Təhsil "gəncləşir": gənc nəsil daha çevik, innovativ düşüncəlidir -AÇIQLAMA

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazananların orta yaşı 28-dir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bu ilki müsabiqə nəticəsində 4 500-ə yaxın müəllim işə qəbul edildiyini və əksəriyyətinin gənc nəsildən olduğunu qeyd edilib. Builki tədris ilindən həmçinin yeni modellərin işlənəcəyi də qeyd olunub.
Maraqlıdır burada hansı modellər nəzərdə tutulur?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, bu göstərici gənclər arasında müəllimlik peşəsinə olan marağın sübutudur: "Hər kəsə məlumdur ki, Elm və Təhsil Nazirliyi 2025–2026-cı tədris ili ilə bağlı “Yeniliklər və hədəflər” mövzusunda böyük tədbir keçirmişdir. Tədbirdə həm Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi, həm də Elm və Təhsil naziri Emin Əmrullayev çıxış etmişdir. Onların çıxışlarında yeni tədris ilinin əsas prioritet istiqamətləri, hədəflər və gözləntilər barədə məlumat verilmişdir.
Qarşıya qoyulan əsas məqsədlər aşağıdakılardır: təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması, yeni texnologiyaların və rəqəmsallaşmanın tətbiqi, şagird nailiyyətlərinin yaxşılaşdırılması, təhsil sistemində şəffaflıq və səmərəli idarəetmənin təmin olunması, həmçinin nəticəyönümlü yanaşmanın gücləndirilməsi.
Qeyd olundu ki, bu istiqamətlər əvvəlki tədris illərində də prioritet olmuşdur. Nazirliyin funksionallığını artırmaq və dövlət başçısının qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək məhz bu hədəflərə yönəlmişdir. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, şəffaflığın təmin olunması, peşəkar pedaqoji kadr potensialının artırılması, dünyada tətbiq olunan yeni təhsil modellərinin öyrənilməsi və ölkəmizdə həyata keçirilməsi əsas vəzifələr kimi müəyyən edilmişdir.
Təbii ki, bəzən ayrı-ayrı hədəflərə tam nail olunmasa da, Nazirlik bu istiqamətdə davamlı işlər aparır, mexanizmlər formalaşdırır və yeni modellər tətbiq edir. Çünki zaman çox sürətlə dəyişir, dünyada təhsil sahəsinə münasibət daha da önəm qazanır, yeni trendlər meydana gəlir. Azərbaycan təhsili isə bu proseslərdən kənarda qala bilməz.
Bunun üçün ölkəmiz beynəlxalq təcrübəni öyrənir, müasir modelləri mənimsəyir və eyni zamanda milli təhsil modelini formalaşdırır. Ölkə Prezidentinin Elm və Təhsil Nazirliyi qarşısında qoyduğu əsas tələblər də məhz bu hədəflərlə bağlıdır. Ötən illər ərzində mövcud imkanlar daxilində bir sıra mühüm nəticələr əldə edilmişdir.
Təhsilin rolu ölkənin güclənməsində, sağlam və milli dəyərlərə sadiq vətəndaşların formalaşdırılmasında, hərtərəfli inkişafın təmin olunmasında həlledici amil kimi qiymətləndirilir. Bu baxımdan ali siyasi rəhbərliyin gözləntiləri də təhsilin keyfiyyətinin artırılması və strateji hədəflərə çatmaqla bağlıdır.
Son illərdə diqqətçəkən məqamlardan biri də təhsildə gəncləşmədir. Belə ki, 4500 nəfərə yaxın yeni müəllim işə qəbul olunmuş, onların əksəriyyətini gənclər təşkil etmişdir. Orta yaş göstəricisinin 28 olması həm təhsil sahəsində yeniləşmənin, həm də sağlam rəqabət mühitinin formalaşmasının göstəricisidir".
Ekspert həmçinin gənclərin təhsilin inkişafında mühüm rol oynadıqlarını qeyd edib.
"Təcrübəli müəllimlərin rolu, şübhəsiz, danılmazdır. Lakin gənc nəsil daha çevik, innovativ düşüncəli, dünyadakı prosesləri dərindən qavraya bilən və onları tez mənimsəyən kadrlar kimi təhsilin inkişafında mühüm əhəmiyyət daşıyır.
Bütün bunlar son illərdə həyata keçirilən islahatların, eləcə də ölkə başçısının təhsilə verdiyi yüksək dəyərin nəticəsidir. Qarşıdakı illərdə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Azərbaycan dövləti və xalqı daha güclü təhsil sisteminə malik olmağa tam layiqdir və bu məqsəd uğrunda ardıcıl addımlar atılmaqdadır" - deyə o bildirib.
Elmir Heydərli
17:15 13.09.2025
Oxunuş sayı: 1210