Hippokrat andı hara, pasiyentin görünlərini yaymaq hara?!- İxtisası həkimlik olmayan həkimlər

Son günlər sosial şəbəkələrdə narkoz altında olan bir qadının şəxsi görüntülərinin yayılması geniş müzakirələrə səbəb olub. İctimaiyyət bu halları səhiyyə sistemindəki ciddi çatışmazlıqlar kimi qiymətləndirir və belə neqativ hadisələrin qarşısının alınması üçün müvafiq qurumların tədbir görməsini tələb edir.
Məsələ burasındadır ki, pasiyent həkimlərə inanaraq onlara müraciət edib. Tibb işçiləri isə onun inamından sui- istifadə edib.
Təəssüf ki, bu kimi hallar əvvəllər də təkrarlanıb.
Bəzi səhiyyə işçiləri öz vəzifələrini, peşələrini unudub sanki "tiktoker"liyə başlayıblar. Bağışlayın, amma əməliyyat masası bunun üçün, Hippokrat and içənlər.
Əslində bu, həm də səhiyyə sahəsində görülən işlərə, həyata keçirilən islahatlara xələl gətirməkdir. Belə ki, səhiyyə bir çox digər sahə kimi dövlətin daim diqqətindədir. Dövlətin bu sahədə atdığı addımlar da göz qabağındadır. Amma yuxarıda qeyd olunanların timsalında nöqsanlar da az deyil.
Sosial şəbəkələrdə yayılan görüntülər Crossmedia.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı səhiyyə sistemindəki ciddi boşluqları və özəl tibb müəssisələrinin nəzarətsizliyi diqqətə çatdırıb: "Ümumiyyətlə, səhiyyə sistemində belə biabırçı halların olması birinci dəfə deyil. Təəssüflə qeyd etməliyik ki, Səhiyyə Nazirliyi və ya digər aidiyyatı qurumlar bu barədə heç bir tədbir görmürlər. İnsanların şəxsi həyatı və görüntüləri sosial mediada yayılır. Hətta sonradan məlum olur ki, həmin şəxs fəaliyyət göstərərkən həkim olmayıb. Biri saç ustası, digəri isə dırnaq ustası çıxır. Bu, səhiyyə sistemindəki bərbad vəziyyəti və özəl tibb müəssisələrinin nəzarətsiz qalmasını göstərir".
Sədr bildirib ki, səhiyyə sistemindəki bu qanunsuzluqlar və şəxsi görüntülərin icazəsiz yayılması həm məsuliyyətsizlik, həm də cinayət tərkibi daşıyan ciddi problemləri ortaya qoyur: "Düzdür, mənə inandırıcı gəlmir ki, bu özəl tibbi müəssisəsində işləyənlərin heç birinin ixtisası həkimlik olmasın. Yəqin ki, səhiyyə sistemi daxilində bir şəbəkə var ki, bu şəxslərə şərait yaradır və belə davranışa imkan verir. Görüntülərin yayılması isə artıq şəxsi məlumatların nəzarətsiz şəkildə paylaşılmasıdır. Bu, cinayət tərkibi daşıyır. Müvafiq formada cinayət işi açılmalıdır. Çünki insanların şəxsi görüntülərinin onların xəbəri olmadan yayılması birbaşa cinayət tərkibi təşkil edir".
T.Abbaslı ixtisası olmayan şəxslərin sağlamlığa zərər verən fəaliyyəti, həm də insanların şəxsi görüntülərinin icazəsiz paylaşılması ilə bağlı cinayət işlərinin açılmasının vacibliyini vurğulayıb: "Bu məsələyə görə ən azı iki-üç istiqamətdə cinayət işi açılmalıdır. Birincisi, həkim və ya ixtisası olmayan şəxslərin insanların sağlamlığına zərər verən fəaliyyəti ilə bağlıdır. İkincisi, insanların şəxsi həyatının və görüntülərinin sosial şəbəkələrdə icazəsiz paylaşılması ilə bağlı cinayət işidir. Bu addımlar atılmadan, belə halların qarşısını almaq mümkün olmayacaq. Səhiyyə Nazirliyinin müdaxiləsi olmadan özəl tibb müəssisələri vətəndaşların sağlamlığını təhlükəyə ataraq nəzarətsiz fəaliyyət göstərə bilir. Səhiyyə Nazirliyi deyir ki, bu onların işinə daxil deyil və yoxlamalı deyillər. Anlamıram, məsələn, restoran və ya kafe açanda qida təhlükəsizliyinə nəzarət edilir, baytarlıqla bağlı fəaliyyət göstəriləndə baytarlıq idarəsi yoxlayır. Bəs bu özəl tibb müəssisələri necə Səhiyyə Nazirliyinin və ya tibbdən kənar qurumların nəzarətindən kənarda qala bilər?"
Sədr bu məsələlərin ciddi nizama salınmalı olduğunu deyib: "Bu məsələlər artıq ciddi nizama salınmalıdır. Dövlət vətəndaşlarının sağlamlığının qorunmasına cavabdehdir və təsadüfi insanların ümidinə buraxıla bilməz".
Fatimə Nəbiyeva
11:46 22.08.2025
Oxunuş sayı: 1279