"İsrailin istəyi sülh yox, HƏMAS-ı məhv etməkdir" – Politoloqdan sərt AÇIQLAMA

Yaxın Şərqdə onilliklərdir davam edən və minlərlə insanın həyatına son qoyan İsrail-Fələstin münaqişəsi beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır.
Bu torpaqlarda zaman yalnız təqvimlə deyil, dağılan evlərin, fasiləsiz həyəcan siqnallarının və erkən yaşda həyatını itirən körpələrin məzar daşları ilə ölçülür.
Münaqişənin həlli üçün illər ərzində müxtəlif siyasi qərarlar, diplomatik təşəbbüslər və beynəlxalq vasitəçilik cəhdləri irəli sürülsə də, qarşıdurmanın mahiyyəti dərin, tərəflərin mövqeləri isə bir-birindən kəskin şəkildə fərqlidir.
İsrail-Fələstin problemi yalnız iki xalqın taleyini deyil, bütövlükdə regionun sabitliyini təhdid edir.
2023-cü il 7 oktyabrda Fələstində fəaliyyət göstərən HƏMAS hərəkatının İsrailə qarşı başlatdığı hücum, bu gün şahidi olduğumuz acı və dramatik reallığın təməlini qoydu.
Tərəflər arasında atəşkəsin təmin olunması məqsədilə bir çox ölkə və beynəlxalq təşkilatlar müxtəlif diplomatik təşəbbüslərlə çıxış edib. Lakin bu səylər əsasən məhdud nəticələrlə yekunlaşıb.
Hazırda gündəmdə olan əsas təşəbbüslərdən biri ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən irəli sürülmüş 60 günlük atəşkəs planıdır.
İsrail tərəfi sözügedən planı dəstəklədiyini açıqlasa da, HƏMAS onu birmənalı qarşılamayıb. Hərəkat yalnız 10 girovun azad edilməsi və 18 nəfərin cəsədinin təhvil verilməsi şərti ilə razılıq verdiyini bəyan edib.
Vitkoff isə bu şərtləri qəbuledilməz sayaraq, HƏMAS-ı dolayı danışıqlara zəmin yaratmaq məqsədilə irəli sürülən çərçivə planını qəbul etməyə çağırıb.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, HƏMAS Vitkoffun irəli sürdüyü 60 günlük atəşkəs planına ehtiyatla yanaşır.
Onun sözlərinə görə, bu münasibətin əsas səbəbi hərəkatın İsrailə qarşı dərin inamsızlığıdır:
"HƏMAS hesab edir ki, bu plan əslində İsrail tərəfindən hazırlanıb və ABŞ sadəcə onu təqdim edən vasitəçidir.
Hərəkat iddia edir ki, planın hazırlanması prosesində onların mövqeyi və təklifləri nəzərə alınmayıb. Məhz buna görə də HƏMAS Vitkoffa öz düzəliş və əlavələrini təqdim edib. Lakin ABŞ nümayəndəsi bu təklifləri qəbuledilməz sayıb", – deyə politoloq bildirib.
Ə.İbrahimovun sözlərinə görə, HƏMAS atəşkəsin əldə olunması üçün konkret şərtlər irəli sürüb. Onlar İsrailin atəşkəsə riayət edəcəyinə dair beynəlxalq zəmanət, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və humanitar yardımın fasiləsiz çatdırılmasını tələb edir:
"İsrail tərəfi isə bu şərtləri qəbul etməyə hazır deyil və atəşkəsin baş tutmamasına görə məsuliyyəti HƏMAS-ın üzərinə yıxır", – deyə politoloq qeyd edib.
Onun fikrincə, HƏMAS-ın irəli sürdüyü yeni şərtlər Vitkoffun planının qəbul olunmaması ilə nəticələnə bilər ki, bu da münaqişənin davam etməsinə zəmin yaradır:
"Əslində, planın HƏMAS tərəfindən rədd edilməsi İsrail üçün arzuolunan ssenaridir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət HƏMAS-ı tamamilə zərərsizləşdirilənədək hərbi əməliyyatları davam etdirməkdə maraqlıdır", – deyə Ə. İbrahimov əlavə edib.
Aybəniz Səfərova
17:48 02.06.2025
Oxunuş sayı: 4914