Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib

Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov 2025/2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq tələbələrlə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ADNSU məlumat yayıb.
Məlumata görə öncə tələbələri təbrik
edən rektor Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması və savadlı
mütəxəssis kimi formalaşması üçün yaradılan imkanlardan bəhs edib. O, xaricdə
dövlət proqramı ilə təhsil almanın üstünlükləri ilə yanaşı, bunun böyük məsuliyyət
və şərəf olduğunu vurğulayıb.
Rektor gənclərə milli təəssübkeşliyi və vətənə bağlılığı
qorumağı, Azərbaycanı xaricdə layiqincə təmsil etməyi tövsiyə edib. O, həmçinin
tələbələrə yeni ideyalar öyrənməyi, biliklərini artırmağı və vətənə dönərək bu
bilikləri tətbiq etməyi məsləhət görüb.
Görüşdə iştirak edən ADNSU-nun prorektorları - Tədris məsələləri
üzrə prorektor, dosent Rza Məmmədov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov
və Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov da çıxış edərək gəncləri
təbrik edib, onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, proqram çərçivəsində magistratura təhsil səviyyəsində
uğur qazanan 356 nəfərdən 60-ı ADNSU və universitetin nəzdində fəaliyyət göstərən
Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunlarıdır. ADNSU tələbələri Böyük
Britaniyanın Oksford Universiteti, London İmperial Kolleci, Vorvik
Universiteti, London Kral Kolleci, ABŞ-ın Kolumbiya Universiteti, Cons Hopkins
Universiteti, İsveçrənin ETH Sürix Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində
təhsil alacaqlar.
20:20 13.08.2025
Oxunuş sayı: 621