Çikungunya virusu: Yeni virusun köhnə təhlükəsi - Koronalı günlərə qayıdırıq?

Son zamanlar Çində geniş yayılmış Çikungunya virusu cəmiyyətdə ciddi narahatlıq yaratmaqdadır. Virus artıq tibbi ictimaiyyətə yaxşı tanış olan və bir neçə dəfə epidemik ocaqlara səbəb olmuş infeksiyadır. Bu virus arboviruslar qrupuna daxildir və ötürülməsi əsasən ağcaqanadlar vasitəsilə baş verir. COVİD-19 virusu hələ tam başa çatmayan bir zamanda yeni virusun təhlükə yaratması ciddi təhlükə doğuracaq.
Yeni üzə çıxan və sürətlə yayılan virus bəşəriyyət üçün nə vəd edir? Koronaviruslü günlərə geri qayıda bilərikmi?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla virusun uzun müddət davam etməsi fonunda orqanizmdə ciddi fəsadlara yol açdığını bildirib: "Ümumilikdə virusun insan orqanizmində törətdiyi dəyişikliklər əsasən intoksikasiya əlamətləri ilə müşahidə olunur. Klinik mənzərə qripə bənzər simptomlarla başlayır. Xəstələrdə bu lamətlər müşahidə edilir: oynaq və əzələ ağrıları, baş ağrısı, bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və halsızlıq, boğazda quruluq və qıcıqlanma, dildə quruluq. Oynaq ağrıları bir müddət davam edə və bəzən daha uzun müddətli fəsadlara da yol aça bilər. Xəstəliyin inkubasiya (gizli) dövrü adətən 5-7 gün davam edir. Bu müddətdən sonra klinik əlamətlər ortaya çıxır və xəstəliyin aktiv mərhələsi bir həftə ərzində davam edə bilər”.
Professor COVİD-19 virusunun hələ də davam etdiyini və yeni virusla toqquşmasının ciddi fəlakətlərə yol açdığını qeyd edib: "COVID-19 pandemiyasının hələ də tam başa çatmadığını nəzərə alsaq, belə bir virusun yeni dalğa şəklində yayılması cəmiyyət üçün əlavə bir təhlükə yarada bilər. Pandemiyanın rəsmi sonu elan edilsə də, epidemik ocaqlar və omikron ştamının mutasiyaya uğramış variantları hələ də dövriyyədədir. Bu səbəbdən çikungunya virusunun yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Unutmayaq ki, biz qloballaşmış dünyanın bir hissəsiyik və yoluxucu xəstəliklərin sərhəd tanımadığını nəzərə alaraq, bu virusun Azərbaycana daxil olması real və mümkündür. Bu səbəbdən həm səhiyyə orqanları, həm də cəmiyyət məsələni ciddi nəzarətdə saxlamalıdır, maarifləndirmə tədbirləri gücləndirilməlidir”.
Elmir Heydərli
15:15 07.08.2025
Oxunuş sayı: 1077