvvəl bəyan edib ki, ölkəsi Rusiya ilə atəşkəs üzrə bütün mümkün danışıqlara hazırdır.
V.Zelenski Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birlikdə iclasın başlanğıcından əvvəl jurnalistlərə şərh verib.
Ukrayna lideri, həmçinin bəyan edib ki, bu gün Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş 19-cu anti-Rusiya sanksiyalar paketini alqışlayır.
Məlum olduğu kimi, Rusiya- Ukrayna savaşı təxmnən üç ildir davam edir. İndiyədək hər iki tərəf bir neçə dəfə danışıqlara hazır olduğunu desə də, nə Kiyev, nə Moskva güzəştə gedir. Əksinə, Rusiya da, Ukrayna da öz şərtlərini diktə etməyə çalışır. Bu isə danışıqları çətinləşdirir.
Politoloq Natiq Miri Zelenskinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb.

O bildirib ki, bütün müharibələr sülhlə bitir — sadəcə, bu müharibənin dayandırılması üçün yollar axtarılıb tapılmalıdır: ‘’Zelenskinin fikrincə, Rusiya işğalçı bir dövlətdir və müharibənin aktiv fazasını dayandırmaq üçün Rusiyaya qarşı ciddi təzyiqlər tətbiq edilməlidir. Bu təzyiqlər həm hərbi, həm də iqtisadi sahələrdə paralel aparılmalıdır. Yəni Ukraynaya kütləvi və güclü hərbi yardımlar verilməli, bunun nəticəsində Rusiya daha çox canlı və texniki itkilər verməlidir ki, müharibəni maliyyələşdirmək imkanlarını itirsin. Hərbi yanaşma ilə paralel olaraq, Rusiyanın müharibəni maliyyələşdirən iqtisadi sahələri zəiflədilməli və ya məhdudlaşdırılmalıdır. Bilindiyi kimi, Rusiya büdcəsinin böyük hissəsini neft və qaz gəlirləri təşkil edir. Son dövrlərdə neft-qaz infrastrukturuna zərbələr vurulub və ixrac fəaliyyətləri zəifləyib. Bu, Rusiyanın büdcəsinə ciddi təsir edir. Beynəlxalq səviyyədə xüsusən, ABŞ və Aİ bu sahələrə qarşı sərt sanksiyalar tətbiq etməlidirlər. Belə tədbirlər Rusiyanın müharibəni davam etdirmək üçün lazımi maliyyəni əldə etməsini çətinləşdirəcək’’.
Politoloq qeyd edib ki, hərbi itkilər artıq ciddi səviyyədədir və bunların bir hissəsi Ukrayna ordusunun uğurlarının nəticəsidir: ‘’Lakin müharibənin dayandırılması üçün iqtisadi basqılar da vahid halda işləməlidir, hər iki istiqamət bir-birini tamamlayır. Bu tədbirlər nəticəsində Rusiya üçün müharibənin vaxtını uzadaraq davam etdirmək məntiqi artıq zəifləyəcək və real danışıqlara oturmaq zərurəti yaranacaq. Əks halda, Rusiya müharibəni maliyyələşdirmək imkanlarını saxladığı müddətcə Vladimir Putin bu müharibəni dayandırmaq istəməyəcək. Buna görə də həm hərbi, həm də iqtisadi təzyiqlər müharibənin dayandırılmasında həlledici rol oynayır. Hazırkı vəziyyətdə Rusiya çətin durumdadır. Zelenski düşünür ki, bu ilin sonlarına qış aylarına qədər, Rusiyanın iqtisadiyyatında və ordusunda vəziyyət öz nəticəsini göstərəcək’’.
N. Miri vurğulayıb ki, Ukrayna hər zaman sülh danışıqlarına hazır olduğunu bəyan edib, lakin mövqelər fərqlidir: ‘’Ukrayna dərhal atəşkəs tələb edir və yalnız döyüşlər dayandıqdan sonra danışıqları davam etdirməyi təklif edir. Rusiya isə döyüşlər dayandığı halda Ukraynanın mövqeyini gücləndirə biləcəyini düşünərək vaxt tələb edir və daha çox işğal olunmuş ərazilər qazanmağa çalışır. Bu ziddiyyətlərə baxmayaraq, real sülhün əsas şərti Rusiyanın həm hərbi, həm də iqtisadi imkanlarının ciddi şəkildə məhdudlaşdırılmasıdır. Bu istiqamətlərdə qərar verən qərb dünyası həm hərbi dəstək, həm maliyyə yardımını, həm də Rusiyaya qarşı iqtisadi məhdudlaşdırmaları qüvvətləndirməlidir. Bu, müharibənin dayanmasını reallaşdıra bilər’’.
Sevinc Yarməmmədova
10:11 24.10.2025
Oxunuş sayı: 2668