"Yüksəliş" qalibi: Bu yarış çalışmaqla deyil, bacarıqla udulur -MÜSAHİBƏ

Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır. Bu illər ərzində "Yüksəliş" özünü həm şəffaflığı, həm də peşəkarlığı ilə təsdiq edib. Onun məzmununda təkcə müsabiqə deyil, həm də böyük bir inkişaf platforması mövcuddur.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Növbəti müsahibimiz Əli Kərimlidir.
- Əli bəy əvvəlcə özünüz haqqında məlumat verərdiz...
- Mən Əli Kərimli, 1995-ci ildə Bakıda anadan olmuşam. İlk təhsilimi Bakı şəhər 20 nömrəli məktəbdə almışam. Daha sonra 2012-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk lisseyini bitirmişəm. Məktəb illərində İnformatika üzrə Respublika Fənn olimpiadasının qalibi olmuşam. Dünya olimpiadasında iştirak etmişəm və qalib olmuşam. Daha sonra xaricdə təhsil proqramı əsasında İstanbul Texniki Universitetinin Mexanika fakültəsində oxumuşam və bitirmişəm. Oranı bitirdikdən sonra Azərbaycana dönmüşəm və peşə fəaliyyətinə başlamışam. Eyni zamanda ADA universitetinin Biznesin idarə olunmasını MBA üzrə magistr təhsili almışam. PMD Projects şirkətində mexanika mühəndisi olaraq uzun müddət çalışmışam. Aparıcı mexanika mühəndisi, baş mexanika mühəndisi, mexanika üzrə rəhbər və mühəndis kommunikasiyaları üzrə rəhbər vəzifələrində çalışıram. Yeddi ilə yaxın orada çalışdım. Sonra Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində çalışmağa başladım. Eyni zamanda magistratura təhsil pilləsini bitirdikdən sonra Azərbaycana Memarlıq və İnşaat Universitetində doktorantura oxumağa başladım. Sahə iqtisadiyyatı ixtisası üzrə davamlı enerjinin qiymətləndirilməsi üzrə dissertasiya işi yazmışam. Ailəliyəm, 2 övladım var.
- Necə oldu "Yüksəliş" müsabiqəsinə müraciət etmək qərarı aldınız?
- "Yüksəliş" müsabiqəsindən ilk vaxtından xəbərim var idi. Hətta birinciyə qoşulmuşdum. Sonra elə oldu ki, ikinci imtahana gedə bilmədim və qatılmadım. İkinci və üçüncüyə qatıla bilmədim. Dördüncüdə isə magistr qrup yoldaşımla qərar verdik ki, biz qatılaq və alınacaq. Bir yerdə qatıldıq və finala qədər bir yerdə keçdik. O, müsabiqənin dördüncüsünün qalibi oldu. Düşünürəm ki, "Yüksəliş" çalışmaqla, hazırlaşmaqla udulacaq bir müsabiqə deyil. Önəmli olan bacarıqdır. Burada həm ümumi biliklər lazım olur, həm də idarəetmə bacarığının olması mütləqdir. Bu da bir ilə yaranmır. Azı 3-5 ilə idarəetmə bacarıqları formalaşır. Dördüncü müsabiqədə 26-cı olduğum üçün məyus olmadım. Növbəti ildə qatıldım və uğurlu oldum.
- Konkret bacarıqlar deyəndə nəyi nəzərdə tutursunuz?
- Əsas mərhələlər yarıfinal və finaldır. Bu mərhələyə qədər, bəlkə, hazırlaşmaqla keçmək olar. Amma yarıfinal və finalda insanın qərar verməsi, kommunikasiyası, liderlik bacarığı, sərt qərarvericilik önəmlidir. Müəyyən idarəetmə bacarıqları olmayan insanın, tanımadığı səkkiz nəfəri idarə etməsi və düzgün yönləndirməsi çətindir.
- Dördüncü müsabiqədə iştirak etməyiniz, beşinci müsabiqədə iştirakınızda sizə nəsə qazandırdımı?
- Daha çox belə deyim ki, keyslərin şərtinə fokuslanmaq lazımdır. Burada da sənə strateji bacarıqların kömək olur. Dördüncü müsabiqə məndə idarəetmə sərtliyinin yaranmasına zəmin yaratdı.
- Beşinci müsabiqədə qalib olacağınızı gözləyirdinizmi?
- Əslində ümidim var idi. 50-nin 50-yə dəyərləndirirdim. Çünki dördüncü müsabiqədə cəmi 1 balla qalib ola bilmədim. Düşünürdüm ki, ən kiçik dəyişiklik belə məni qaliblər siyahısına yazmalı idi. Ona görə qalib olacağıma inanırdım. Hətta yarıdinaldan sonra daha çox inanırdım. Çünki yarımfinalda oynadığım bütün masalardan müsbət fikirlər alırdım. Bu özgüvənimi artırırdı.
- Hər bir uğurun arxasında çətin mərhələlər durur. Çətin mərhələləriniz oldumu?
- Təbii ki, ümumi yorğunluq var idi. Çətin mərhələ bu il yox, amma keçən il çox oldu. Çünki ən çox yorulan adam ikinci olan adamdı ki, qalib ola bilməyib. "Bunu belə etməyib, belə etsə idim, bəlkə də, qalib olardım" deyə düşündüyüm çox olub. Proses beş ay çəkir. İlk mərhələni keçməyən çox üzülmür. Çünki cəmi iki gün itirib. Amma bütün mərhələlərə qatılıb, ən sonuncu mərhələdən keçmədikdə vaxt itirmiş olursan. Çətin mərhələ ötən il idi.
- Çalışdığınız sahənin burada sizə uğur qazanmağınıza təsiri oldumu?
- Müəyyən rolu oldu. Amma deməzdim ki, əsas rolu oldu. Çünki mənlə iştirak edənlərin hərəsinin öz peşə sahəsi var idi. Onların öz sahələrindən mövzu düşəndə müəyyən avantajları olurdu. Mənim sahəm texniki olduğu üçün texniki mövzular gələndə avantajım olurdu. Amma bu avantaj hər kəsdə var idi. Məsələn sual hüquq haqqında düşəndə hüquqşünas daha avantajlı olurdu. Önəmli olan ideyalarını düzgün çatdırmaq və komanda yoldaşlarını düzgün dinləməkdir. Öz qərarın mühüm rol oynamır.
- Bəs DİM-in (Dövlət İmtahan Mərkəzi) suallarına münasibətiniz necədir?
- Bunlar açıq suallar idi. Burada insanın özünü ifadə etmə bacarığı önəmlidir. Tamam fərqli şeylər olur. Burada heç bir spesifik bilgin olmasa belə, qalib gələ bilərsən.
- Bəs, sizcə, növbəti nəsil niyə bu müsabiqəyə qatılmalıdır?
- Keçən il qatılmağıma peşman olmadım. Çünki yeni yoldaşlar, dostlar qazandım. Finala, yarıfinala qədər gələnlərin heç biri savadsız insanlar deyil. Hər birinin müəyyən bir savad dərəcəsi var və bir çoxu savad səviyyələri sayəsində hazırda yuxarı vəzifələrdə çalışırlar. Onları tanımağın gələcəkdə həyatımda faydalı olacaq deyə düşünürəm. Bu, ən böyük avantajdır.
- Altıncı müsabiqədən gözləntiləriniz nələrdir?
- Düşünürəm ki, əvvəlki müsabiqələrə qatılıb uduzanlar bundan dərs çıxarmalıdır. Eyni zamanda yeni qatılan hər kəsə uğurlar arzulayıram. İllər ərzində müsabiqəyə yeni qan gəlməlidir və yenidən keçirilməlidir. Bu mənim düşüncəmdir. Eyni adamların təkrar təkrar iştirakı keyfiyyəti və marağı aşağı sala bilər.
- Sonda nə söyləmək istərdiniz?
Sonda demək istəyirəm ki, belə bir fikir var ki, daha çox xaricdə oxuyanlar qalib olur. Belə deyil. Onlara üstünlük verilmir, sadəcə onların özlərini ifadə etmələri daha düzgün olur. Universitet özü bunu sənə təşviq edir. Müəyyən natiqlik bacarıqlarını inkişaf etdirməlisən. Bu o demək deyil ki, xaricdə oxuyanlar qazanır, 50-nin 50-yədir. Xarici ölkələrdə oxuyan tələbələrdə daha çox yumşaq bacarıqlar formalaşır. Araşdırma aparılmalıdır ki, yerli universitetlərdə niyə bu bacarıqlar formalaşdırılmır. Magistr pilləsi oxuyanlardan Azərbaycanda hazırda ən çox qalib olanlardan biri də ADA universitetinin məzunlarıdır. Çünki ADA universiteti bu bacarıqları formalaşdırır. Yəni əsas yumşaq bacarıqların formalaşmasıdır. Ümumi faizə baxsaq 20 faiz xarici universitetlərin məzunları, 80 faiz yerli universitetlərin məzunlarıdır. Qaliblər isə 50%-in 50-yədir. Xarici universitetlərin məzunları daha çox yumşaq bacarıqlara sahib olurlar.
Niyaz Hacıyev,
Aytac Kərimova
15:17 08.09.2025
Oxunuş sayı: 1637
